Müşavirədən daha hansı qənaətlərə gəldik? BƏHRUZ QULİYEV YAZIR

Sağlam mətbuat maksimum qaydada fəaliyyət prinsipini artırıb, təkmilləşdirməlidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirdiyi sonuncu müşavirədə irəli sürdyü bir sıra əhəmiyyətli fikirlər və toxunulan mühüm, eləcə də həssas məqamlar söz yox ki, medianın, eləcə də ictimai rəyin diqqəti mərkəzindədir. Dövlətimizin başçısı sosial-iqtisadi məsələlərlə yanaşı, digər aktual nüansları diqqətə çatdırdı və həmin nüanslardan biri də həyata keçirilən islahatlara maneçilik törədən hallarla bağlı oldu. Məhz bu amil sübuta yetirdi ki, uğurlu islahatlar siyasətini qəsdən kölgədə qoymağa cəhd edilən addımlar atılır, bu xüsusda şəxsi divident və maraqlarını güdənlər də olur. Bunun üçün isə, onlar bir sıra “medialardan” istifadə edirlər.

Korporativ maraqlara görə həyata keçkirilən islahatlara mane olmaq yolverilməzdir!

Əslində, həmin “medialar”, yaxud belə desək – “mətbuat səhifələri” hansılardır və onların məqsədləri nəyə hesablanıb? O da sirr deyil ki, bu gün Azərbaycan mətbuatında kifayət qədər özünü doğruldan, fəaliyyəti ilə oxucu kütləsinin rəğbətini qazanan, heç bir qaranlıq məqsədlər güdməyən qəzetlər, saytlar fəaliyyət göstərirlər ki, onların iş prosesləri, kredoları həm də dövlətçilik maraqlarından çıxış etmək reallığına söykənir. Bu baxımdan, verilən sualın cavabı birdir: şəxsi mənfəətlərini güdən bəzi insanlar korporativ maraqlarına görə vəzifələrinin öhdəsindən layiqincə gələn, dövlət başçısının tapşırıq və tövsiyələrini vicdanla yerinə yetirən, vəzifələrinin öhdəsindən şərəflə gələn dövlət məmurlarını hədəfə götürmək qədər yanlış yolla addımlayırlar. Bunun üçün isə məhz reketçiliklə məşğul olan qəzet və saytlar maraq alətlərinə çevirirlər.

O da sirr deyil ki, bu gün Azərbaycan Mətbuat Şurası reket jurnalistikasına qarşı ardıcıl addımlar atır, həqiqi jurnalistikanın inkişafı üçün çoxsaylı layihələr həyata keçirir, gələcəkdə tətbiq ediləcək plan və təşəbbüslərin uğurlu konsepsiyasını qurur. Eyni zamanda, bu da bəllidir ki, artıq adıçəkilən qurum kirli maraqlara xidmət edən “mediaları” aşkar edərək, “qara siyahıya” salır, belə yarıtmaz fəaliyyətlərə qarşı amansız mübarizə aparır.

Məhz ictimai qınaq deyilən amildən sui-istifadə edənlər öz çirkin məqsədlərini “reket jurnalistikası” vasitəsi ilə ictimailəşdirirlər

Möhtərəm Prezidentimiz müşavirədə ictimai nəzarət faktoruna da toxunaraq, bu amilin davamlı qaydada tətbiq olunması vacibliyindən də danışıb. Daha dəqiq desək, məhz ictimai qınaq deyilən amildən sui-istifadə edənlər öz çirkin məqsədlərini “reket jurnalistikası” vasitəsi ilə ictimailəşdirir, ölkə rəhbərliyinin təyin etdiyi uğurlu sosial-iqtisadi kursa xidmət göstərən dövlət məmurlarını hədəfə alırlar. Ona görə də, cənab İlham Əliyev müşavirədəki çıxışında həmin məsələləri irəli sürməklə müəyyən dairələrə öz mesajını ünvanladı. Bu səbəbdən, əgər kimlərsə həmin mövzunu qəsdən, bilərəkdən bütövlükdə Azərbaycan mətbuatının adı ilə bağlayırlarsa, onlar ciddi səhvə yol verirlər. Çünki müasir Azərbaycanın sağlam media məkanı heç vaxt imkan verməz ki, həmin məkana hər hansı digər qaranlıq fəaliyyətləri olan dırnaqrarası qəzetlər və saytlar daxil olsunlar.

Hətta belə bir nəticə də hasil etmək olar ki, əgər bu gün xaricdə fəaliyyət göstərən anti-milli ünsürlər Azərbaycanda gedən demokratiya və tərəqqi prosesinə qarşı qarayaxma kampaniyaları aparırlarsa, bu gün şəxsi mənfəətlərinin reallaşdırılması üçün hər vəchlə vicdanlı insanları ləkələməyə çalışanlar da demək olar ki, eyni missiyanı daşıyırlar. Buna isə bir ad vermək olar – dövlət və xalq əleyhinə fəaliyyət!

Təbii ki, bu gün ölkəmizdə söz və ifadə azadlığı mövcuddur və bu, ana yasamızda da kifayət qədər tövsif olunub. Ancaq bu o demək deyil ki, yalnız KİV-lərdə deyil, eyni zamanda sosial mediada heç bir səbəb olmadan insanlar hədəfə alınsın, zorla “ictimai qınaq” hədəfinə gətirilsin. Ona görə də, bu gün Mətbuat Şurası kimi qurumun hüquqi statusu daha da təkmilləşdirilməli, onun fəaliyyət prinsipi genişləndirilməlidir.

Media islahatlara qarşı çıxmaq məqsədi güdən fərdlərin ayaq açaraq yürümələrinə imkan verməməlidir!

Belə olan halda, ictimai nəzarət daha da gücləndiriləcək və dövlətin istiqamətləndirdiyi uğurlu strategiyasına qarşı qaranlıq məqsədli qüvvələr təsir edə bilməyəcək. Yəni ölkə başçımızın vurğuladığı hallar daha geniş spektrdə aradan qaldırılacaq. Çünki cənab İlham Əliyevin sonuncu müşavirədə səsləndirdiyi fikirləri həqiqətən də vacib və aktual olmaqla yanaşı, həm də mətbuata edilən müraciət kimi də qiymətləndirilə bilər. Bu isə yuxarıda qeyd edilən fikirləri bir daha sübut edir. Belə ki, istənilən media orqanı əgər dövlət maraqları xəttini özünün fəaliyyət istiqaməti seçibsə, həmin orqan heç bir zaman həyata keçirilən uğurlu islahatlara qarşı çıxmaq məqsədini güdən addımların atılmasına imkan verməməlidir. Əks halda, belə media qurumları da xalq və dövlət üçün həyata keçirilən mütərəqqi addımların qarşısını alanlar sırasına daxil olurlar. Bunun üçün isə, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, ictimai nəzarət daha da gücləndirilməli və bunun üçün sağlam mətbuat maksimum qaydada fəaliyyət prinsipini artırıb, təkmilləşdirməlidir.

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə