Alman qəzeti “BAKU AGROPARK” müasir istixana kompleksi barədə yazıb

Bostançılıq və bağçılıq sahəsində ən son nailiyyətlərdən yazan Almaniyanın “TASPO” qəzetində Xəzər rayonunun Zirə qəsəbəsində fəaliyyət göstərən “BAKU AGROPARK” müasir istixana kompleksi barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanda Niderland texnologiyası əsasında müasir istixana kompleksi qurulub” adlı məqalədə ölkəmizdə mövcud və tikilməkdə olan istixana təsərrüfatları barədə ətraflı məlumat verilir. Məqalədə almandilli oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan keçmiş SSRİ-də bostançılıq və bağçılıq təsərrüfatının inkişafına görə ən qabaqcıl respublikalardan biri hesab olunurdu. Yazıda vurğulanır ki, paytaxt Bakıda və regionlarda müasir istixana kompleksinin yaradılması sayəsində Azərbaycan Avropada ən güclü bostan-tərəvəz məhsulları yetişdirən və ixrac edən ölkəyə çevrilməkdədir. Qeyd edilir ki, Azərbaycanda tərəvəz yetişdirilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Qış fəslində güclü şaxtaların olmadığı Bakıda pomidoru il ərzində istixanalarda yetişdirmək mümkündür.

Yazıda bildirilir ki, “BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub.

Bu müəssisənin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracyönümlü məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub.

loading...