"Türk dövlət başçıları Prezidentin çıxışındakı bütün məqamlarla razılaşdılar" ÖZƏL-MÜNASİBƏT

“Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü həm Azərbaycan tarixinə, həm də Türk dünyasının tarixinə qızıl həriflərlə yazılacaq. Bu elə bir tədbirdir ki, bütün dünyanın diqqəti Bakıda idi. Yəni bu həftənin ilk günlərində bütün dünya bunu diqqətlə izləyirdi. Xüsusən də dünyanın qlobal gücləri burada baş verənləri diqqətlə izləyirdi. Burada əlbəttə ki, həm Türk dünyasının özü üçün faydalı qərarlar alındı, həm də dünyanın taleyinə bu və ya digər şəkildə təsir edəcək fikirlər səsləndirildi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Özəlliklə vurğulanmalıdır ki, Özbəkistanın tam hüquqlu üzv olaraq Türk genişinə qatılması ayrıca qeyd olunmalıdır. Eyni zamanda Macarıstanın müşahidəçi statusla bir birliyə qoşulması da diqqətəlayiq məqamlardan biridir. Yəni, faktiki olaraq müstəqil türk dövlətlərindən yalnız Türkmənistan rəsmi olaraq bura üzv olmayıb. Onun da nümayəndəsi bu Zirvə görüşündə iştirak edirdi. Onlar əvvəlki zirvələrdə də həmişə iştirak ediblər. Sadəcə olaraq rəsmi üzvlükləri məsələsi qalıb. Burada həm də bizim diqqətimizi Prezident İlham Əliyevin Liderlik keyfiyyətləri bir daha çəkmiş oldu. Bildiyiniz kimi oktyabrın əvvəlində “Valday” Diskussiya Klubunda Prezidentin məlum möhtəşəm çıxışı, bunun ardınca Aşqabaddakı MDB zirvə görüşündə çıxışı və Azərbaycanın çox ciddi məsələlərini dilə gətirməsi, Ermənistanı faş etməsi bu günə qədər müzakirə olunan məsələdir. Bunun fonunda Prezident İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə də çox möhtəşəm bir çıxış etdi, həm türk dünyasının birləşdirilməsi istiqamətində fikirlərini səsləndirdi, həm də bizə qarşı olan qüvvələrə öz ismarıclarını göndərdi. Özəlliklə diqqətəlayiqdir ki, türk dövlət başçıları Prezident İlham Əliyevin çıxışındakı bütün məqamlarla razılaşdılar və onu dəstəklədilər. Sonda Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” hərəkatı ilə bağlı ortaq mövqeyin də sərgilənməsi türk birliyinin real nəticələrindən biri kimi dəyərləndirilə bilər”-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...