Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına 2018-ci ilin oktyabr ayında “Qadınlar sülhün tərəfdarıdır” təşəbbüsü çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş rusiyalı bir qrup qadının adından məktub daxil olub. Məktubda bildirilir ki, həmin səfər Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvəti ilə təşkil edilib, həmçinin xahiş olunur ki, bu təşəbbüs dəstəklənsin və Azərbaycana səfərin təşkilinə kömək göstərilsin.

SİA rusiyalı qadınların məktubunun tam mətnini, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın cavabını oxuculara təqdim edir.

“Əziz və çox hörmətli Leyla!

İcazə verin, sosial əhəmiyyətli təşəbbüslərə və layihələrə dərindən cəlb olunmuş bir qrup rusiyalı qadın adından Sizə müraciət edək. Bizim hər birimizin öz missiyası var: hospislərin təşkili və yetim uşaqlara dəstək, senzurasız ədəbiyyat və jurnalistika, idman və əlilliyi olan insanların reabilitasiyası. Lakin fəal həyat mövqeyi və müasir cəmiyyətin ağrılı nöqtələrinə laqeyd qalmamaq hissi bizi birləşdirir.

Oktyabr ayında biz Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvətinə cavab olaraq Ermənistan ilə Azərbaycan arasında artıq bir neçə onillik ərzində hərbi əməliyyatların davam etdiyi əraziyə səfər etdik.

Müharibənin nəticələrinin müdhiş mənzərəsi və bu yerlərin gözəl təbiəti dəhşətli təzad yaradaraq insanı sarsıdır. Azərbaycan ilə Ermənistan arasında cəbhə xəttini cəmi 450 metr ayırır. Bu qısa məsafəni güllə asanlıqla dəf edir. Üzbəüz iki blindaj və hələ çox gənc olan, kamuflyaj geyimli, əllərində avtomat silahlar tutan əsgərlər. Bütün bunların arxasında öz övladlarını itirən anaların heç nə ilə müqayisə olunmayan, ovundurula bilməyən ağrısı dayanır.

Dağlıq Qarabağ münaqişəsinin çoxəsrlik səbəblərinin necə dərin və mürəkkəb olduğunu başa düşürük. Biz çox şeyi bilmirik, heç kəsi qınamağa haqqımız və hazır qərarlarımız yoxdur. Lakin bir məsələyə qəti əminik: 2018-ci ildə övladlarımız güllələrdən həlak olmamalıdırlar. Uşağın doğması-yadı olmur. Dünyanın istənilən nöqtəsində: Suriyada və ya Donetskdə, Rusiyada, Azərbaycanda və ya Ermənistanda başına qara yaylıq bağlamış hər bir ana bizim ümumi faciəmizdir. Biz Sizə Azərbaycanın qədim bir nəslinin nümayəndəsi, görkəmli siyasi xadim Heydər Əliyevin nəvəsi və müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin qızı və bir də geniş ictimai fəaliyyətlə məşğul olan bir qadın və üç uşaq anası kimi müraciət edirik.

Hər iki münaqişə tərəfinin dərdinə ürəkdən şərik olduğumuzu bildirərək, Sizdən “Qadınlar sülhə tərəfdardır” təşəbbüsünü dəstəkləməyinizi və sülhyaratma ideyasını məntiqi sona çatdırmaq üçün bizim Azərbaycana səfərimizin təşəbbüsçüsü olmağınızı xahiş edirik.

Sizdən xahiş edirik, həyat əlaməti olmayan 450 metrlik ayırıcı zolağın digər, bu dəfə Azərbaycan tərəfində səsimizin eşidilməsinə kömək edin. Bir də çox vacib sözlər demək istəyirik: “Biz sülh istəyirik! Biz düşmənçilik edən tərəflərdən xahiş edirik, XXI əsrdə bizim qardaşlarımızın, oğullarımızın, nəvələrimizin müharibədə daha həlak olmamaları üçün nə mümkündürsə etsinlər. Qoy, qan tökülməsi iyirminci yüzillikdə qalsın, gələcək sülh içində olsun”.

Əziz Leyla, Sizdən xahiş edirik, bizim sülhyaratma missiyamızı dəstəkləyin və Azərbaycana səfərimiz üçün vasitəçi olun. Biz çox inanırıq ki, məhz Siz bizim bələdçimiz və məsləkdaşımız ola bilərsiniz.

Hər bir müharibə gec-tez sona çatır. Qoy, bizim ümumi səylərimiz bu sonu yaxınlaşdırsın”.

Bu məktubu imzalamış rusiyalı qadınlar qrupuna Olimpiya çempionu Svetlana Jurova, ictimai xadim, “Vera” hospislərə kömək xeyriyyə fondunun təsisçisi Nyuta Federmesser, yazıçı, ictimai xadim Lyudmila Ulitskaya və jurnalist Kira Altman daxildirlər.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

“Hörmətli Svetlana Jurova, Nyuta Federmesser, Lyudmila Ulitskaya, Kira Altman.

Sizin məktubunuza, başqasının dərdinə biganə qalmadığınıza və artıq iyirmi beş ildən çox davam edən münaqişəyə tezliklə son qoyulmasına kömək etmək istəyinizə görə sizin hamınıza təşəkkür edirəm. Müharibə həmişə kədər və ölüm gətirir. Bu, əsgərlərin və dinc sakinlərin həlak olması, özü bəlkə də öldürülməyən və yaralanmayan, lakin öz yaxınlarını, öz evini itirmiş insanların həyatlarının puç olması deməkdir. Planetimizin bir çox “qaynar nöqtələrində”, çoxsaylı “lokal müharibələrin”, cəbhə xəttinin müxtəlif tərəflərindən çəkilmiş hərbi xronikaya baxdıqca yəqin edirsən: müxtəlif dillərdə danışan qadınlar eyni cür kədərlə ağlayır. Tanınmış sərhədlərin güc tətbiq etməklə dəyişdirilməsi və başqalarının ərazilərinin işğalı üçün kimlərinsə qurduğu planlar bu gün belə dəhşətli nəticələr verir.

Mən sizinlə tamamilə razıyam: bütün müharibələr haçansa başa çatır və biz hamımız maksimum səy göstərməliyik ki, bu, mümkün qədər tez baş versin. Ona görə ki, münaqişənin hətta indiki, diplomatların təbirincə desək “dondurulmuş” vəziyyətdə davam etdiyi hər gün bizə çox baha başa gəlir. Bəli, bu gün Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi qüvvədədir, lakin cəbhə xəttində hər gün atəş açılır. Hər bir belə atəş kiminsə həyatını yarımçıq qoya bilər. Hər iki ordunun əsgərləri, əllərindəki silahdan açılan bir atəş məsafəsində dayanaraq bir-birinə baxan həmin kamuflyajlı gənclər kiminsə oğlu və ya nəvəsi, kiminsə qardaşı və kiminsə sevgilisidir. Müharibədə isə əsgərlərlə bərabər, dinc sakinlər də ölür. Təxminən bir il bundan əvvəl - 2017-ci il iyulun 4-də Azərbaycanda iki yaşlı qızcığaz və onun nənəsi ilə vidalaşdıq. Onlar öz doğma kəndlərində dəzgahlı pulemyotlardan və qumbaraatanlardan açılan atəş nəticəsində öldürülmüşdülər. Bu, acı reallıqdır. İyirmi beş ildən çoxdur ki, biz bu şəraitdə yaşayırıq. Lakin bu, həm də yaxşı bir xatırlatmadır ki, yenidən qan tökülməməsi və yeni qurbanlar verməmək üçün bu gün bizim sülh yolu tapmağımız, özü də onu döyüş meydanında deyil, danışıqlar masası arxasında tapmağımız çox vacibdir.

Azərbaycan sülhsevər ölkədir. Biz müharibəyə tezliklə son qoyulmasının, dialoq yolu ilə həll axtarışının tərəfdarı olmuşuq və tərəfdarıyıq. Bunlar sadəcə sözlər deyil. Bizim sülhsevərliyimizə inandırıcı sübut odur ki, Azərbaycan indiki “dondurulmuş müharibə” vəziyyətindən Dağlıq Qarabağda uzunmüddətli və ədalətli sülhə nail olmaq üçün münaqişəsinin nizamlanmasına dair danışıqları iyirmi ildən çoxdur davam etdirir.

Sizin sülhyaratma missiyanızın gedişində səfər etdiyiniz, işğal olunmuş Dağlıq Qarabağ “Ermənistan ilə Azərbaycan arasındakı ərazi” deyil. Dağlıq Qarabağ Azərbaycanın bu gün Ermənistanın işğalı altında olan ayrılmaz hissəsidir. Bu, təkcə bizim ölkəmizin mövqeyi deyil – çoxsaylı beynəlxalq sənədlərdə bu cür təsbit olunub. Rusiya da daxil olmaqla dünya birliyi Azərbaycanı mövcud sərhədləri daxilində tanıyır və Dağlıq Qarabağ bu sərhədlərə daxildir. Hazırda heç bir beynəlxalq hüquqi sənəd yoxdur ki, orada Dağlıq Qarabağın Azərbaycana mənsub olması şübhə altına alınsın, Dağlıq Qarabağ başqa bir dövlətin hissəsi, “mübahisəli ərazi” və ya “Azərbaycan ilə Ermənistanda arasındakı torpaq” elan edilsin. Üstəlik, dünya birliyinin bu mövqeyi tarixi reallıqları tam əks etdirir.

Əminəm, ən yaxşısı budur ki, nəyin kimə və nə vaxt mənsub olması barədə mübahisələrin həllini tarixçilərə saxlayaq. “Tarixi ədaləti bərpa etmək” və bu əsasda qonşu ölkənin ərazisinin bir hissəsini işğal etməklə “sərhədlərə düzəliş etmək” – xoş niyyətlər kimi qələmə verilsə də bu, cəhənnəmə aparan yoldur. Təəssüf ki, milyonlarla insan, o cümlədən Cənubi Qafqazda, mənim doğma Azərbaycanımda bu gün insan əli ilə yaradılan bu cür cəhənnəmdə yaşayır. Lakin tarixə ötəri bir ekskurs şübhə yeri qoymur: bütün Qarabağ ta qədimdən Azərbaycanın bir hissəsi, bizim ölkəmizin ərazisində mövcud olmuş dövlətlərin bir hissəsi olub. Erməni dövlətləri isə, tarixçilərin vurğuladığı kimi, heç də Cənubi Qafqazda deyil, Kiçik Asiyada formalaşıb və onların müasir Azərbaycan ərazisinə, hətta 1918-ci ildə Azərbaycanın İrəvan xanlığının torpaqlarında yaradılmış indiki Ermənistana da heç bir aidiyyəti olmayıb.

Qarabağdakı xristian kilsələri və monastırları hələ qədim zamanlarda müasir Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövründə yaranıb. Qarabağ Orta əsrlərdə də Azərbaycanın bir hissəsi kimi qalıb. XIX əsrin əvvəlində, Azərbaycanın Rusiya ilə birləşdirildiyi dövrdə həmin ərazilərdə paytaxtı Şuşada olmaqla Azərbaycanın Qarabağ xanlığı yerləşirdi və onun əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Artıq sonradan - 1813-cü il oktyabrın 12-də Rusiya imperiyası ilə İran arasında Gülüstan müqaviləsi, 1828-ci il fevralın 10-da isə Türkmənçay müqaviləsi imzalanacaq. Məhz bundan sonra etnik ermənilərin İrandan və Osmanlı İmperiyasından Cənubi Qafqaza, müasir Ermənistanın yerləşdiyi İrəvan xanlığı ərazisinə və Qarabağa, əsasən onun dağlıq hissəsinə kütləvi şəkildə köçürülməsi başlanıb. Bu “köçürmə” siyasəti artıq Rusiya imperiyasının süqutu dövründə Cənubi Qafqazda alovlanmağa başlanmış münaqişələrin detonatoru rolu oynayıb. Bu, bir sıra xalqların tarixində faciəli dövr idi. Birinci Dünya müharibəsi, qırğınlar və talanlar çoxsaylı insanların həyatı bahasına başa gəldi. Azərbaycanda hər il martın 31-də 1918-ci ildə erməni millətçiləri tərəfindən Bakıda törədilmiş kütləvi qırğının qurbanlarının xatirəsi günü qeyd edilir. Erməni millətçilər məhz o vaxt ilk dəfə olaraq Dağlıq Qarabağa da iddia irəli sürdülər. Lakin Cənubi Qafqaz Sovet Rusiyasına birləşdiriləndən az sonra ermənilərin Dağlıq Qarabağa iddiaları nəzərdən keçirildi və rədd edildi.

Geniş yayılmış belə bir yanlış fikir var: guya Dağlıq Qarabağ Ermənistanın bir hissəsi olub, lakin ötən əsrin 20-ci illərində ÜİK(b)P MK-nın Qafqaz Bürosunun qərarı ilə Azərbaycanın tərkibinə “verilib”. Əslində isə Qafqaz Bürosu bu məsələni həqiqətən nəzərdən keçirib, lakin Dağlıq Qarabağın Azərbaycana “verilməsini” deyil, onun Azərbaycanın tərkibində saxlanmasını qərara alıb. ÜİK(b)P MK-nın Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli plenumunun iclas protokolundan (AR Dövlət Tarix Arxivi, f.1, siyahı 2, iş 25, s.16 ob) məlum olur ki, ÜİK(b)P MK-nın Qafqaz Bürosu özünün 1921-ci il 5 iyul tarixli iclasında “...Dağlıq Qarabağın Azərbaycan SSR hüdudlarında saxlanması, inzibati mərkəzi Şuşa şəhərində olmaqla ona geniş muxtariyyət verilməsi...” barədə qərar qəbul edib. Qafqaz Bürosunun rəhbər tutduğu dəlillər sadə və aydın idi: Qarabağın dağlıq hissəsində əhalinin əksəriyyəti ermənilərdir, lakin o, iqtisadi baxımdan Azərbaycanla bağlıdır.

Sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” 1923-cü il 7 iyul tarixli Dekret qəbul etdi (К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918-1925.Документы и материалы, с. 152-153). Məhz həmin dövrdə ilk dəfə olaraq “Dağlıq Qarabağ” termini yaranır və bu muxtar vilayətin yaranması nəticəsində Dağlıq Qarabağ Aran Qarabağdan süni şəkildə ayrılır. Halbuki, bütün tarix boyu Qarabağın bu hissələri vahid tam təşkil edirdi. Yeni yaradılmış muxtar vilayət Azərbaycan ərazisinin daxilində idi və Ermənistanla ərazi təması yox idi. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında əhalisi azərbaycanlılar olan bir neçə rayon yerləşirdi: Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan... Təkcə bu “inzibati coğrafiya” artıq onu göstərir ki, sakinləri ermənilər olan Dağlıq Qarabağ tarixən Azərbaycanın daxilində yarana bilməzdi və o, süni şəkildə, köçürmə siyasəti nəticəsində yaradılıb. Həmin siyasət bu gün həm azərbaycanlılar, həm də ermənilər üçün böyük faciəyə çevrilmiş sürəkli və qanlı müharibə ilə nəticələnib.

Hörmətli xanımlar.

Gəlin həqiqətin gözünə düz baxaq. Artıq iyirmi beş ildən çoxdur ki, erməni millətçilərin Dağlıq Qarabağa iddiaları açıq təcavüz, işğal, qəddar “etnik təmizləmələr” formasında həyata keçirilir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Buraya təkcə Dağlıq Qarabağ deyil, Azərbaycanın Dağlıq Qarabağın ətrafında olan və 1923-cü ildə orada yaradılmış erməni muxtariyyətinə heç vaxt daxil olmamış 7 inzibati rayonunun ərazisi də aiddir.

On minlərlə insanın həyatına son qoymuş bu müharibə hələ də davam edir. Rəsmi statistikada qətlə yetirilmiş və aldığı yaralardan ölmüş insanlarla bərabər, sadəcə öz yaxınlarının ölümünə, doğma yerlərdən ayrı düşməyə, qaçqınlar və məcburi köçkünlər üçün düşərgələrdə dəhşətli şəraitdə yaşamağa dözməmiş insanlar da hesaba alınır. Azərbaycan bu müharibə və öz torpaqlarının işğal edilməsi nəticəsində əsl humanitar fəlakətlə üzləşib. Ölkəmizdə bir milyondan çox insan, - əziz xanımlar, bu dəhşətli rəqəmə fikir verin!, – öz evlərini tərk etməyə məcbur olub. O vaxt Azərbaycanın əhalisinin sayı 7 milyon idi. Deməli, orta hesabla ölkənin hər 7 vətəndaşından biri doğma evini itirmiş qaçqına və məcburi çevrildi. Təxminən eyni sayda qaçqının əhalisi yarım milyard olan Avropaya gəlməsi son dərəcədə kəskin “miqrasiya böhranı”na təhrik edib, bu böhran ən yüksək səviyyədə müzakirə olunub. Azərbaycanda iri çadır düşərgələri yaradıldı, insanlar hətta yük vaqonlarında yerləşdirildi. Son illərdə Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün yeni şəhərciklər salınır. Bu yolla məişət şəraitini yaxşılaşdırmaq olar, lakin müharibədən və “etnik təmizləmələrdən” xilas olmaq üçün doğma evlərini tərk etməyə məcbur olmuş insanların qəlbindəki yaralarını sağaltmaq mümkün deyil. Onların probleminin həqiqi həlli öz evlərinə, bu gün erməni işğalı altında olan torpaqlara qayıtması ola bilər və olmalıdır.

Uşaqlıq dövrünü qaçqın və məcburi köçkün düşərgələrində keçirmiş uşaqların gözlərindəki ifadələri heç vaxt unutmaram. Onlar Dağlıq Qarabağ adlı bir diyarın olmasını yalnız yaşlı qohumlarının söhbətlərindən bilirlər. Hörmətli xanımlar, orada təbii gözəlliyin və müharibənin dəhşətli reallıqlarının təzadı sizi çox heyrətləndirib. Həmin diyarda təcavüz və işğal nəticəsində tarixi və mədəni abidələr, məscidlər, müqəddəs ziyarətgahlar, hətta qəbiristanlıqlar da vəhşicəsinə dağıdılıb. ATƏT-in bizim işğal olunmuş ərazilərə iki dəfə ezam edilmiş faktaraşdırıcı missiyası bu kədərli və XXI əsr üçün biabırçı faktı öz məruzələrində işıqlandırıb. İşğal olunmuş ərazilərdə 927 kitabxana, 85 musiqi məktəbi, o cümlədən “Şərqin konservatoriyası” adlanan Şuşada 4 rəsm qalereyası, 6 teatr, 22 muzey məhv edilib.

Son dərəcə qiymətli 40 min artefaktın taleyi məlum deyil. Azərbaycan mütəxəssislərinin hesablamalarına görə, qarət edilmiş və yandırılmış kitabxanalarda 4,6 milyon kitab və qiymətli əlyazma nəşrləri məhv edilib. Hitler hakimiyyətə gələndən sonra Almaniya şəhərlərinin küçələrində kitabların tonqallarda yandırılması təsvir edilən kinoxronika kadrlarını hamımız xatırlayırıq. Lakin indi həmin müharibədən və Nürnberq tribunalından təqribən yarım əsr sonra kitabları yandırıblar. Bu, bizim 1 milyondan çox həmvətənimiz üçün sadəcə xəbər sətirləri deyil, bu, şəxsi ağrı-acı duyğularıdır. Bu, həmin insanların uşaqlıq illərini keçirdikləri, indi dağıdılmış evlər, qarət edilmiş məktəblər, nəhayət, həmin insanların doğmalarının dəfn olunduqları, indi viran edilmiş qəbiristanlıqlardır. Bütün bunları xatırlamaq dözülməzdir, unutmaq isə qeyri-mümkündür. Bu, rəsmi məlumatlara daxil olmamış yüz minlərlə insanın şəxsi faciəsidir. Lakin onlar faciə olaraq qalır.

Nəhayət, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən qanlı və faciəli səhifələrdən biri Azərbaycanın Xocalı şəhərinin məhv edilməsi olub. Bu gün dünyanın 16 ölkəsinin parlamentləri, ABŞ-ın 24 ştatının qanunvericiləri Xocalının məhv edilməsini Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi rəsmən tanıyıblar. Bu şəhərin faciəsini Xatın, Liditse, Oradur faciələri ilə müqayisə etmək olar... Xocalıda 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl insan qətlə yetirilib. Səkkiz ailə bütünlüklə məhv edilib, 27 ailənin hərəsindən yalnız 1 nəfər sağ qalıb. Xocalının məhv edilməsinin dəhşətli tarixini oxuyanda göz yaşlarını saxlamaq mümkün deyil.

Bütün bunları törədənlər hərbi canilər kimi damğalanmağa layiqdirlər.

Azərbaycan ərazisində bu vəhşi əməllərin müəllifləri və iştirakçıları Ermənistanda hələ yaxın vaxtlara qədər ali dövləti vəzifələr tuturdu. Lakin bu ilin baharında Yerevanda iğtişaşlar zamanı erməni xalqı özü onları süpürüb atdı.

Müasir Ermənistanda gedən siyasi dəyişikliklər ümid etməyə əsas verir ki, danışıqlar prosesi, nəhayət, “ölü nöqtə”dən tərpənəcək və münaqişənin həlli yolu danışıqlar masası arxasında tapılacaq. Ölkələrimizə indiki kövrək barışıq deyil, həqiqi sülh çoxdan lazımdır. Lakin sülhə nail olmaq üçün təkcə xoş niyyətlər və gəlişigözəl sözlər deyil, konkret addımlar lazımdır.

Hörmətli xanımlar.

Siz öz məktubunuzda yazmısınız ki, cəbhə xəttinin və ya təmas xəttinin ermənilər tərəfində olmusunuz. Lakin siz bu gün həmin cəbhə xəttinin haradan keçməsi barədə fikirləşmisinizmi? Bu, Azərbaycan ilə Ermənistanın dövlət sərhədi və hətta keçmiş DQMV-nin inzibati sərhədi də deyil. Cəbhə xətti Azərbaycan ərazisini, erməni əhalinin heç vaxt olmadığı torpaqları kəsib keçir. İcazə verin, soruşum: sizin dediyiniz “kamuflyajlı və silahlı oğlanlar” – erməni əsgərləri bu gün Azərbaycan torpağında nə edirlər? Nə üçün onlar əllərinə silah alıb Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda dayanıblar? Onlar öz doğma Ermənistanından onlarca kilometr aralıda, Azərbaycan torpağında nə edirlər? Bunlar xoşagəlməz və kimlər üçünsə naqolay suallardır. Lakin bu suallara cavab verilmədən nə möhkəm sülh ola bilər, nə də səmərəli sülhyaratma təşəbbüsləri.

Bu gün sağlam düşüncəli hər bir insan üçün aydındır: işğala son qoyulmadan, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmadan, beynəlxalq hüququn əsas prinsiplərinə riayət edilmədən münaqişənin real nizamlanmasını təsəvvür etmək mümkün deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Erməni qoşunları Azərbaycan ərazilərini tərk edəndən, qaçqınlara və məcburi köçkünlərə çevrilmiş həmvətənlərimiz öz doğma yurdlarına qayıdandan sonra regionda möhkəm sülh yaranacaq. Dünya birliyi bizim ölkənin ərzi bütövlüyünü, qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququnu tanıyır və Azərbaycanın işğal olunmuş torpaqlarından erməni qoşunlarının tezliklə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsinə cavab olaraq 822 saylı qətnamə qəbul edib. Bu sənəddə işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb edilib.

Sonra yenə 1993-cü il iyulun 29-da 853 saylı, oktyabrın 14-də 874 saylı, 1993-cü il noyabrın 12-də 884 saylı qətnamələr qəbul edilib. Hüquqşünasların təbirincə desək, zəruri hüquqi qüvvəyə malik olan həmin sənədləri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan bütün ölkələr, o cümlədən Rusiya dəstəkləyib. Sonradan BMT Baş Assambleyası da oxşar qətnamə qəbul etdi. Bir sıra başqa nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti ... tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə müddəalar və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanması haqqında tələb təsbit olunub. Sülhə aparan yol budur, biz hamımız bu yolu keçməliyik.

Şübhəsiz, münaqişənin dinc yolla həllinin axtarışı kimi nəcib işdə belə adlandırılan “xalq diplomatiyası” və biganə qalmayan insanların sülhyaratma təşəbbüsləri də öz rolunu oynaya bilər. Bununla bərabər, həmin təşəbbüslər mövcud qanunvericilik normalarını nəzərə almalıdır. Mövcud beynəlxalq praktikaya tamamilə uyğun olan Azərbaycan qanunvericiliyinə görə yaradılmış mexanizm bu barədə Azərbaycanın hakimiyyət orqanlarına və ölkəmizin diplomatik missiyalarına vaxtında xəbərdarlıq etməklə işğal olunmuş Qarabağa səfər etməyə imkan verir. Azərbaycanın işğal olunmuş torpaqlarına ölkəmizin hakimiyyət orqanlarının icazəsi olmadan səfər edilməsi isə artıq qanun pozuntusu, Azərbaycanın sərhədlərinə və suverenliyinə hörmətsizlik hesab edilir. İşğal olunmuş Qarabağa rəsmi Bakının razılığı olmadan səfər edən şəxslər arzuedilməz şəxslərin siyahısına daxil edilir. Bu siyahını həm də “persona non qrata”lar siyahısı adlandırırlar. Belə şəxslərin Azərbaycan ərazisinə gəlməsi yolverilməzdir.

Eyni zamanda, çoxsaylı presedentlər yaranıb: bu siyahıya daxil edilmiş şəxslər, o cümlədən Rusiya vətəndaşları Azərbaycanın hakimiyyət orqanlarına müraciət edərək bildiriblər ki, onlar işğal olunmuş torpaqlarımıza rəsmi Bakının icazəsi olmadan səfər etməklə səhvə yol veriblər. Onlar, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, onun sərhədlərinə və suverenliyinə hörmət bəslədiklərini təsdiq ediblər, bundan sonra onların adları arzuedilməz şəxslər siyahısından çıxarılıb və onlar Azərbaycana gəlməyə icazə alıblar.

Əminəm ki, əgər siz ölkəmizin Rusiya Federasiyasındakı diplomatik missiyası vasitəsilə Azərbaycanın hakimiyyət orqanlarına bu cür müraciət göndərsəniz, sizin də məsələniz müsbət həll ediləcək. Bu halda biz sizin Azərbaycana səfəriniz üçün hər cür şərait yaratmağa hazır olacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə