"Prezidentin nitqi danışıqların sonsuzadək davam etməyəcəyini də göstərdi" ŞƏRH-ÖZƏL

"Prezident İlham Əliyevin çıxışı “Valday” klubunun nəinki XVI forumunun, ümumiyyətlə, yarandığı vaxtdan bəri ən təsirli nitqlərindən oldu". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, “Valday” klubunun XVI forumu Azərbaycan və Qarabağ məsələsi nöqteyi-nəzərdən də diqqətəlayiq idi.

Azərbaycan Prezidentinin çıxışının Rusiya mətbuatında geniş təhlil edildiyini söyləyən politoloq vurğulayıb ki, . Rusiya jurnalistləri, analitikləri onu təsiredici, kəsərli, cəsarətli və ləyaqətli çıxış kimi qiymətləndiriblər: "Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyana haqq etdiyi cavabı verməsi bu forumun və nitqin tarixə düşməsinə səbəb oldu. İlham Əliyevin mötəbər qonaq qismində foruma dəvət olunmasının özü Azərbaycana olan yüksək diqqət və ehtiramdan xəbər verirdi".

N. Məmmədova qeyd edib ki, “Valday” forumu Azərbaycanın öz mövqeyini bəyan etməsi üçün yüksək statuslu diplomatik müstəvi idi: "Prezident İlham Əliyev bu fürsətdən kifayət qədər məharətlə yararlandı və bu, qeyd etdiyimiz kimi, rusiyalı müşahidəçilərin diqqətindən yayınmadı. Prezidentin nitqi Cənubi Qafqazda mövcud olan status-kvonun dəyişdirilməsi mesajını verməklə, təbii ki, danışıqların sonsuzadək davam etməyəcəyini də göstərdi. Çıxışın olduqca maraqlı və aktual olduğunu, dərin təəssürat doğurduğunu məşhur rusiyalı jurnalist Bıstritski etiraf edib. Onun da qeyd etdiyi kimi, Azərbaycan - Rusiya münasibətlərinə dövlət başçılarının şəxsi dostluğu müsbət təsir edən amillərdəndir”.

Politoloq əlavə edib ki, Azərbaycan Prezidentin nitqi Ermənistanda təşvişlə qarşılanıb: “Xüsusilə bu çıxışın Rusiya mətbuatında geniş müzakirə obyekti olması erməniləri narahat edib. Ermənilər daim əmin idilər ki, Rusiyanın informasiya məkanı onların əlindədir və Marqarita Simonyan kimi Kremlin media siyasətinin icraçılarının erməni millətindən olması onlarda bir əminlik yaratmışdı. Lakin Azərbaycan Prezidentinin möhtəşəm çıxışına Rusiya mediasının diqqəti onu göstərdi ki, bu əminlik boş və mənasız özgüvəndən başqa bir şey deyil. Dövlət başçısı İlham Əliyevin “Valday” nitqinin Rusiya mətbuatında təqdir olunması və dərin rəğbətlə qarşılanması Rusiya-Ermənistan əbədi müttəfiqliyi, Rusiyadakı erməni diasporunun sarsılmaz gücü və xüsusilə Rusiya mediası üzərində təsiri mifini darmadağın etdi və onun puç olduğunu göstərdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...