Universiadada yüksək nəticələr göstərən idmançı və məşqçilər mükafatlandırılıblar

Azərbaycanın idmançıları və onların məşqçiləri Çinin Taypey şəhərində keçirilmiş XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərdikləri üçün təyin olunan mükafatlarını alıblar. SİA-nın məlumatına görə, bununla bağlı Gənclər və İdman Nazirliyində tədbir keçirilib.

Nazir Azad A.Rəhimov cüdo, taekvondo və atletika yığmaları üzvlərinin çıxışlarını yüksək qiymətləndirib: “Əvvələr bir o qədər çox medal qazanmırdıq. Lakin ildən-ilə nəticələrimiz yüksəlib. Rusiyanın Kazan şəhərində təşkil olunmuş əvvəlki Universiadada 118 nəfərlik heyətlə çıxış etmişdik və medalların sayı çox idi. Hər bir uğurumuzu yüksək qiymətləndiririk. Bu dəfə əldə olunan 3 qızıl, 1 gümüş və 4 bürünc medal yüksək nailiyyətdir. Unversiada gənclərin turniridir. Bu da xüsusi önəm daşıyır. Qarşıda həm ölkə xaricində, həm də Azərbaycanda beynəlxalq yarışlar olacaq. Həmin turnirlərdə də yüksək nəticələr əldə edəcəyimizə əminəm".

Nazir Prezident İlham Əliyevin sentyabrın 8-də Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycanının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı imzaladığı Sərəncamdan da söz açıb: “Hər dəfə beynəlxalq yarışlarda uğur qazanan idmançı və məşqçilər dövlət başçısı tərəfindən mükafatlandırılırlar. Bu dəfə də unverisada üçün mükafat ayrılıb”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə Universiadada medal qazanan idmançıların çoxunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etdiyini xatırladıb. O, Taypeydə uğur qazananların Tokio-2020-də yüksək nəticələr göstərəcəklərinə inandığını vurğulayıb.

Daha sonra A.Rəhimov və Ç.Hüseynzadə mükafatları idmançılara və onların məşqçilərinə təqdim ediblər. Mükafat alan şəxslərin siyahısını təqdim edirik:

Bürünc medallar

Firudin Dadaşov - cüdo

Radik İsayev - taekvondo

Məhəmməd Məmmədov - taekvondo

Səid Quliyev - taekvondo

Gümüş medal

Ayxan Tağızadə - taekvondo

Qızıl medallar

Nazim Babayev - atletika

Milad Beigi Harçeqani – taekvondo

Zelim Kotsoyev - cüdo

Şəxsi məşqçilər

Elnur Amanov - taekvondo

Səbuhi Zülfüqarov - taekvondo

Sənan Həşimov - taekvondo

Rəşad Əhmədov - taekvondo

Ziyad Xəlifəyev- atletika

Etibar Bağırov - cüdo

Baş məşqçilər

Rza Mehmandost - taekvondo

Məhərrəm Sultanzadə - atletika

Azər Şıxəliyev - cüdo

Qeyd edək ki, Universiadada birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat təqdim olunub. İkinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat məbləğində mükafat verilib. Üçüncü yeri tutan hər bir idmançı 20 min manat, onun məşqçisi isə 10 min manat məbləğində mükafatla təltif edilib. Həmçinin, komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat nəzərdə tutulub.

loading...