“Prezident növbəti islahatların anonsunu verdi” - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirə və orada vurğuladığı bir sıra məsələlər bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti bütün sahələr üzrə müntəzəm xarakterli islahatlar aparmaq üçün davamlı işlər aparır və bu işlərin uğurlu nəticələri göz önündədir". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, istənilən dövlətin gücü və qüdrəti onun iqtisadi potensialından asılıdır və ölkə başçısı İlham Əliyevin tətbiq etdiyi siyasi-iqtisadi strategiya, bu strategiya istiqamətində irəli sürülən təşəbbüslər və planlar həmin reallığı əks etdirməkdədir: "Çünki güclü iqtisadiyyat dövlətin gücünün göstəricisi olması ilə yanaşı, həm də xalqın sosial-rifah halının daha da yaxşılaşdırılması anlamını daşımaqdadır. Məhz bu baxımdan, cənab İlham Əliyev müşavirədə tətbiq edilən sosial paketlərin uğurlu nəticələrinə toxunub və qeyd edib ki, həmin paketlər 4 milyon 200 mindən çox insanın maddi vəziyyətini yaxşılaşdırıb. Habelə, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşıb".

"Təbii ki, əldə edilən nəticələr paralel olaraq iqtisadi sahədə gerçəkləşdirilən şaxələndirmə siyasətinin ardıcıllığı kimi də dəyərləndirilə bilər", deyən siyasi ekspert onu əlavə edib ki, dövlətimizin başçısı yalnız təbii ehtiyatlara, enerji resurslarına deyil, qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir və bunun da məntiqi nəticələri özünü kifayət qədər doğruldub: "Əbəs deyil ki, cənab İlham Əliyev doqquz ayın sosial-iqtisadi göstəriciləri ilə bağlı fikirlərini irəli sürərkən iqtisadi artımın tərkib hissəsi kimi qeyri-neft sektorunun inkişafı faktına da toxunub. Yəni bu sektordakı artım 3 faizi keçib, qeyri-neft sənayesi isə 15 faizdən çoxdur. Hətta həmin göstərici dünya miqyasında rekord kimi də qiymətləndirilir. Əlbəttə ki, bütün bunlar bilavasitə cənab İlham Əliyevin dövlət və xalq üçün əzmlə çalışmasının, daha böyük perspektivlərə imza atmasının bariz göstəricisidir".

"Azərbaycan yalnız sözügedən sahədə deyil, digər sahələrdə də liderlik mövqeyini qoruyub-saxlamaqdadır", vurğulayan Bəhruz Quliyev qeyd edib ki, dövlət bütün hallarda öz maksimum gücünü, potensialını xalq və dövlət üçün istifadə edir: "Xüsusilə, dövlət başçısının keçirilən müşavirədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi məsələsini önə sürməsi, maksimum şəffaflıq və dürüstlüyün vacibliyi barədə fikirlərini çatdırması həm də belə qənaətə gəlməyə əsas verir ki, cənab İlham Əliyev dövlət məmurlarını xalqa xidmət etməyə dəvət edib, eləcə də ictimai nəzarətin gücləndirilməsi tövsiyəsini də irəli sürüb. Habelə, dövlət işlərinə müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı və Vətəninə bağlı gənc kadrların cəlb olunması barədə mühüm fikirlərini çatdırıb. Düşünürəm ki, dövlət başçımız bütün bunlarla yanaşı, həm də növbəti uğurlu islahatların anonsunu verib və söz yox ki, bütün bunlar ölkəmizin, dövlətimizin, xalqımızın daha yaxşı yaşaması üçün atılan mütərəqqi qərarlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə