İnzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində məlumatlar 24 saat müddətində elektron informasiya sisteminə daxil ediləcək. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, informasiya sisteminə aşağıdakı məlumatlar əlavə ediləcək:
- inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);
- inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
- inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi;
- inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər;
- inzibati xəta haqqında işin baxılması tarixi və yeri;
- inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
- inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi;
- tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
- tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat;
- inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.
Bütün xəbərlər Facebook səhifəmizdə