"Hazırda əfv gözləyən xeyli sayda ömürlük məhkum mövcuddur" - ŞƏRH EDİLDİ

"Əfv anlayışının müəyyən tarixlərlə əlaqələndirilməsi və həmin tarixlərdə əfv tədbirlərinin həyata keçirilməsi beynəlxalq səviyyədə qəbul olunmuş bir təcrübədir. Bu cür tarixlər humanist və mərhəmət günü kimi qeyd olunur və simvolik məna daşıyır. Belə günlər təsadüfi şəkildə seçilmir, əksinə, tarixi hadisələrin və ya şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə müəyyən olunur. Tarixi aspektdən baxdıqda, müxtəlif dövlətlər illər öncə – məsələn, 10, 15 və ya 20 il əvvəl – belə mərhəmət günlərini müəyyənləşdirərək həmin günlərdə əfv qərarları qəbul etmişlər". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Əfv Komissiyasının fəaliyyətinin yekunlaşmaq üzrə olduğu, müvafiq dövlət orqanlarının isə bu istiqamətdə iş apardığı bildirilir: "Cəmiyyətin müxtəlif təbəqələrinə mənsub şəxslər tərəfindən gözləntilər mövcuddur ki, yaxın zamanda əfv sərəncamı imzalanacaq və bu qərar bir çox insanın taleyinə müsbət təsir göstərəcəkdir. Biz də, eyni zamanda ömürlük məhkumların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar da bu məsələdə fəal mövqe sərgiləyirik. Hazırda əfv gözləyən xeyli sayda ömürlük məhkum mövcuddur ki, onların bəziləri 25 ildən, hətta 30 ildən artıqdır cəzaçəkmə müəssisələrində saxlanılır. Bu kateqoriyadan olan məhkumların vəziyyəti ilə bağlı biz dəfələrlə Prezident Administrasiyasına müraciətlər ünvanlamışıq. Son aylarda göndərilmiş müraciətlərdə onların sağlamlıq durumu, ailə vəziyyəti və cəza çəkdikləri dövrün uzunluğu xüsusi olaraq vurğulanıb".

Siyasətçi bildirib ki, 25–30 il müddətində azadlıqdan məhrum edilmiş şəxslər artıq həm fiziki, həm də psixoloji baxımdan ciddi zəifliklər yaşayırlar. Onların əksəriyyəti müxtəlif xəstəliklərdən əziyyət çəkir, yaşlanmış və zəifləmiş vəziyyətdədirlər. Bu amillər humanitar baxımdan onların əfv olunması məsələsini daha da aktuallaşdırır.

Bununla yanaşı, digər məhkum kateqoriyalarına aid şəxslər də var ki, onların da əfv olunması cəmiyyət tərəfindən gözlənilir. Təbii ki, Əfv Komissiyası mövcud müraciətləri araşdırıb, müvafiq qiymətləndirmələr aparıb və yekun qərar Prezidentin iradəsindən asılı olacaqdır. Hər bir halda, əfvə dair qərar ölkə rəhbərliyinin humanist siyasətinin tərkib hissəsi kimi formalaşır.

Qeyd edilməlidir ki, bu proseslər cəmiyyət tərəfindən diqqətlə izlənilir. Eyni zamanda, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da azadlıqdan məhrumetmə tədbirlərinin, o cümlədən ömürlük cəza çəkmə hallarının humanist və ədalətli şəkildə tənzimlənməsinə xüsusi önəm verirlər. Bu prosesə humanitar və humanist bir addım kimi yanaşılır. Hansı ölkədə əfv fərmanları mütəmadi surətdə verilir və tətbiq olunursa, həmin ölkənin siyasi kursu beynəlxalq müstəvidə müsbət qiymətləndirilir. Azərbaycanda da indiyədək kifayət qədər əfv fərmanları imzalanmış, amnistiya aktları qəbul edilmişdir. Bu da regional və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın siyasətinə müsbət münasibətin formalaşmasına səbəb olmuşdur. Bu baxımdan, növbəti əfv fərmanının da Azərbaycan cəmiyyətinin, vətəndaşların və ümumilikdə humanist dəyərlərə önəm verən insanların gözləntilərinə uyğun olacağına inanılır"- deyə o qeyd edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə