“Ağ” ölümün cəngindən necə xilas olaq?

Narkomaniya yaşamın son nöqtəsi, bir insanın düçar ola biləcəyi ən aşağılayıcı dərd, xəstəlik, faciə, bəla, bəlkə də çoxlarının adlandırdığı “ağ” ölümdür.

Müasir dünyamızda böyük bəla olan narkomaniya getdikcə əhatə dairəsini genişləndirməkdədir. Sürətlə yayılan bu bəla ilə mübarizə aparmaq günün ən aktual isə probleminə çevrilib. Narkotik maddə alverçi ilə məşğul olanlar əsasən özləri üçün uşaqların, gənclərin sıx toplaşdığı yerləri məkan seçirlər. Gəlir əldə etmək üçün insanları, xüsusilə yeniyetmə və gəncləri ölümə aparan bu pis vərdişə alışdırırlar.

Sözsüz ki, daha təcrübəsiz olan gəncləri, yeniyetmələri, uşaqları aldatmaq, onların etibarını qazanmaq narkotik alverçiləri üçün o qədər də çətin olmur. Onlar gəncləri inandırılar ki, narkotikdən istifadə yeni və fərqli bir həyəcandır. Yeniyetmə yaşlarında insanlar bu fikirlərə daha çox inanır, ailənin, yaxınların məsləhətləri isə qulaqardına vurulur.

Erkən yaşından narkotik istifadə edən insanın orta ömrü 35-40 il olur

Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Narkomaniya 12-17 yaş qrupu arasında daha geniş yayılmışdır. Narkotik istehsalına görə Əfqanıstan dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub saxlayır. Statistikaya əsasən Avropa Birliyi ölkələrində narkomanların sayı 742 minə yaxındır. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Burada təxminən 26 milyon adam narkotik vasitələrdən istifadə edir.

Cinayətə cəlb edilənlər arasında yeniyetmə və gənclər də var

2018-ci ilin üç ayında ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

Dövlət Komissiyasının İşçi Qrupundan bildiriblər ki, üç ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 887 fakt aşkarlanıb. Onlardan 304-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kiloqram 631,681 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədəd çətənə kolu müsadirə olunub.

Cinayət məsuliyyətinə 493 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarıdır.

Cinayət məsuliyyətinə cəlb edilənlər və narkotik istifadəçiləri arasında yeniyetmələrin, gənclərin və qadınların olması faktı bu istiqamətdə fəaliyyətin sistemli və əlaqəli şəkildə təşkilinin təkmilləşdirilməsinin zəruri olduğunu göstərir. Bununla əlaqədar şəhər-rayon komissiyaları profilaktik fəaliyyətin təsir formalarını yerli xüsusiyyətlər nəzərə alınmaqla reallıqlara uyğunlaşdırmalı və hüquqpozmalara meylli gənclərin erkən aşkarlanması üçün müvafiq qurumlarla, o cümlədən hüquq-mühafizə orqanlarının yerli bölmələri arasında fəaliyyətlərini əlaqələndirməlidirlər.

Müsadirə edilmiş və yandırılmış narkotik vasitələrin ümumi dəyəri 16 milyon manat təşkil edir

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyeva mətbuata açıqlamasında deyib ki, may ayının 16-da 388 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 892 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Fəqan Şahverdiyevin sözlərinə görə, 468 kq 658,155 qr marixuana, 217 kq 96, 701 qr heroin, 183 kq 25,135 qr tiryək, 22 kq 848,734 qr həşiş qətranı, 18 min 462 ədəd psixotrop maddə və 6 min 453 ədəd çətənə bitkiləri yandırılıb.

Müsadirə edilmiş və yandırılmış müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 16 milyon manat təşkil edir.

Narkomaniyaya qarşı mübarizənin əsas yollarından biri maarifləndirmədir

Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri Zaur Adıgözəlovun sözlərinə görə, dünyada narkotik maddələrinə aludəçilik artmaqdadır: “Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri narkotika alveri ilə məşğul olanların sayının çoxalmasıdır. Dövlət və cəmiyyət səviyyəsində buna qarşı mübarizə aparılmalıdır. Konkret olaraq ölkəmizdə də bu istiqamətdə tədbirlər görülür. Bu sahədə ilk növbədə hüquq-mübarizə orqanları yüksək səviyyədə iş aparır. Sözügedən dövlət qurumları təkcə cinayətkarları yəni, narkotik maddə istifadəçiləri və bunun dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə həbs qətimkan tədbirləri ilə kifayətlənmir. İnsanlar, xüsusilə də yeniyetmə və gənclər arasında geniş maarifləndirmə tədbirləri də həyata keçirir”.

Zaur Adıgözəlov deyir ki, QHT-lər də maarifləndirmə işində aktivlik nümayiş etdirirlər: “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, KİV-lərə Dövlət Dəstəyi Fondu və digər dövlət qurumlarının ayırdığı qrantlar vasitəsi ilə müxtəlif QHT-lər bu istiqamətdə maarifləndirici tədbirlər görürlər. Maarifləndirmə tədbirlərində də əsas məqsəd insanları hüquqi və tibbi baxımdan öyrətmək, maarifləndirməkdir. Xüsusilə gənclərlə görüşlər zamanı onlara izah olunur ki, əgər narkotik maddələrdən ticarəti ilə məşğul olsa bu faktiki cinayət əməlidir və yolunuz həbsxanadır. Yox narkotik maddələrdən cüzi olsa istifadə etsəniz bu sizin sağlamlığınıza ziyandır, tezliklə onun aludəçisinə çevrilə bilərsiniz. Bu isə gələcəyiniz, həyatınız üçün ciddi təhlükədir. Amma düşünürəm ki, aparılan tədbirlər daha da gücləndirilməlidir. Ümumiyyətlə, narkomaniyaya, narkotik maddələrin dövriyyəsinə və onlardan istifadəyə qarşı mübarizə aparmağın əsas yollarından biri maarifləndirmədir”.

Gülyanə Ağakərimova

Yazı Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi Qrupunun "Narkomanlığa qarşı mübarizə" mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə