Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi sahəsində vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması üzrə təşəbbüslər” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi Açıq hökumətin təşviqi sahəsində VCT –lərin rolunun gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində grant.az saytı yaradılıb. Məqsəd dövlət qurumlarının keçirdiyi qrant müsabiqələri haqqında vahid informasiya şəbəkəsinin yaradılmasıdır. Layihə müddətində keçirilən qrant müsabiqələri haqqında məlumatlar, QHT sektoruna aid vakansiya və elanlar saytda yayımlanıb.

Eyni zamanda layihə dövründə dövlət qurumları tərəfindən QHT-lər üçün nəzərdə tutulan Qrant müsabiqələrinin keçirilməsi üçün Milli Standartlar hazırlanmışdır. Bu qaydalar təkminləşdirilərək dövlət qurumlarına təqdim ediləcək –deyə Cəsarət Hüseynzadə bildirb.

Layihə rəhbəri əlavə edib ki, eyni zamanda Açıq hökumətin təşviqi və İctimai Şuraların fəaliyyətinin təşviq olunması ilə bağlı 5 reportaj hazırlanaraq QHT TV-də yayımlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov çıxışında bildirib ki, Şura tərəfindən QHT-lərin qrant müsabiqələrində asan və maneəsiz iştirakı üçün SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi) xidməti yaradılıb və bu sistem yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri təmsil etdikləri qurumların hər zaman vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığa önəm verdiklərini vurğulayıblar.

Tədbirdə çıxış edən QHT rəhbərləri İrada Rizazadə, Mehriban Abdullayeva, Səməd Vəkilov, Telman İsa, Dünyaxanım Əliyeva, Gülnarə Hüseynova, İradə Polad, Gülayə Səfərova, Niyaməddin Orduxanlı, Səbinə Kərimova, Ziba Nəbiyeva, Sərraf Orucov və digərləri həyata keçirilən layihən önəmindən danışblar və təkliflərlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...