İsa Qəmbərdən Müsavatı parçalayacaq daha bir ANONS

Sabiq başqan tərəf tutub, qurultayda çaxnaşma yaratmağı planlaşdırır

Müsavat partiyasının növbəti qurultayına sayılacaq günlər qalıb və həmin qurultayda başqanlığa namizədlərin yeni başqan seçimində iştirakları gözlənilir. Artıq məlumdur ki, başqanlığa 3 namizəd var və onlar Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Lakin qurultay öncəsi sabiq başqan İsa Qəmbərin öncəki qurultayda olduğu kimi, bu qurultayda da çaxnaşma yaratmaq, partiyanı parçalamaq cəhdi artıq indidən görünür. Daha dəqiq desək, İ.Qəmbər bu yarışda hazırkı başqan A.Hacılının namizədliyini dəstəklədiyini bəyan edib. Bu isə onsuz da gərgin olan partiyadaxili vəziyyətin daha da gərginləşməsinə, qruplararası savaşın artmasına, kəskin ziddiyyətlərin, intriqaların yaranmasına səbəb olub.

Müsavat həm qurultay, həm də növbəti parçalanma ərəfəsindədir

İ.Qəmbərin A.Hacılını nəyə görə başqan görmək istədiyini müxtəlif "əsaslarla" sübuta yetirmək istəməsi və nəticədə "qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır. Bu mövqeyimin səbəbləri çoxdur", "Arif bəyə səs verin" çağırışlarını etməsi artıq həm T.Yaqublunun, həm də Y.Saqıqlının tərəfdarları arasında çaxnaşma yaradıb. Hər iki başqanlığa namizədlər belə bir çağırışı seçki ənənələrini pozulması, həmçinin, başqan olmamasına rəğmən, İ.Qəmbərin partiyanın işlərinə müdaxilə etməsi kimi qiymətləndiriblər. Hətta bununla bağlı qurultayda məsələ qaldıracaqlarını, lazım gələrsə, qurultayın işini və başqanlıq seçkilərini boykot edəcəklərini də istisna etməyiblər. Bununla bağlı hər iki tərəfin adamları sosial şəbəkələrdə müəyyən eyhamlar vurmağa başlayıblar.

İsa Qəmbər, əvvəlki qurultaydakı planını bu dəfə də işə salır

Yeri gəlmişkən, müsavatçıların öncəki qurultayında yaşanan hadisələr, baş verən istefalar və narazıların səsli-küylü ittihamlarını da xatırlatmaq olar. Məsələn, Müsavatın əvvəlki qurultayında başqanlıq uğrunda yarış son anda digərləri istisna olmaqla, A.Hacılı və iqtisadçı Qubad İbadoğlu arasında getmişdi. Həmin vaxtda da İ.Qəmbər Arif Hacılını dəstəkləyirdi. Hətta bəyan etmişdi ki, onu istəyən A.Hacılıya səs versinlər və s. Cüzi fərqlə A.Hacılının qalib gəlməsindən sonra partiya faktiki olaraq iki hissəyə parçalandı, Q.İbadoğlu tərəfdarları ilə birlikdə Müsavatı tərk etdi və hazırda "Demokratiya və Rifah" hərəkatına rəhbərlik edir. Köhnə müsavatçıların da əksəriyyəti həmin hərəkatda yer almaqdadırlar. Habelə Tural Abbaslı və başqaları da müxtəlif adda siyasi təşkilatlara parçalanaraq, Müsavat partiyasından istefaya getmişdilər.

Eks-başqanın məqsədi nədir?

Baş verənlərdən həm də belə bir nəticəyə gəlmək mümkündür ki, İ.Qəmbər çox yəqin ki, əvvəlki planını işə salıb, partiyanı parçalamaq, zəiflətmək məqsədini daşıyır. Onun bu məqsədi arxasında dayanan reallıq isə budur ki, o bir neçə dəfə başqan olmayacağını, Müsavata rəhbərlik etməyəcəyini bəyan etsə belə, həmin bəyanatlar sadəcə formal xarakter daşıyır. Əslində isə, İ.Qəmbərə elə bu lazımdır. Daha dəqiq desək, A.Hacılıya guya dəstək göstərməklə, partiyadaxili narazılıqları artırmaq, bu vasitə ilə özünü yenidən başqanlıq kreslosuna geri döndərmək. Hər halda, İ.Qəmbərin siyasət arenasında olduğu bütün dövrlərdə onun müxalifət düşərgəsində bənzər gedişlər edib, parçalayıcı mövqeyə sahib olması yaddaşlarda qalır. Beləliklə, Müsavat partiyası həm qurultay, həm də parçalanma ərəfəsindədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...