"Əsas prioritet istiqamət yaşıl iqtisadiyyatdır" - Orxan Məmmədov

"Biznesin qeydiyyatı, tənzimləyici çərçivələr, maliyyələşdirmə və investisiya imkanları bu təlimat kitabçasında əsas mövzulardan biridir. Lakin onun tam potensialına çatması üçün CRICA-ya üzv bütün ölkələrin töhfə və təcrübələri ilə daha da zənginləşdirilməsi zəruridir. Üzv ölkələrin təcrübələri, uğurlu nümunələri və tövsiyələri bu vəsaiti regiondakı sahibkarlar və ümumilikdə sahibkarlıq fəaliyyəti üçün daha əhatəli və faydalı bir resursa çevirəcəkdir". SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, CICA Biznes Şurasının sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, yerli məlumatların, tənzimləyici yeniliklərin və uğurlu praktikaların paylaşılması ilə biz bu vəsaiti birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin biznes mühitində effektiv şəkildə fəaliyyət göstərməsinə yardım edən əsas resursa çevrilə bilərik: "Eyni zamanda, bu günkü sessiya bizim üçün diqqət mərkəzində saxladığımız əsas sahələri vurğulamaq və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin uğurlu təcrübələrini paylaşmaq üçün mühüm imkandır.

Həmçinin sədrliyimiz dövründə biz qadın sahibkarlar üçün təlim proqramları, üzvlük imkanları, infrastruktur dəstəyi və şəbəkələşmə fürsətlərini təmin edən hədəf yönümlü təşəbbüslərin həyata keçirilməsini planlaşdırırıq. Məqsədimiz onların daha aktiv fəaliyyət göstərə biləcəyi stimullaşdırıcı bir mühitin yaradılmasıdır.

Digər əsas prioritet istiqamət isə yaşıl iqtisadiyyatdır. Biz kiçik və orta müəssisələri (KOB-lar) dayanıqlı biznes təcrübələrini mənimsəməyə, həmçinin ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) prinsiplərini fəaliyyətlərinə inteqrasiya etməyə təşviq edirik. Azərbaycanın COP29 çərçivəsində sədrliyi dövründə yaradılmış Qlobal İqlim Koalisiyası yaşıl biznes təşəbbüslərinin təşviqi və KOB-ların daha dayanıqlı fəaliyyət modellərinə keçidində dəstək göstərilməsi istiqamətində atılmış mühüm addımlardan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə