Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət dörd toplu və “Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd kitab nəşr etdirib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, “Azerbaycan Cümhuriyyeti. 1918-1920. Osmanlı arşiv belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı mindən çox nadir sənəd yer alıb. Bütün sənədlər transkripsiya edilərək iki yüzdən çox adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

“Azerbaycan Cümhuriyyeti Osmanlı basınında” toplusunda Türkiyədə həmin dövrdə nəşr olunan qırx dövri mətbuat orqanının, o cümlədən “Tasviri-Efkar” (1864-1925), “Sabah” (1875-1922), “Tercüman-i Hakikat”(1878-1921), “İkdam” (1894-1931), “Tanin” (1908-1947), “Alemdar” (1912-1922) qəzetləri, “Sebilürreşad” (1908-1925) dərgisi və b. materialları verilib. Eyni zamanda, topluda dövrün ən mühüm problemlərinə dair Əhməd Ağaoğlunun, Yunus Nadinin, İbrahim Hilmi Tüccarzadənin, Fuad Köprülüzadənin, Əhməd Nəbizadənin, Ruşen Əşrəfin, Refi Cavadın, Süleyman Nazifin və Türkiyə mətbuatında iz qoymuş digər müəlliflərin məqalələri vardır. Bu materiallarda Qafqazda və bilavasitə, Azərbaycanda cərəyan edən siyasi proseslər, İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans, Bakının azad edilməsi, Paris Sülh Konfransı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının Türkiyədə yaratdığı ruh yüksəkliyi və digər problemlərə dair indiyədək elmə məlum olmayan dəyərli informasiyalar vardır.

“Birinci Dünya savaşı və Azerbaycan. Osmanlı arşiv belgeleri” adlı digər sənədlər toplusu isə Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir.

“Kafkasyada “ermeni meselesi”. 1895-1912. Osmanlı arşiv belgeleri” adlanan toplu xronoloji cəhətdən əvvəlki illərə aid olsa da, Azərbaycan Xalq Cümhuriyyətinə aparan yola işıq salır. Qafqazda “erməni məsələsi”nin mahiyyəti, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlara dair yeni arxiv sənədləri problemin indiyədək məlum olmayan bir sıra ciddi məsələlərini müəyyən etməyə imkan verir.

Toplulara daxil edilən sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlık Dövlət Arxivləri Genel Müdürlüyü Osmanlı Arxivi Dairə Başkanlığı (BOA) və Baş Qərargahın Əsgəri Tarix və Strateji Etüt Dairə Başkanlığı Arxivindən (ATASE) toplanıb. Tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürovun nəşrə hazırladığı sənədlər toplusuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov geniş ön söz yazıb.

“Yeni Kafkasya. 1923-1927” dərgisi Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda çap olunub. Dərginin materialları uzun müddətdir ki, Azərbaycan oxucusu üçün əlçatmaz hesab olunurdu. Avropa Azərbaycan Cəmiyyətinin layihəsi əsasında bu dərginin də bütün sayları latın əlifbasına transkripsiya edilib və bir araya gətirilərək dörd kitabda nəşr edilib. Dərgini nəşrə Yavuz Akpınar, Səlcuq Türkyılmaz və Yılmaz Özkaya hazırlayıb. Professor Yavuz Akpınar nəşrə ön söz və “Yeni Kafkasya”nın nəşri tarixi, müəllifləri, məqalələri və s. haqqında oxucunu maraqlandıran suallara cavab verən geniş məqalə yazıb.

Bu kitablar Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair fundamental mənbə bazası olub, tələbələr, müəllimlər, tarixçi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə