“Coca-Cola Məktəbli Kuboku”nun final mərhələsinə start verilib SƏS TV

AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən final mərhələsində 16 komanda iştirak edir. Onlardan 2-si Bakı, digərləri isə region məktəblərinin komandalarıdır.

İlk oyunda Şərur rayonunun Yengicə kənd orta məktəbinin komandası ilə Binəqədi rayonunun 126 saylı məktəbinin komandaları mübarizəyə başlayıblar. Qarşılaşmadan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev futbolçularla görüşüb, onlara uğurlar arzulayıblar.

AFFA-nın baş katibi E.Məmmədov jurnalistlərə açıqlama verərək bildirib ki, artıq 5 ildir “Coca Cola” şirkəti və Təhsil Nazirliyi ilə birgə AFFA bu kütləvi idman turnirini təşkil edir: “İlk illərdə iştirakçı sayı az olsa da, son 3 ildə Azərbaycanda ölkədaxili ən kütləvi turnir məhz “Coca-Cola Məktəbli Kuboku”dur. Məktəb şagirdlərinin iştirak etdiyi turnir oktyabr ayından başlayıb. Yarış bütün bölgələri əhatə edir. Artıq bu həftə final mərhələsi bitəcək və həlledici oyun təşkil ediləcək. Bu layihədə 1600-ə yaxın məktəb, 200 mindən çox şagird iştirak edib”.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri E.Fərzəliyev isə qeyd edib ki, “Coca-Cola Məktəbli Kuboku” uşaqların inkişafında, idmana və fiziki fəallığa cəlb olunmasında böyük rol oynayır: “Çox şadıq ki, bu tərəfdaşlıq nəticəsində Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edən ən böyük məktəbli futbol kubokunu birlikdə təşkil edirik. Bu həftə yarışın final mərhələsi keçirilir. Tərəfdaşlarımza təşəkkür edirəm və iştirakçı gənc futbolçulara uğurlar arzulayıram”.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri V. Məmmədov vurğulayıb ki, sözügedən yarış artıq ənənə halını alıb: “Coca-Cola Məktəbli Kuboku” Azərbaycanda futbol idman növü üzrə ən kütləvi yarışdır. Bu turnir peşəkar futbolçuların yetişdirilməsi, futbol idman növünün şagirdlər arasında daha geniş yayılması, məktəblər arasında sağlam rəqabət üçün çox faydalı və maraqlı yarışdır. Hər il olduğu kimi, turnirə Azərbaycanın bütün region məktəblərinin komandaları cəlb olunub. Məktəbli futbolçulara müvəffəqiyyətlər arzulayıram”.

Qeyd edək ki, turnirin final oyunu mayın 24-də ABU Arenada keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə