“Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” FOTOLAR
Bu gün Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev konfransı giriş sözü açaraq ekstremizmin təhlükələri barədə danışıb. Dini, zorakı ekstremizmə qarşı mübarizədə maarifləndirmə, təhsil, savadlanma, profilaktik tədbirlərin olduqca vacib olduğunu qeyd edən V.Gjorgjiev təmsil etdiyi qurumun bu istiqamətdə bir çox layihələr reallaşdırdığını deyib. O, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin ana xəttini multikulturalizmin təşkil etdiyini və bunun çox uğurlu siyasət olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı həyata keçirilən dövlət səviyyəli tədbirlər barədə məlumat verib. Bildirib ki, ekstremizmlə mübarizə bəşəriyyətin qarşısında duran həlli vacib olan məsələlərdən biridir. Dünyada ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və orada ölən insanların sayı hər il artır. Komitə sədri vurğulayıb ki, Azərbaycan müxtəlif ekstremist qrupların qarşıdurma yaratmağa cəhd etdikləri məkanlardan biri kimi göstərilə bilər. Onun sözlərinə görə, ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görülüb. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu din amilindən sui-istifadə edərək ekstremist qrupların yaranmasının qarşısının alınmasında mühüm rola malikdir. Bütün profilaktik tədbirlər ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırmasına qarşı yönəlib.
Ölkəmizdəki dinlərarası harmoniya haqqında da danışan Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb, dini konfessiyalar harmoniya içərisində yaşayır. Konstitusiyamızda, qanunlarımızda hər hansı bir dinin üstün mövqedə olması öz əksini tapmayıb. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Respublikamızda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 35 qeyri-islam dini icması dövlət qeydiyyatına alınıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bildirib ki, ekstremizm sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səy göstərilməsi vacibdir. Q.İsaqzai vurğulayıb ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir. BMT rəsmisi Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.
O qeyd edib ki, BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir. Q.İsaqzai, həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır.
Daha sonra İdarəçilik və iqtisadi dayanıqlılıq ofisinin direktoru, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyası Aylin Loules zorakı ekstremizmin təşəkkül tapmasında təsiredici amillər, onun mümkün təsirinin qarşısının alınması üçün görülən işlər, birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyi haqqında danışıb.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında olduqca vacib problemin həlli yollarının müzakirə edildiyi tədbirin əhəmiyyətini vurğulayıb. Mövzunun aktuallığına toxunan Elman Nəsirov bildirib ki, beynəlxalq hüquqla güc arasında balans pozulub. Bu reallıq fonunda radikallar, ekstremistlər, terrorçular özlərini çox rahat hiss edirlər. Qeyd edib ki, bu ünsürlər eyni zəncirin hissələridir, onların hədəfində gənclər dayanır. Azərbaycanın hüquqi müstəvidə bu problemə qarşı mübarizədə ən böyük töhfəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi multikulturalizm və tolerantlıq siyasətidir. Biz bütün dünyaya birgəyaşayış modelini və müxtəlif dinlərin harmonik yaşayış tərzini ixrac edirik. O vurğulayıb ki, bu, təkcə dövlət siyasəti yox, həm də ictimai sifarişdir və gələcəyimizin təminatçısıdır.
DQİDK sədrinin müavini Səyavuş Heydərov isə çıxışında diqqətə çatdırıb ki, internet dövründə bu problem getdikcə daha da genişlənir. Bildirib ki, bu problemə nəzəri yanaşmaqla yanaşı, onun aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Azərbaycan bu istiqamətdə öz şərəfli missiyasını uğurla davam etdirir. Heç bir din insanları qarşıdurmaya, toqquşmaya çağırmır. Onun sözlərinə görə, dini radikalizmin, ekstremizmin dinlə əlaqələndirilməsi düzgün deyil. Din libasına bürünmüş cinayətkar ünsürlər dindən öz maraqlarına uyğun istifadə edirlər.
Daha sonra konfransın “Zorakı ekstremizm və radikallaşmanı anlamaq: nəzəri yanaşmalar və elmi tədqiqat”, “Birgə qabaqlayıcı addımlar: Tərəfdaşlıq vasitəsilə yerli dayanıqlığın gücləndirilməsi” adlı bölmələrində Beynəlxalq Miqrasiya Təşkilatının Baş Qərargahı, Keçid və Bərpa məsələləri Bölməsinin nümayəndəsi Ceyson Aplon, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Müşfiq Eminov, Azərbaycan İlahiyyat İnsititutunun rektoru Ceyhun Məmmədov, BMqT-nin Şimali Makedoniya Respublikasındakı Nümayəndəliyinin əməkdaşı Erda Qazim, Qafqaz Siyasi Analiz Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının müəllimi Əhməd Əlili, BMqT-nin Bosniya və Herseqovinadakı Nümayəndəliyinin əməkdaşı Emil Balavac, DQİDK-nın sədr müavini Gündüz İsmayılov, BMqT-nin Şimali Makedoniya Respublikasındakı Nümayəndəliyinin rəhbəri Sonja Bozinovska, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi, İqtisadi və İnformasiya bölməsinin əməkdaşı Dr Ausra Raisyte-Daukantiene, Azərbaycan İlahiyyat İnsititutunun prorektoru Aqil Şirinov, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Anar İskəndərov, BMqT-nin Bosniya və Herseqovinadakı Nümayəndəliyinin əməkdaşı Aida Skenderagic çıxış ediblər.
Beynəlxalq konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə