AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatı birgə tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, YAP Rəyasət Heyətinin üzvü Vilayət Vəliyev partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib, partiyanın yaranma tarixi barədə məlumat verib.

Bildirib ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu gün ölkədə aparılan siyasətin ən başlıca hədəfi gənclərin həyatda öz layiqli yerlərini tutmasıdır. Bunun da ən vacib istiqaməti təhsildir. Rektor deyib ki, müharibə şəraitində olan ölkənin gənclərində vətənpərvərlik ruhu ilə yanaşı, elm və təhsilin inkişafına da xüsusi diqqət göstərilməlidir.

Vilayət Vəliyev AzTU-nun 50 qəhrəman tələbəsinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyev şəhid olub. Daha sonra çıxış edən Yasamal rayonu, Hüseyn Cavid 25, ərazi YAP ilk təşkilatının sədri Şikar Qasımov bildirib ki, hazırda partiyanın 750 min üzvü var. O partiyanın fəaliyyətində gənclərin rolunu xüsusi qeyd edib. Ölkədə gənclər siyasətinin uğurla aparıldığını diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatı Gənсlər Birliyinin sədr müavini Əsmər Nəbiyeva rayonda gənclərlə bağlı aparılan işlərdən danışıb. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumar verib. Bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə idi. Belə bir vəziyyətdə ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Bu gün ümumilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub.

Tədbirdə AzTU-nun əməkdaşları və tələbələrindən 26 nəfərinin YAP üzvlüyünə qəbul olunması ilə bağlı müraciətə baxılıb. Universitetin YAP üzvlüyünə yeni qəbul olan 13 tələbəsinə isə partiya vəsiqələri təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...