Zelenskinin Qarabağ məsələsində Bakını dəstəkləməsi erməniləri qıcıqlandırıb

Zelenskinin Qarabağ məsələsində Bakını dəstəklədiyi Ermənistan mətbuatında xüsusi yer alır. SİA xəbər verir ki, Ermənistana məxsus rusarminfo.ru saytı Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransı keçirilməsindən yazır.

Ermənistan mediası Zelenskinin mətbuat konfransında iki ölkənin iştirakı ilə ərazi münaqişələrini də müzakirə etməsini, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətini də işıqlandırıb. Sözügedən mətbu orqan ukrayna.ru nəşrinə istinadən yazır ki, prezidentlərin Bakıda ən vacib mövzusu regional və milli təhlükəsizliyin təmin olunması olub. Qeyd olunur ki, Ukraynanın şərqindəki müharibədən və Dağlıq Qarabağ münaqişəsindən danışan prezidentlər "Beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dövlətlərin suverenliyi və ərazi bütövlüyünün bərpasında bir-birini daim dəstəklədiklərini vurğulayıblar.

Vladimir Zelenskinin Ukrayna və Azərbaycanın bu istiqamətdə həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə birlikdə çalışmağa davam edəcəyi barədə fikirləri də Ermənistan mediasında məlumatlandırılıb.

Görünür, Zelenskinin Qarabağ məsələsində Bakını dəstəkləməsi erməniləri qıcıqlandırıb və Ermənistana məxsus media səhifələrində bu qıcıq özünü biruzə verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə