Oğuzdan qonşu rayonlara gediş-gəlişi təmin edən avtomobil yolu yenidən qurulur FOTO

Oğuz rayonu Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 32 km uzunluğa malik olan avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri aparılır. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir.

Başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol uzun illər istismar olunduğundan, təmirlər arası istismar müddətini keçmiş, yol örtüyündə tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdir. Bundan başqa yola paralel su arxı keçən hissədə, həmçinin əkin sahələrindən keçən hissələrdə yol yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu üzdən əhalinin gediş-gəlişində, yük və sərnişindaşımada çətinliklər yaşanırdı. Lakin yolun yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalıb.

Layihə çərçivəsində sözügedən avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. Bu uzunluğu 12.9 km olan Padar-Böyük Söyüdlü və 13.1 km olan Böyük Söyüdlü-Çayqovuşan hissələri, həmçinin 6 km uzunluğa malik Qarabulaq kəndinə giriş yolu hissəsidir.

Aparılan işlər zamanı yol boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa edilib.

Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün müxtəlif diametrlərə malik 234 paqon-metr uzunluğunda yeni suötürücü metal və dəmir-beton borular quraşdırılıb, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 70 paqon-metr metal boruların quraşdırılması işləri müvəffəqiyyətli icra edilib.

Suyun yolun torpaq yatağına keçməsinin, həmçinin küvetlərin mailliyi çox olduğundan yuyulmalar və dağılmaların qarşısını almaq məqsədi ilə hər birinin uzunluğu 800 paqon-metr olan "U" şəkilli arx və dəmir-beton küvetlər inşa olunub, bundan başqa lazımi qalınlıqda yol əsasının inşası işləri görülüb.

Hazırda isə yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür ki, bu işlərin də yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 6 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün 42 yol nişanının, 960 siqnal dirəyinin və 31 km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərindən sonra əhalinin Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranmaqla kənd təsərrüfatının inkişafı hədəflənir. Bu sahənin inkişafı isə təbii ki,əhalinin maddi rifah halına müsbət təsir göstərəcək.

5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Oğuz rayonunun Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...