Şabranda Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd olundu

Bu gün Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 95 illik yubileyi münasibəti ilə əlaqədar tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatı qadınlar şurasının sədri Minə Quliyeva bildirdi ki, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr yazıb: "Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülmüşdür. Zərifə xanım bütün elmi yaradıcılığı və fəaliyyəti ilə Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının fəxri idi".

O qeyd edib ki, Zərifə Əliyevanın traxoma xəstəliyinin qarşısının alınması sahəsində göstərdiyi xidmətlər bu gün də elmi ictimaiyyət tərəfindən hörmətlə yad edilir: "Bu gün Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində görülən müsbət tədbirlər dünya elmi tərəfindən diqqətlə izlənilir".

Tədbirdə YAP Şabran rayon təşkilatının aparat rəhbəri Tahirə İbrahimova, partiya fəallarından Şabran rayon Mərkəzi Xəstəxananın həkimi Dilarə İdrisova, rayon xəstəxanasının göz həkimi Sənubər Müslümova, Könül Kəlbiyeva və başqaları çıxış edərək, görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Onun insanlıq naminə yüksək keyfiyyətləri həkimlər və tibb işçiləri üçün örnək olaraq qalacaq, hörmət və ehtiramla xatırlanacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...