İlham Əliyev Samux rayonuna səfərə gəlib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri - Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb.

Bu layihələrin icrası ilə ölkəmizdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Hazırda 690 milyon kubmetr su yığılan bu anbardan Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətləri çəkilir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, “Şəmkir çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb. Kanalın kəsişmə qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına nail olunacaq. Hazırda kanalın 4,5 kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yeni yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün hazırda boru kəmərinin və hovuzun tikintisi işləri aparılır.

Qeyd edildi ki, 1980-ci illərdə inşa olunmuş Şəmkir maşın kanalının birinci növbəsinin layihə üzrə tikinti işləri tamamlanmadığından və təbii amillərin təsirindən beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdi. Kür çayı üzərindəki Şəmkir su anbarından kanala əlavə su verilməsi və bu sulardan səmərəli istifadə edilməsi məqsədilə kanalın bu hissəsinin təmir-bərpasına ehtiyac var. Ümumiyyətlə, layihənin tam başa çatdırılması ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.

Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb.

Qeyd edildi ki, 23 min nəfər əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı
- Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi. Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda, bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var. Bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait ayrılmışdır. Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik.

Digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur. Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər.

Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir.

Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir.

Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Bu gün biz Göygöl rayonunda regional toxumçuluq, aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə verəcək.

Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki, Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə, 30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır. Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar, onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz təzahürüdür.

Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edən kənd sakini Mahirə MƏMMƏDOVA dedi:

-Cənab Prezident, mən Sizi bütün samuxlular adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz. Bu gün açılışını etdiyiniz bu körpünün uzun illər həsrətində olmuşuq. Bizim ata–babalarımız da bu körpünün həsrətində olublar. Yağış yağıb çay daşanda bu yol bizim üçün keçilməz olurdu. Biz istədiyimiz yerə getmək üçün qırx kilometr uzaq yol qət edirdik. Siz bizim uzaq yolumuzu yaxın, çətin işimizi asan etmisiniz. Allah Sizə cansağlığı versin. Allah valideynlərinizə rəhmət eləsin. Allah övladlarınızı qorusun.

Cənab Prezident, Siz bizim təkcə bu körpü problemimizi həll etməmisiniz. Ulu Öndərimizin sayəsində bizim kənd camaatına paylanan pay torpaqlarında bir zamanlar susuzluqdan heç kim heç nə əkə bilmirdi. Amma bu gün Şəmkirçay kanalının açılışı bizim camaatın torpağa bağlılığını daha da möhkəmləndirdi. Bu gün demək olar ki, bizim kəndlərimizdə bir hektar da olsun boş torpaq qalmayıb. Bütün kənd camaatı torpağa qayıdıb, əkir, biçir, becərir, əldə etdiyi gəlirləri ailəsi üçün xərcləyir, övladlarına toy edir, ev tikir. Bu da bizim üçün ən yüksək göstəricidir.

Mən Sizi bizim rayonumuza gəlişiniz münasibətilə bir daha təbrik edirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, biz Samux qadınlarının salamlarını Mehriban xanıma çatdırasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm.

x x x

Rayon sakini Aidə NAMAZOVA dedi:

-Möhtərəm cənab Prezident, mən də Sizi salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Samux haqqında fikirlərimi bildirmək istərdim.

Samux rayonu 1990-cı illərdə yaradılıb. Nəinki o vaxtkı, hətta 10-15 il bundan əvvəlki Samuxla indiki Samuxu müqayisə etsək, görərik ki, inanılmaz dərəcədə dəyişiklik baş verib. 1990-cı illərdə rayon mərkəzi palçıqlı, əyri yollardan, bir neçə küçədən ibarət qəsəbə idi. 2008-ci ildə Sizin Sərəncamınızla rayon mərkəzi şəhər statusu aldıqdan sonra burada böyük quruculuq-abadlıq işləri həyata keçirildi. Sizin yüksək diqqət və qayğınız sayəsində Samux böyüdü, abadlaşdı, parklar, xiyabanlar, yaşıllıqlar salındı, müasir tipli binalar tikildi. Əlbəttə, Sizin qayğınız sayəsində insanların həyat səviyyəsi yüksəldi. Siz qeyd etdiyiniz kimi, yeni iş yerləri açıldı, sosial obyektlər, məktəb binaları tikildi. Bütün bunlar bizim üçün böyük fəxrdir. Biz bilirik ki, bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Eyni zamanda, biz bilirik ki, bu tədbirlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanımın da böyük dəstəyi, əməyi var. Biz Sizə minnətdarlığımızı bildiririk. Mehriban xanıma da minnətdarlığımızı çatdırmağı Sizdən xahiş edirik.

Möhtərəm cənab Prezident, şagirdlərlə və valideynlərlə daim təmasda olan bir pedaqoq kimi Sizə onu deyim ki, bu gün bütün insanlar Sizi çox böyük məhəbbətlə sevirlər. Onlar istəyirlər ki, Siz həmişə bizim prezidentimiz olasınız. Çünki Siz bu etimadı yorulmaz fəaliyyətinizlə qazanmısınız. Siz öz fəaliyyətinizlə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etmisiniz. Bu yolda Sizə uğurlar arzulayırıq. Bu gün biz samuxlular bütün xalqımız kimi, Sizə güvənərək, Sizə inanaraq, gələcəyə daha xoş ümidlərlə yaşayırıq. Qoy, Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm. Xoş sözlərə görə sizə minnətdaram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

Avqustun 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ikimərtəbəli binanın sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.

Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Prezident Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.

Son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Bu, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizdə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələrindən biridir. Layihənin əsas məqsədi Samux rayonunun enerjiyə olan tələbatının tam yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi, bununla yanaşı, respublikamızın enerji və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində iştirak və ixrac potensialının artırılmasıdır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Prezident İlham Əliyevə kompleks barədə məlumat verdi.

Bildirildi ki, layihənin 10-12 il müddətinə mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Kompleksdə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində dövlət tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin yerli iqtisadiyyatın bütün sahələrinə tətbiqinin təmin edilməsi, yerli infrastrukturun inkişafında iştirak, özəl sektor tərəfindən isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistika mərkəzinin və eləcə də burada fəaliyyət göstərən əməkdaşlar üçün müasir tipli yaşayış kompleksinin inşası planlaşdırılıb. Layihə 31 MVt-lıq elektrik və 48 MVt-lıq istilik generasiya gücünə malik hibrid tipli enerji stansiyasından, əkinçilik və bağçılıq sahələri, istixana, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq kompleksləri, arı ailələrinin yetişdirilməsi mərkəzi, süd və ət kombinatları, yem zavodu, logistika mərkəzindən və yaşayış kompleksindən ibarətdir.

Diqqətə çatdırıldı ki, Samux Aqroenerji Yaşayış Kompleksi alternativ və bərpa olunan enerji mənbələri hesabına işləyən hibrid enerji stansiyasında il ərzində istehsal ediləcək 120 milyon kilovat/saatdan artıq elektrik və 100 min heka kaloridən çox istilik enerjisi rayonun enerjiyə tələbatını tam ödəməklə, ildə 60 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə buraxılan karbon qazının həcminin 90 min ton azaldılmasına imkan verəcək. Bununla yanaşı, aqrokompleksin fəaliyyəti ildə on minlərlə ton meyvə-tərəvəz, süd və ət məhsullarının istehsalına, 2000-dən çox daimi yeni iş yerinin açılmasına şərait yaradacaq. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.

Qeyd olundu ki, respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin olunmuş enerji effektli üzüm-tərəvəz istixanası və şəhid A.Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə tətbiqi nəzərdə tutulub.

Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi istehlakçıların enerji ilə təchizatının təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir.

Samux Aqroenerji Yaşayış Kompleksi 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqondur və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqi xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yaradacaq.

Prezident İlham Əliyev kompleksin istifadəyə verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyası istifadəyə verilib.

“Azərişıq” ASC tərəfindən tam yenidən qurulan yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu” və “2-ci Poylu”, 6 kV-luq “Qırmızı Samux”, “Yenikənd”, “Fövqəladə hallar” hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu” hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq” adlı müasir qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.

Samux rayonunda 35/10 kV-luq “Qarayeri” yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.

Son illərdə 57 min insanın yaşadığı və 16 min abonentə xidmət edən Samux Elektrik Şəbəkəsində 110 və 35 kV-luq elektrik hava verilişi xətləri təmir olunub. Köhnə transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəzlənib. Şəbəkənin 54 kilometr hava xətti kabelləşdirilib, 405 kilometr hava xətti isə əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə