Toğrul Əsgərov: “Kənardan yarışlara həsrətlə baxırdım” - MÜSAHİBƏ

Güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərovun SİA-ya müsahibəsi:

- Toğrul, artıq may ayından yenidən yarışlarda iştirak edəcəksiniz…

- Bəli, 15 gün öncə Ümumdünya Antidopinq Agentliyindən rəsmi icazə məktubu gəldi ki, məşqlərə başlaya bilərəm. Dopinqə görə cəza müddəti bitmək üzrədir. Artıq yığma komanda ilə hazırlıqlara qatılıram. Buna görə çox sevinirəm. Nəticə göstərmək üçün həddindən artıq “acmışam”. 2020-ci ildə Tokiyo Yay Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Qismət olarsa, bu, 3-cü olimpiadam olacaq. İdman üçün çox darıxmışam. Bu müddətdə kənardan yarışlara həsrətlə baxırdım. Bir il yarımdır xalça üzərinə çıxa bilmirəm. IV İslam Həmrəyliyi Oyunları və dünya çempionatında iştirak edə bilmədim. Bunlar mənim üçün böyük itkidir. İstəyirəm ki, yenidən böyük qələbələr qazanım, xalqımızı, cənab Prezidentimizi sevindirim.

- Cəza müddətində hazırlıqlarınızı davam etdirirdiniz?

- Şəxsi məşqçimlə hazırlıqlar keçirdim. Formam yaxşıdır. Bu müddətdə Ümumdünya Antidopinq Agentliyi, Azərbaycan Milli Antidopinq Agentliyi və yığma komandanın məşqçilərinin nəzarətində olmuşam. Komanda yoldaşlarım və məşqçilərimlə də danışmışıq, tədbirlərdə, əlavə başqa yerlərdə görüşmüşük. Onlar mənə dəstək olublar. Biz bir ailəyik. Öncə özümü yoxlamaq üçün 2-3 beynəlxalq turnirdə iştirak edəcəyəm. Sonra sentyabrda dünya çempionatına qatılmağı düşünürəm. Ancaq qeyd edim ki, idmançı nə qədər məşq etsə də, yarışlarda iştirak etməsə, irəli getmək çətindir. Ona görə mütləq yarışlara qatılmalıyam.

- Zədələriniz sağalıb?

- Peşəkar idmanda zədə çox olur. Zədəni bəhanə edib idmandan kənarlaşmaq olmaz. Tək mən yox, bütün dünyada peşəkar idmanda zədələr olur. Hazırda hər şey yaxşıdır, normaldır. Nəticə göstəmək üçün böyük istək də var.

- Mediada haqqınızda tənqid yazılması sizə necə təsir edir?

- Kimsə çatışmazlığı görürsə, düzgün tənqid edirsə, bu haqda heç vaxt heç nə demərəm. Ancaq kimsə reytinq xatirinə olmayan şeyləri və ya özündən əlavələr yazırsa, bu, yaxşı hal deyil. Belə hallar idmançının özündə də problem yaradır. Psixoloji gərginlik olur. Ən böyük gərginlik isə ailədə olur. Mənim haqqımda nə isə düzgün olmayan bir hal yazılanda valideynim özünə yer tapa bilmir. Başa salsam da, onun da öz çevrəsi var. Anam müəllimədir. Kolleqaları var. Orada hərə bir söz deyir, ona da təsir edir. Hansı ki, belə bir şey yoxdur. Ancaq düzgün tənqidə heç bir söz deyə bilmərəm. Tənqid bütün dünyada var.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə