Bu il dünyada ən isti iyun ayı olub

ABŞ-ın Milli Okeanologiya və Atmosfer Tədqiqatları Agentliyinin (NOAA) məlumatına görə, 2019-cu ilin iyunu dünyada rekord səviyyədə isti havaların müşahidə olunduğu analoji ay olub. SİA NOAA-nın saytına istinadla xəbər verir ki, bu ilin iyun ayında qlobal temperatur XX əsrin bütün analoji aylarında olduğundan 11,8 dərəcə yüksək olub. Tədqiqatların nəticələrinə görə, dünya üzrə havanın orta hərarəti 45 dərəcə selsidən çox olub. Qızmar havalar Avropa, Rusiya, Kanada və Cənubi Amerikada da çox müşahidə olunub. Bundan başqa, həmin ay Antarktikada buzlaqların ən sürətlə əriməsi müşahidə edilib.

ABŞ-ın Milli Meteorologiya Xidməti yay mövsümünün digər ayları üçün proqnozlar verib və əhalini xəbərdar edib. Qeyd olunub ki, avqustda ölkənin bəzi yerlərində temperatur 43,5 dərəcəyə çatacaq.

NOAA-nın məlumatında bildirilir ki, 1880-2019-cu illər arasındakı 139 il ərzində qeydə alınmış on ən isti iyun ayının səkkizi son doqquz ildə müşahidə edilib. Bu ilin iyunu isə 2016-cı ildəki ən isti analoji ayın rekordunu yeniləyib.

Dünyada ən isti iyun ayı ilə əlaqədar NASA da eyni rəqəmləri göstərən hesabat hazırlayıb. Alimlər bu anomal istilərin iqlim dəyişmələrinin nəticəsi olduğu barədə xəbərdarlıq edirlər. İqlim mütəxəssisi Keti Dello Associated Press agentliyinə bildirib ki, bu proses nəticəsində hər il Yer kürəsi daha çox isinir. “Bu il müşahidə olunan rekord səviyyədə istilər son hədd deyil və dözülməz hərarət artmaqda davam edəcək”, -deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...