Oqtay Əsədov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilmiş qadın parlamentarilərin beynəlxalq konfransının iştirakçıları ilə görüşüb. O.Əsədov TÜRKPA çərçivəsində keçirilən konfransın əhəmiyyətini yüksək dəyərləndirib. Bildirilib ki, təşkilata üzv dövlətlərin qadın parlamentarilərinin bir araya gəlmələri, onları düşündürən məsələləri birlikdə müzakirə etmələri təqdirəlayiqdir. Belə tədbirlər müasir dövrün çağırışlarını öyrənmək, ümumi məqsədlərə çatmaq üçün yolların müəyyənləşdirilməsi baxımından önəmlidir. Konfransda müzakirə olunan məsələlər bu gün təkcə türk dünyasını deyil, bütün dünya ictimaiyyətini düşündürür.

Oqtay Əsədov türk dövlətlərinin müştərək tarixə malik olduqlarını diqqətə çatdıraraq, onların milli-mənəvi dəyərlər zəminində birləşərək qarşıya qoyulan hədəflərə çatmaq iqtidarında olduğunu söyləyib.

Görüşdə çıxış edən konfrans iştirakçıları Milli Məclisin rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün türk cəmiyyətlərində qadınlar həyatın bütün sahələrində fəal iştirak edirlər. Qadına, ailəyə yüksək dəyər verilməsi tarixən türk xalqlarının ən ümdə keyfiyyətlərindən biri kimi dəyərləndirilir. Gender bərabərliyi sahəsində ümumi platformanın yaranması baxımından Bakıda keçirilmiş konfrans çox əhəmiyyətli oldu. Qonaqlar gələcəkdə bu cür tədbirlərin davamlı olacağına inamlarını ifadə ediblər.

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin qadın deputatları, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, konfransa təşrif buyurmuş nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...