BİU-da gənclər üçün elmi seminar keçirilib FOTOLAR

Bu gün Bakı İslam Universitetində "Dini radikalizm və ekstremizm: dini, hüquqi, psixoloji yanaşma" adlı gənclər üçün elmi seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, seminarda universitetin prorektoru Elçin Həsənli, kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, "Loqos" psixoloji və nitq inkişafı mərkəzinin transpersonal psixoloqu, aparıcı mütəxəssis İlqar Kərimov mövzu ilə bağlı gənclər qarşısında çıxış ediblər.

İlk olaraq E.Talışınski radikalizmin və ekstremizmin terminoloji mənasını açıqlayıb, hüquqi və siyasi baxımdan hər iki məhfuma aydınlıq gətirib. E.Həsənli dini təhsil və maarifləndirmənin dini radikalizmin qarşısının alınmasında böyük əhəmiyyətini vurğulayıb.

Daha sonra İ.Kərimov gənclər üçün dini radikalizm və ekstremizmi psixoloji baxımdan geniş şərh edib. Tədbirdə natiqlər tərəfindən dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə, dövlət-din münasibətləri, dövlətin dinə və dindarlara göstərdiyi qayğı, gənclər siyasəti və bir sıra məsələlər müzakirə edilib. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü din siyasətinin və QMİ-nin Gəncə hadisələri ilə bağlı bəyanatının əhəmiyyəti qeyd edilib.

Seminar gənclərin mövzu ətrafında çıxışları ilə davam edib və yaranan suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Olduqca maraqlı, interaktiv şəkildə keçən maarifləndirici elmi seminar Bakı İslam Universitetinin gənclərinin "Dini radikalizmə yox deyirik" şüarı ilə yekunlaşıb.

E.Talışınski bu mövzuya həsr olunmuş tədbirlərin BİU-da davamlı olaraq keçiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə