Qazaxın Alpout kəndində 2 mərmi tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Alpout kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 yanvar 2018-ci il tarixlərində Ağdam, Ağstafa, Tərtər, Qazax və Lənkəran rayonları ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 1 otlaq sahəsinə, su kanalına və bazar ərazisinə baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilmiş, 6 340 kv.m ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə