Heydər Əliyev və Azərbaycan mətbuatı

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 143 yaşı tamam olur. Bu, əslində tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Təsadüfi deyildir ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın 143 illiyi ərəfəsində də xüsusi sərəncam imzalayaraq çap mediasında çalışan insanların daim diqqətdə olduqlarını bir daha sübuta yetirdi. Sərəncamda göstərildiyi kimi, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb.

Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şərait yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran mühüm vəzifələrdir. Fikrimizcə, Prezident İlham Əliyevin imzaladığı bu sərəncamın özü Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir.

"Əkinçi" ənənələri ilə həyata qədəm qoyan, "Molla Nəsrəddin" ənənələri ilə mübarizləşən Azərbaycan milli mətbuatı ötən 143 il ərzində, həqiqətən, çox kəşməkeşli, həm də son dərəcə şərəfli bir inkişaf yolu keçib. Təbiidir ki, bu yol heç də həmişə rəvan olmayıb. Əslində, bütün dövrlərdə və bütün ölkələrdə mətbuatın missiyası da elə cəmiyyəti düşündürən, narahat edən problemləri gündəmə gətirmək, onların həlli yollarını aramaq və ən başlıcası, hökumətin və geniş ictimaiyyətin diqqətini bu sahəyə səfərbər etmək olub. Bu mənada mətbuat həmişə tərəqqi və inkişafa yardımçı, ətalət, cəhalət, mühafizəkarlıq, meşşanlıq və nəhayət, sui-istifadə və cinayət hallarına qarşı amansız mübariz olub. Əlbəttə, söhbət normal və sağlam mətbuatdan gedir.

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, Ulu Öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi.Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı.

Ulu öndər özu bu barədə deyirdi: "Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat - kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik".

Təbiidir ki, mətbuat və televiziyanın qaldırdığı problemlər də MK-nın və şəxsən Heydər Əliyevin diqqətindən yayınmırdı. O illərdə "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi" və digər qəzetlərdə dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi.

Heydər Əliyev dövrünün böyük siyasətçisi idi və adətən, belə insanlar öz hiss və həyəcanlarını çox zaman biruzə vermirlər. Amma onunla bir yerdə işləyən və onu yaxından tanıyan insanlar çox yaxşı bilirlər ki, ulu öndər mətbuatla, jurnalistlərlə nə qədər səmimi idi. O, sözün tam mənasında, mətbuat üçün açıq adam idi. Yəni, o, mətbuata hər şeyi deyirdi və mətbuatın qaldırdığı problemlərə də həssaslıqla yanaşırdı. "Literaturnaya qazeta"da "Qoy, ədalət zəfər çalsın" başlığı altında dərc olunmuş müsahibəni yada salın. Heydər Əliyev həmin müsahibəsi ilə, əslində, SSRİ məkanında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq müharibə elan etmişdi. Əlbəttə, dünyaya qapalı olan bir ölkədə, özü də dövlətin rəhbərlərindən birinin dilindən cəmiyyətdə kök salmış neqativ halların açıq şəkildə təhlil və tənqid olunması o dövr üçün son dərəcə riskli addım idi. İnanın, o zaman SSRİ rəhbərləri içərisində Heydər Əliyevdən savayı, heç kəs bunu edə bilməzdi. Həmin müsahibədən sonra mətbuatda cəmiyyətin az qala bütün sahələrini əhatə edən çox geniş müzakirələr oldu. SSRİ-nin bütün regionlarının sakinləri bu müzakirələrə qoşuldu.

Təbii ki, o zaman bu məsələ ilə bağlı həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı görünən və görünməyən qüvvələr tərəfindən çox ciddi təzyiqlər oldu. Amma bütün bunlar Azərbaycanın Heydər Əliyev tərəfindən müəyyən edilən və idarə olunan mənəvi-siyasi kursunu dəyişə bilmədi. Əksinə, ulu öndər ölkədə sosial-mənəvi mühiti sağlamlaşdırmaq naminə daha ciddi addımlar atdı. "Literaturnaya qazeta"ya müsahibəsindən az sonra bilavasitə mənəviyyat məsələlərinin müzakirəsinə həsr olunan respublika müşavirəsində siyasi sistemin mahiyyətindən irəli gələn hər cür çatışmazlıq və eybəcərliklər geniş müzakirə predmetinə çevrilərək kəskin tənqid atəşinə tutuldu, vəziyyəti sağlamlaşdırmaq məqsədilə müvafiq tədbirlər planı təsdiq olundu.

Şəxsi nümunənin təsir gücü hər yerdə və hər zaman böyük olub. Bu mənada Heydər Əliyev nümunəsinin təsir gücü xüsusilə əvəzsizdir. Məsələn, 70-80-ci illərdə məhz ulu öndərin şəxsi diqqət və qayğısı vəzifəsinin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün məmur korpusunun mətbuata və mətbuat sahəsində çalışanlara münasibətində bir növ etalona çevrilmişdi. Bu cür isti münasibətin nəticəsidir ki, o illərdə Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə Azərbaycan jurnalistlərinin böyük bir nəsli Heydər Əliyev idarəçilik məktəbində yetişərək, püxtələşərək, sözün əsl mənasında, peşəkarlıq zirvəsinə ucaldılar.

Nə yazıq ki, sonralar həmin kadrlardan Heydər Əliyevə qarşı dönük çıxanlar da oldu. Amma ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə döndükdən sonra da həmin insanlara qayğıkeş münasibət göstərməkdə davam etdi. Təsəvvür edin, Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışının mətnini çap etməkdən qəti surətdə imtina edən redaktor sonradan əməkdar jurnalist oldu, ömürlük Prezident təqaüdünə layiq bilindi və s.

80-ci illərin sonu - 90-cı illərin əvvəllərində ölkədə anarxiya, hərcmərclik və özbaşınalıq baş alıb getdiyi dövrdə birbaşa Moskvanın ssenarisi əsasında Heydər Əliyev şəxsiyyətinə qarşı çox çirkin "piar" kampaniyası aparılırdı. Lakin ömrü boyu yalnız böyük və müqəddəs amallar uğrunda mübarizə apardığından cılız insanların sifarişi və təşkilatçılığı ilə mətbuata çıxarılan qərəzli yazılara o, özü əsla reaksiya vermirdi. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən muxtar respublikanın Nazirlər Sovetinin sədri, hazırda isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı işləyən Şəmsəddin Xanbabayevin tez-tez xatırladığı bir əhvalat bu baxımdan çox ibrətamizdir:

- O illərdə blokada şəraitində yaşayan Naxçıvana hər tərəfdən çox ciddi təzyiqlər vardı. Əvvəlcə Mütəllibovun qoçuları, onun ardınca isə Xalq cəbhəsi və onun ətrafında cəmləşən səbatsız ünsürlər Naxçıvanı və onun rəhbərliyini sındırmaq məqsədilə ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmirdilər. Lakin Heydər Əliyevin nüfuzu, hörməti və Naxçıvan əhalisi tərəfindən etibarlı şəkildə müdafiəsi həmin qüvvələrə öz çirkin planlarını reallaşdırmağa imkan vermirdi. Ulu öndərin şəxsiyyəti və əməli fəaliyyəti ilə bağlı ayrı-ayrı mətbuat orqanlarının sifarişlə hazırladığı qərəzli və böhtan xarakterli yazıları xüsusi olaraq qeyd etmək istərdim. Hamımız yaxşı bilirdik ki, maraqlı, tutarlı, ədalətli və obyektiv yazıları həvəslə oxuyan ulu öndər özü sifarişlə yazılan qəzet cızmaqaralarına əsla əhəmiyyət vermirdi. Lakin qəzetlərdən birinin növbəti yazısında artıq bütün hədlər aşıldığından Əliyev komandasının digər üzvləri kimi mən də daha dözə bilmədim. Necə deyərlər, elə başı alovlu vəziyyətdə qəbuluna getdim. Kabinetinə daxil olan kimi adəti üzrə görülən işlər və əvvəllər verdiyi tapşırıqların icrası ətrafında söhbət etdi. Tövsiyə və iradlarını bildirdi. Bəzi yeni tapşırıqlar verdi. Söhbətimizin sonunda yerindən qalxaraq gülümsəyə - gülümsəyə: "Şəmsəddin, sən də nə isə demək istəyirdin?" - deyərək mənə yaxınlaşdı. Bayaqdan bəri bükərək əlimdə saxladığım o bədnam qəzeti açaraq, dedim: "lap ağ edirlər, icazə verin, mən özüm onlarla məşğul olum". Ulu öndər, sanki heç nə olmayıbmış kimi, "axı hamınıza demişəm, belə şeylərə əhəmiyyət verməyin, get işlərinlə məşğul ol!" -deyərək, növbəti dəfə məni beləcə xoş əhvalla yola saldı.

Heydər Əliyev mətbuatın gücünə inanırdı və elə bu səbəbdən də mətbuatdan çox şey umurdu. Mərhum Mövsüm Mövsümov danışırdı ki, bir dəfə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən aparıcı qəzetlərin muxtar respublikada işləyən əməkdaşlarını yanına dəvət edərək onlara ciddi irad bildirdi: "Mən sizi yaxşı tanıyıram. Sizinki odur, rayondan nümayəndə qoşaraq kolxoza, sovxoza göndərələr. Orada kababdan yeyəsiniz, sədr və ya direktorla pıçıldaşasınız, yalnız bundan sonra nə isə bir şey yazasınız. Ay bala, erməni Sədərəyə güllə atır, niyə yazmırsınız, kimi və nəyi gözləyirsiniz?!

Görün, necə də vaxtında söylənilmiş haqlı və ədalətli iraddır. Əfsuslar olsun ki, bəzi üzdəniraq mətbuat orqanları və cılız qələm sahibləri sovet dönəmində olduğu kimi, bu gün də kabab ətrini millət və vətən sevgisindən üstün tuturlar.

Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

Heydər Əliyevin mətbuata isti münasibəti Azərbaycandan kənarda yaşayan və işləyən media mənsublarına da çox yaxşı bəlli idi. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrini, tanınmış şirkət və agentlikləri təmsil edən çox tanınmış qəzet və televiziya müxbirləri hər zaman onunla görüşməyə, ondan müsahibə almağa çox böyük maraq göstərirdilər. Təsadüfi deyildir ki, həm Azərbaycan, həm də SSRİ rəhbərliyi tərəfindən ona qarşı çox güclü təzyiqlər olduğu dövrdə belə bir çox xarici ölkə jurnalistləri hər cür maneələri dəf edərək çətinliklə də olsa, Heydər Əliyevlə görüşmək, ondan müsahibə almaq üçün Naxçıvana gedirdilər.

Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Əvvəllər az qala, hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet və jurnal dərc olunur. İndi isə, hətta aidiyyatı orqanların nümayəndələri belə bəzən ölkədə nə qədər qəzet və jurnal nəşr olduğunu söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın. Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstiliyindən sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Bəli, bu danılmaz həqiqətdir ki, indiki halda Azərbaycanda nəşr olunan bir sıra mətbuat orqanları, necə deyərlər, gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan, çağırış və şüarları kütlə tərəfindən gülüş və istehza ilə qarşılanan, beləliklə də sosial bazasını tam şəkildə itirmiş olan üzdəniraq müxalifət bu gün, sadəcə, olaraq ayrı-ayrı mətbuat orqanlarının kölgəsinə qısılaraq süni görüntü yaratmaqla məşğuldur. Bu, əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə müxalifət mətbuatının maliyyələşdirilməsinə yönəldilir.

Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. İnanırıq ki, 143 illiyini bayram edən Azərbaycan jurnalistikası bundan sonra da öz üzərinə düşən məsul və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Q.CƏBİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...