“Yaşıl məktəb - ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi”

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Yaşıl məktəb - ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” adlı layihə ilə bağlı məktəblilər üçün yekun konfrans keçirilib.

Sentyabr ayından etibarən start verilən layihənin əsas məqsədi nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılması, alternativ enerji meydançasının təşkili, müasir texnologiyaların tətbiqi, davamlı inkişaf naminə fasiləsiz ekoloji təhsilin həyata keçirilməsi, məktəblilərin gələcəkdə cəmiyyətə inteqrasiyası və müstəqil fəaliyyətə cəlb olunması üçün zəmin yaradılması, onlarda ekoloji, sosial və iqtisadi cəhətdən dayanıqlı təsərrüfatçılıq səriştələrinin inkişaf etdirilməsindən ibarət olub. Bu layihə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Bakı şəhəri üzrə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı üzrə 40 ümumtəhsil məktəbində fəaliyyət göstərən ekoklub dərnəklərinin lider və köməkçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultan-zadə və məktəbin direktor müavini Zafta Şirinova açıq elan ediblər. Onlar Bakı şəhərində müasir ekoloji tələblərə cavab verən alternativ enerji mənbələri ilə tam təmin olunmuş nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılmasının əhəmiyyəti haqqında danışıblar.

Daha sonra müxtəlif dövlət və özəl qurumlardan konfransa dəvət olunmuş ekspertlər, öz təqdimatları ilə çıxış ediblər. AMEA mərkəzi Nəbatət bağı “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri Elman Əsgərov “Fitodizayn və yaşıllaşdırma”, “Eco Solutions” MMC-nin kommersiya meneceri Süleyman Əliyev “Tullantıların utilizə edilməsi və təkrar istehsalı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nərmin Hacıyeva ”Suyun qənaətlə istifadəsi”, “Provitaz” MMC-nin mühəndisi Emin Məmmədov ”Səmərəli enerji təsərrüfatı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Elnur Muxtarov “Ekoloji təmiz məhsulların yetişdirilməsi”, AMEA Topraqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Leyla Qasımova “Sağlam qidalanma”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri, Pərvin Əzizli “Ağıllı ev və ekoloji məktəb” mövzularında geniş məruzə ediblər.

Konfrans öz işini enerjiyə qənaət, suya qənaət, yaşıl dizayn, yaşıl bufet, tullantılar bölmələri üzrə qrup işləri ilə davam etdirib. Məktəblilər beş istiqamət üzrə müzakirələr apararaq, işçi qruplar ilə hazırladıqları təqdimatlarla çıxış ediblər. Yeni təkliflərlə çıxış edən ekoklub liderləri və köməkçiləri iştirakçılar tərəfindən böyük maraqla dinlənilib.

Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub. Ümumilikdə konfransda 100 nəfər şagird iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə