Azərbaycan regionda lider dövlətə çevrilib

Xalqımız hər il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünü böyük iftixar hissi ilə qeyd edir. Bu tarixi gün respublikamızın hər yerində olduğu kimi, şimal-qərb bölgəsi rayonlarında da silsilə tədbirlərlə qeyd olunub. Xəbər verilir ki, Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Qaxda keçirilən toplantının iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev dövlət müstəqilliyinin əldə edilməsindən ötən 27 ilin Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olduğunu bildirib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev xalqımızı müdrik siyasəti ilə keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində isə Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova “Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır” mövzusunda məruzə edib. Bildirilib ki, xalqımız əsrlərboyu müstəqillik qazanmaq, azad və suveren dövlətdə yaşamaq arzusunda olub. Lakin zəngin sərvətlərə malik olan, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanı imperiya qüvvələri daim öz təsiri altında saxlayıb, onun müstəqil dövlət kimi fəaliyyətinə yol verməyib. Məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa edilib. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlanıb.

Çıxış edənlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini xüsusi vurğulayıblar. Bildirilib ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan artıq yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınır.

Tədbirin sonunda müstəqillik illərində Azərbaycanın qazandığı uğurlardan bəhs edən film nümayiş etdirilib.

X X X

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Əlamətdar gün münasibətilə oktyabrın 18-də Rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Konsertdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə