Paytaxt Bakı Dünya Dini Liderlərinin II Sammitinə ev sahibliyi etdi


Prezident İlham Əliyev: "Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir"

"Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır". Bu fikirləri Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərkən bildirib. Bakıda belə mötəbər tədbirin keçirilməsinin təbii olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın qədim dinlərarası ənənələri olduğunu, əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib: "Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir".
Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə, mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub-saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini, nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb və qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib.

"Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir"


Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Cənab Prezident çıxışında qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsinin Şəkinin yaxınlığında yerləşdiyini və və bu kilsənin qədim tarixi olduğunu vurğulayıb: "Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da, onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar və katolik kilsəsi inşa edilmişdir. Onu da bildirməliyəm ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir.

"Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir"

Prezident İlham Əliyev qlobal miqyasda ümumbəşəri dəyərlərin carçısı, dünya miqyasında multikulturalizm, islam həmrəyliyi ideyalarının fəal təbliğatçısı və mədəniyyətlərarası əməkdaşlığa dair "Bakı Prosesi"nin müəllifidir. Bu milli-dini birlik ideyası ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir. "Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir" deyən Cənab Prezident multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti olduğunu diqqətə çatdırıb.
Paytaxtımızda keçirilən bu möhtəşəm Sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməkdir. Dövlət başçısı bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacağını və Bakıdan səslənən mesajların lazımi ünvana çatacağını bildirib: "Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır".

"Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır"

"Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur" deyən Cənab Prezident ənənəvi dəyərlərin bizim üçün ən böyük sərvət olduğunu vurğulayıb: "Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də, məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər" aşılanır. Biz özümüzü və xüsusilə, gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir".
Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə, onların həllində müsbət nəticələr əldə olunur.

"Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir"

Dövlət başçısı Dünya Dini Liderlərinin II Sammitində ölkəmizin əldə etdiyi uğurlardan da danışıb. İqtisadi göstəricilərimizin müsbət olduğunu bildirib. Qeyd edib ki, 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmış, savadlılıq 100 faizə yaxındır, yoxsulluq isə son 16 il ərzində, təxminən, 50 faizdən 5 faizə düşmüşdür. Dövlət başçısı Azərbaycanın uğurları sırasında ölkəmizin texnoloji inkişafa böyük önəm verdiyini və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvü olduğunu vurğulayıb: "Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir".
Bütün bu nailiyyətlər Azərbaycanın uğurlarından, işıqlı gələcəyindən xəbər verir. "İnkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir" deyən Cənab Prezident sabitliyin də təminatçısının Azərbaycan xalqı, onun rəyidir, onun bizə verdiyi dəstək olduğunu diqqətə çatdırıb: "Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır".

Dünya Dini Liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Qeyd edək ki, Dünya Dini Liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi", "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən, Dünya Dini Liderlərinin I Bakı Sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib.
Dünya Dini Liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə, müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq edib. Dünya Dini Liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda "Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti" mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə