“Vətənin müdafiəsinə hazıram!” Salyanda tədbir

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Salyan Rayon İcra Hakimiyyətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Salyan rayonunda “Vətənin müdafiəsinə hazıram!” devizi altında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş kütləvi tədbir keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Aparatının yüksək rütbəli zabitləri və Salyan rayon şöbəsinin şəxsi heyətinin, Gənclər Fondunun, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranlarının, orta məktəb şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Himni ifa olunub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələrindən, qazanılmış nailiyyətlərdən söz açıb. Gənclərin inkişafı sahəsində reallaşdırılmış dövlət proqramlarından, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən bəhs edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. 18 oktyabrın əlamətdar tarix olduğunu bildirib. XX əsrdə ikinci dəfə qazanılmış dövlət müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin xilasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini konkret faktlarla diqqətə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi Salyan rayonunda da genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hələlik diplomatik vasitələrə üstünlük verildiyini nəzərə çatdıran general-mayor M.Şahverdiyev Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı hər an hərbi yolla azad etmək gücündə olduğunu vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq tədbirlərdə işğalçı ölkəyə vurduğu diplomatik zərbələri, “Qarabağ Azərbaycandır və nida” fikrinin xüsusi əhəmiyyətini qeyd edib. Bildirib ki, bu gün hər bir Azərbaycan hərbçisi Ali Baş Komandanın döyüş əmrini gözləyir. Ermənistan işğal etdiyi torpaqlardan dinc yolla çıxmayacağı halda, əlbəttə ki, son sözü Azərbaycan əsgəri deyəcək.

General-mayor M.Şahverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınması prosesi davam edir. Salyan rayonundan olan çağırışçılar da mütəşəkkil qaydada müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Bu gün tədbirdə iştirak edən üçəm qardaşlar-Kainat, Ramin, Ramil Əliqilər də buradan birbaşa vətənə xidmətə yollanırlar.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi vətənpərvərlik təbliğatı sahəsində mühüm işlərin görüldüyünü, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin böyük əhəmiyyət daşıdığını ifadə edib.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin məhv olmaqdan qurtulduğunu, əbədi, daimi və dönməz olduğunu bildirib.

Tədbirdə 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Salyan rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Salyan şəhər 4 saylı tam orta məktəbin IXb sinif şagirdi Nərmin Qasımova, 2-ci yerə Salyan şəhər 9 saylı tam orta məktəbin IXa sinif şagirdi Gülputa Şirinova, 3-cü yerə isə Salyan rayonu Kürsəngi kənd tam orta məktəbin IXb sinif şagirdi Coşqun Qurbanzadə layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, Salyan rayon özfəaliyyət kollektivinin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...