Fevralın 10-da Azərbaycan tarix elmində, ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Yaqub Mahmudovun 80 yaşı tamam oldu. AMEA-nın həqiqi üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, şöhrət və şərəf ordenlərinin sahibi, dövlət mükafatı laureatının sahibi olan Yaqub müəllim bu dəfə də dövlət başçısının diqqətindən kənarda qalmadı. Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tarix elmimizin öyrənilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi. Bu rütbədə olan tanınmış sima haqqında yazmaq həm məsuliiyyət tələb edir, həm də cəsarət. Mən yalnız qısaca öz şəxsi səciyyələnriməmlə kifayətlənməli olacam. Çünki onsuz da bu günlərdə alimlər, elm ictimaiyyəti o qədər dəyərli fikirlər ifadə edəcəklər ki, mənim yazdıqlarım onların yanında, bəlkə də, görünməz olacaq. Amma fikirləşəndə ki, elmi rəhbərim və dissertantı olduğum institutun direktoru, hələ məktəb illərində hər gün dərsə apardığım tarix kitablarının müəllifi barədə mən də fikir bildirməliyəm, onda cəsarətə gəldim.

Yaqub müəllim nəinki tarixçilər üçün, həm də müxtəlif sahələrin mütəxəssiləri, bütövlükdə, cəmiyyət üçün ümumi mənada böyük müəllim, ustad ziyalıdır. Onun olduğu mühüm tədbirlərin əksəriyyətində dissertant və ya jurnalist kimi iştirak etmişəm. Bizim cəmiyyətdə dinləməklə bağlı açığını deyim ki, həmişə müəyyən problemlər olub. Tədbirlərdə reqlament qaydalarını pozanlar haqqında hamı birmənalı düşünmür. Yerdən bəzən asta replikalar belə eşidilir. Lakin mən akademik Yaqub Mahmudovun reqlamenti nəzərə almayan çoxşaxəli və məzmun etibarilə dərin çıxışlarında bir nüansın şahidi olmuşam. Tədbirdə tələbələrdən tutmuş, alimlərə, yüksək vəzifəli məmurlara qədər hamı onu sonacan dinləmiş və hətta çıxışını böyük maraqla qarşılamışlar. Bir sözlə uzun çıxışlarla əhatə olunan tədbirləri yarımçıq tərk edəcəyini, digər işlərinin arxasınca gedəcəyini öz-özlüyündə hesablamış şəxslər belə Yaqub müəllm danışarkən saatı unutmuşlar.

Yaqub müəllimin geniş erudisiyası, dərin intellekti və milli-ideloji baxımdan insanların kütləşmiş damarına toxunması, həm də bunu xüsusi emosianallıqla biruzə etməsi istənilən insanı düşündürmüş və alimi diqqətlə dinləməyə qeyri-ixtiyari sövq etmişdir. Bu istənilən alimin arzusunda olduğu bir istedaddır ki, məhz Yaqub müəllim Yaradan tərəfindən mükafatlandırılıb. Lakin bizlər akademik Yaqub Mahmudovu həm də zəhmətkeş alim kimi tanıyırıq. Onun məhsuldar fəaliyyəti nəticəsində tarix elmimizdə mühüm araşdırmalar aparılmış, rəhbərlik etdiyi institutun fəaliyyəti sözün yaxşı mənasında medianın diqqətində olmuş, tariximizə və qədim mədəniyyətimizə, dövlətçiliyimizə işıq tutan hər bir əsər cəmiyyətimizdə maraqla qarşılanmışdır.

Mən bir jurnalist olaraq da Yaqub müəllimi səciyyələndirmək istərdim. Parlamentarilər ilə mütəmadi görüşdüyümdən və onların fəaliyyətini izlədiyimdən əminliklə deyə bilərəm ki, Yaqub müəllim deputat kimi də seçildiyi bölgənin insanları ilə yaxından təmasdadır və bununla daim medianın diqqət mərkəzindədir. İndiki zamanda müxtəlif qurum rəhbərlərinin otağına yaxınlaşmağın o qədər də asan olmadığı bir zaman kəsiyində Yaqub müəllim öz seçicilərinə, dissertantlarına, işçilərinə, tələbələrinə geniş vaxt ayırır. Sözün doğrusu, institutların direktorları arasında otağı bu qədər qələbəlik olan çox azdır.

Akademik və deputat olaraq Yaqub müəllimin müşahidə etdiyim və doğrusu, mənə çox xoş gələn xüsusiyyətlərindən biri də odur ki, onu heç vaxt xidməti kabinetində kresloda oturan görməmişəm. Yaqub müəllim, tələbələri və işçiləri ilə həmişə dəyirmi masada əyləşərək söhbətləşir. Bu da qarşı tərəfdə özünəinam, rəhbərə güvən yaradır. Baxmayaraq ki, akademikin kifayət qədər sərtliyi də var, amma biz həmişə onu həlim, mehriban görmüşük.

Qeyd. 2012-ci ildə AMEA Tarix İnstitutuna dissertant qəbul edildim. Xaişsiz, minnətsiz. Lakin bir məsələni qeyd etməliyəm ki, Yaqub müəllimin razılığını almaq üçün akademiyaya bir xeyli getməli oldum. Saatlarla otağının nə vaxt boş olacağını gözləmişəm. Arada inciyib getmək də istəmişəm. Amma iradəmə sığınıb səbr etmişəm. Bir dəfə elmi şuranın iclasında məni göstərərək adımı yazdırdı və ucadan dedi: “Bu cavan oğlan tarixçi-alim olmaqda deyəsən çox israrlıdır.” Mən qəbul edildim. Sonra anladım ki, Yaqub müəllim məni asanlıqla ona görə qəbul etməmişdi ki, bu yolun nə qədər çətin və kəşməkeşli olduğunu göstərsin, həm də iradəmi yoxlasın.

Bəli, Yaqub müəllim, sərt və prinsipial göründüyü kimi, həm də incə duyumu olan, ağsaqqal məsləhətini verməkdən usanmayan insandır. Bu il 80 yaşı tamam oldu. Biz ona, ilk növbədə, cansağlığı arzulayırıq. Mərhum şairimiz Zəlimxan Yaqub müsahibələrinin birində dedi ki, həmişə can sağlığını kimsə-kiməsə arzulayanda mənə qəribə gəlirdi. Deyirdi ki, əşi bu insanlar elə yapışıblar cansağlığından. İnsan insana vəzifədə ucalmaq, xoşbəxtlik, pul, övlad sevinci arzulmaqdansa birinci cansağlığı arzulayır. Özüm xəstələnəndən sonra anladım ki, hər şeyin fövqündə məhz can sağlığı dayanırmış.

İndi sevimli şairimizin təbirincə desəm, mən də Azərbaycan tarixçilərinin ağsaqqalı, ərazi bütövlüyümüz və milli azadlıq uğrunda ümumxalq hərəkatından xalq hərakatından yaxşı tanıdığımız, həmişə milli mövqeyi ilə seçilən, ermənilərin hər yerdə layiqli cavabını verməsi ilə özünü sübut etmiş, üsyankar təbiətli alimimiz Yaqub Mahmudova 80 illik yubileyi münasibətilə məhz cansağlığı arzulayıram. Əsas arzumuz budur ki, bundan sonrakı ömür payını da əvvəlkitək, cəmiyyətimizin nüfuzlu simalarından, qəbul edilən ziyalılarından biri olaraq yaşasın.

Anar TURAN,

AMEA-Tarix İnstitutunun dissertantı,

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...