Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində olublar

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera və nümayəndəliyin müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram Naxçıvan Dövlət Universitetində (NDU) olublar. NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Seymur Talıbov qonaqları salamlayaraq, ali təhsil ocağının strukturu və fəaliyyəti haqqında məlumat verib.

Qeyd olunub ki, NDU ən son texnologiyalarla təchiz edilib. Universitet yüksək dövlət qayğısı ilə əhatə olunub və burada distant, eləcə də elektron təhsilin inkişafı üçün lazımi şərait mövcuddur. Universitetin beynəlxalq əlaqələrindən danışan prorektor ali təhsil ocağının “Erasmus+”, “Mövlana” mübadilə proqramlarına qoşulduğunu və proqramlar çərçivəsində həyata keçirilən müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Bütün bunlar isə öz növbəsində dünya universitetləri ilə müəllim-tələbə mobilliyinin həyata keçirilməsinə geniş imkanlar açır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera muxtar respublikada ikinci dəfə olmağından məmnunluğunu ifadə edib. Qonaq BQXK-nin ümumi iş prinsipi, o cümlədən qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Vurğulanıb ki, Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən qurumun başlıca məqsədi cəbhəyanı bölgələrdə yaşayan, müharibədən əziyyət çəkən mülki vətəndaşlara humanitar yardımın göstərilməsindən ibarətdir. Nümayəndəliyin rəhbəri universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə