Macar nazirə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartoya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Medalı nazir Elmar Məmmədyarov təqdim edib. Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin binasında təşkil edilən tədbirdə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti, səfir Vilayət Quliyev, səfirliyin əməkdaşları və yüksək vəzifəli macar diplomatları iştirak ediblər.

Tədbirdə çıxış edən Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Peter Siyartonun Azərbaycanın dostu olduğunu vurğulayıb və onun ikitərəfli əlaqələrin dərinləşməsində xüsusi rol olduğunu diqqətə çatdırıb. P.Siyartonun məhz bu xidmətlərinə görə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunduğunu deyən E.Məmmədyarov çox az xarici dövlət rəsmisinin həmin medala layiq görüldüyünü bildirib.

Peter Siyarto, öz növbəsində, Azərbaycan Respublikasının rəhbərliyinə və nazir Elmar Məmmədyarova dərin təşəkkürünü bildirərək, iki ölkə arasında əməkdaşlığın inkişafında səylərini gələcəkdə də davam etdirəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...