Pirallahıda "Gəlin birgə oxuyaq!" şüarı altında flaşmob keçirildi

Bu gün Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda yerləşən "Nərəkənd" Parkında YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə "Gəlin birgə oxuyaq!" şüarı altında flaşmob keçirildi.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Rüfət Əhmədov qeyd etdi ki, Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş Günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını, məhz Ümummilli Liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən - Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı və xalqımızın rifahı naminə faydalanacaqlar.

Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq, gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Heydər Əliyev kitaba həmişə böyük dəyər vermişdir.

Flaşmob zamanı hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub. Sonra gənclərin iştirakı ilə bədii əsərlərin müzakirələri aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, flaşmobun əsas məqsədi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...