Ağdamın “Qarabağ” klubu ilə Danimarkanın Kopenhagen klubu arasındakı mübarizədə Azərbaycan təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə bitən oyundan sonra bütün dünyanın gözü məhz Azərbaycanda oldu. Oyundan sonra danimarkalıların baş məşqçisi Stole Solbakken mətbuat konfransında “Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa favoritdir. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər”, - deyə açıqlama verdi. Karyerası ərzində dəfələrlə Çempionlar Liqasında çıxış edən bir klubun baş məşqçisinin belə bir açıqlama verməsi əlbəttə, qürurvericidir. Stole Solbakkenin bu çıxışında bir çox məqamlar gizlənir.

Məsələ orasındadır ki, 90 dəqiqə ərzində iki klub arasında gözlə görülən fərq müşahidə olunurdu. Bir tərəfdə 90 dəqiqə ərzində ancaq hücum edən komanda, digər tərəfdə aciz duruma düşən və daha çox müdafiəyə üstünlük verən komanda.

Bir tərəfdə ilk təcrübəsi ilə meydana çıxmış, lakin sakit, təmkinli və özündən əmin Qurban Qurbanov, digər tərəfdə təcrübəli, yerində dura bilməyən, ümidsiz, çarəsiz qalmış Stole Solbakken.
Təbii ki, nəticə “Qarabağ”ın üstünlüyü ilə bitməli idi. Klublar arasında başqa bir fərqlilik də klublar arasında qiymət məsələsi idi. Belə ki:
“Qarabağ”ın ümumi dəyəri – 12,28 milyon avro
“Kopenhagen”in ümumi dəyəri - 28,35 milyon avro

Göründüyü kimi ən azı 2 qat fərq var. Lakin bu fərq meydançada “Kopenhagen”ə kömək ola bilmədi.
Maraqlı məqamlardan biri də 90 dəqiqə ərzində “Qarabağ”ın oyunçu dəyişikliyi etməməsi oldu. “İdman Azərbaycan” kanalından əlavə Türkiyə kanalından yayımlanan matçın spikeri 90-ci dəqiqədə dediyi sözlər isə hər bir “Qarabağ” azarkeşinin qəlbini oxşar tərzdə idi: “Biz bu oyunda “Kopenhagen”i görmədik. Əvəzində isə minlərlə qaçqının duasını alan “Qarabağ” klubu və Qurban Qurbanovu gördük. Təbriklər “Qarabağ””.

Bəxtiyar Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə