YAP Binəqədi rayon təşkilatı partiya fəalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Heydər Hüseynov küçəsi-19 ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib. Görüşdə ilk olaraq, Dövlət Himni səsləndirilib.

Görüşü giriş nitqi ilə açan Bakı Humanitar Kollecin direktoru Vaqif Əmiraslanov bildirdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard və mütəşəkkil siyasi partiyası olaraq, öz nüfuzunu qoruyub-saxlayır, regionun ən böyük siyasi partiyası dünya ölkələrinin iqtidar partiyaları ilə sıx əməkdaşlıq edir: "Bu gün bu partiya sıralarında insanların təmsil olunması və üz tutanların sayının durmadan artması dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir".

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək qeyd etdi ki, rayon təşkilatı, mütəmadi olaraq, partiya üzvləri ilə görüşlər keçirir: "Bu cür görüşlərin keçirilməsində əsas məqsəd partiya üzvləri ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir". R.Göyüşov ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs etdi. Dünyanın aparıcı, sivilizasiyanın beşiyi adlandırılan ölkələrdən olan Suriya və İraqda hökm sürən dəhşətli vəziyyətdən danışdı. Demokratiya adı altında, bir sıra güclü dövlətlərin öz ambisiyaları ucbatından, törətdikləri hadisələrə nəzər saldı. Azərbaycanımızı qorumağın, onun müstəqilliyinin və suverenliyinin daimi və əbədi olmasının hər bir vətəndaşın ən vacib və müqəddəs borcu olduğunu diqqətə çatdırdı. İnsanlarımızı və partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, dövlət başçısının ətrafında sıx birləşməyə çağırdı.

Görüşdə, həmçinin, təşkilati məsələlər müzakirə edilib və qərarlar qəbul olunub. Qərarlara əsasən, ərazi ilk partiya təşkilatına yeni sədr və müavinlər, qadınlar şurasına sədri və kollec üzrə koordinator və müavinləri seçilib.

Ərazi ilk partiya təşkilatına yeni seçilən sədr müavini Talıb Zülfiyev çıxış edərək, YAP sıralarında təmsil olunmağın böyük etimad olduğunu və bu etimadı doğruldacağını söyləyib.

Görüş bədii hissə ilə davam etdirildi. Bədii hissədə Bakı Humanitar Kollecin Cahangir Cahangirov adına xor kollektivi, kollecin müəllimləri Cabir Həsənov və Tuqay İsmayılovun ifaları ilə ilə yekunlaşdı.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...