Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasında Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə mühüm məsələlərin müzakirə olunduğu və qarşıya təxirəsalınmaz vəzifələrin qoyulduğu diqqətə çatdırılıb. Xatırladılıb ki, bu ilin əvvəlində təsdiqlənən çox böyük sosial paket - mimimum əməkhaqqı, pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli dərəcədə artırılması 4 milyondan çox insanı, o cümlədən, məcburi köçkünləri əhatə edib. Qeyd edilib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ən ağır vəziyyətdə olan və yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir.

Kollegiya iclasında Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub, məcburi köçkünlərə yeni salınan qəsəbələrdə Dövlət Mənzil Fondundan müvəqqəti yaşayış sahələrinin ayrılması və vahid aylıq müavinətlərin təyin edilməsi üzrə müvafiq komissiyaların rəhbərlərinin hesabatları dinlənilib.

Bu il iyulun 5-də Bakının Pirallahı rayonunda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış qəsəbəsinin istifadəyə verildiyi vurğulanılıb, respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib. Dövlət Komitəsində elektron informasiya sisteminin təkmilləşdirilməsi gedişi kollegiyada geniş müzakirə olunub.

Məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatının tamamilə dayandırıldığı, yerli sektor və nümayəndəliklərə komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verildiyi qeyd edilib. Bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır və səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır. Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb.

Kollegiyada dövlətimizin başçısının tapşırıqları əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və respublikanın digər ərazilərində torpaq sahələrinin ayrılması işlərinin gedişi, məcburi köçkünlərin məşğulluğunun artırılması, qarşıdakı payız-qış mövsümünə hazırlıq məsələləri, məskunlaşdırılması başa çatdırılmış qəsəbələrdə mənzillərin istismar vəziyyəti, bu sahədə qarşıya çıxan problemlər müzakirə olunub və gündəlikdəki digər məsələlərə baxılıb. Hər bir məsələ ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib və struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə