İsti iş otağını soyuq səngərlərə dəyişən şəhid qəhrəman

"Torpaq uğrunda ölən varsa vətəndir". Bu deviz ulu əcdadlarımızın bizlərə miras qoyduğu, milli kimliyimizi tarixin səhifələrində əks etdirən, bizi daima bir millət kimi var edən bir sərvət olmuşdur. Tarix boyu bir çox mənfur düşmənlərin qəsbkar yürüyüşlərinə məruz qalmış vətənimiz qəhrəman soydaşlarımızın misilsiz qəhrəmanlıqları ilə var olmuş və bundan sonra da var olacaqdır. Təsadüfi deyil ki, XX əsrin 90-cı illərində mənfur qonşularımız ermənilər öz havadarları hesabına torpaqlarımızın 20%-ni işğal etmiş, dinc əli yalın vətəndaşlarımıza qarşı öz çirkin xislətlərini həyata keçirərək misli görülməmiş vəhşiliklər, soyqırımlar törətmişlər. Bunlara Ağdaban faciəsi, Xocalı soyqırımı kimi neçə-neçə nümunələr göstərmək mümkündür.

Son 30 ilə yaxın müddət ərzində BMT-in Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən qətnamələri Ermənistan tərəfindən nəinki icra olunmuş, hətta quduz düşmən ötən illər ərzində yeni-yeni təxribatlar törətməklə müharibə cinayətlərinə davam etmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfinin təxribatlarına son qoymaq və işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Ilham Əliyevin başçılıği altında Vətən müharibəsinə başlanmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuş, düşmən acizcəsinə 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Anım günü çərçivəsində yad edilən qəhrəmanlardan biri də ən ali məqam olan şəhidlik zirvəsinə ucalmış həmkarımız I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovdur. Xalqımızın yaddaşında “isti iş otağını soyuq səngərlərə dəyişən” qəhrəman kimi qalan Ruhin Xəlilov Allahın ona bəxş etdiyi qısa ömrünü şərəfli yaşamış, ədliyyə qulluqçusu adını daima uca tutmuşdur. Ruhin Xəlilovun həyat yolu və 44 günlük Vətən müharibəsində göstərmiş olduğu şücaətin gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə edilməsində əsl örnək olacağı heç şübhəsizdir. Ruhin Xəlilovun əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır.

İstər Vətən müharibəsi, istərsə də müharibədən sonrakı dövr ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan dövlətinin haqq mübarizəsini, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərini dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün səmərəli fəaliyyət göstərmiş, ordumuz və Ali baş komandanımızla həmrəylik nümayiş etdirmişdir. Ədliyyə orqanları öz fəaliyyətində hər zaman şəhid ailələrinə, müharibə veteranlarına və onların ailə üzvlərinə qayğıyla yanaşmaqla, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etmiş və bundan sonra da edəcəkdir. Allahdan bütün şəhidlərimizə rəhmət, sağlamlıqlarını itirmiş qazilərimizə şəfa və can sağlığı diləyirik.

Yaşasın Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!

İlkin Rüstəmov,

Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin rəisi ədliyyə müşaviri

Bütün xəbərlər Facebook səhifəmizdə