Nədən qurtulduq? QURTULUŞ-26 - ANALİZ

Qurtuluşun nəticəsi - Bugünki Azərbaycan

Bu gün Azərbaycan özünün iqtisadiyyatını uğurla inkişaf etdirən tam müstəqil siyasət yürüdə bilən azsaylı dövlətlərdən biridir. Ümumi iqtisadi konsepsiya Azərbaycanda ənənəvi olan və yeni yaradılan sahələri də özündə ehtiva edərək tam bir sistemli mexanizm formasında getdikcə inkişaf əhatəsini böyüdən böyük iqtisadi sferaya çevrilməkdədir. Hətta iqtisadi inkişafın düzgün qurulması, proqressivliyi və şaxələndirilməsi siyasətinin ardıcıl, proqramlı, davamlı stabil həyata keçirilməsi milli təhlükəsizlik konsepsiyası kimi əhəmiyyətli prioritetlərdən biri olaraq bugünkü Azərbaycanın inkişaf tempi və göstərici brendidir desək heç də ədalətsizlik olmaz. Bugünkü özünəməxsus sosial-iqtisadi modelini inkişaf etdirən Azərbaycan dövlətinin xüsusi sosial layihələri həm xalqın perspektiv intellektual və fiziki inkişaf və sağlamlığına yönəlik dövlət siyasəti, həm də obyektiv və subyektiv amillərin təzahürü və nəticəsi faktı kimi mövcud olan böyük bir sosial təbəqəni əhatə edən imtiyazlı insanlar ordusuna yönəlik dövlət sosial təminat siyasətini bütünlüklə özündə cəmləşdirən kompleks tədbirlər həyata keçirir.

Neft qaz sahəsinin və neft-qaz sənayesi avadanlıqlarının inkişafı bu sahə üzrə model olaraq dünyada qəbul olunur. Kimya sənayesinin, kosmik sənayenin inkişafı, kənd təsərrüfatı - aqrar sahənin bütün mümkün ixtisas sahələri, turizm infrastrukturunun yaradılması bu sahənin inkişafı üçün ardıcıl proqram layihələrin həyata keçirilməsi, Azərbaycanın Avropa-Asiya transit mərkəzi kimi şox vacib strateji geoiqtisadi, geosiyasi mühüm məntəqəyə çevrilməsi hərbi sahənin kompleks və hərbi sənayenin sürətli və modern inkişafı bugünkü Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul olunan və tanınan sahələridir. Və sözsüz ki, bütün nailiyyət, uğurların və böyük proqressiv evalyusiyanın qayəsində, məğzində və mənasında daxili sabitlik durur. Daxili sabitlik isə dövlətin gücü və qüdrətidir, dövlətin sabit inkişafı və beynəlxalq nüfuzunun, müstəqil siyasətinin əsaslarından biridir. Onu isə əldə etmək üçün yalnız iqtidar xalqa yaxın olmalıdır! Xalqın həm maddi, həm sosial, mənəvi-psixoloji tələbatını hiss etməyi və ödəməyi bacarmalıdır. Bu gunku Azərbaycanın beynəlxalq nüfuzu yüksələn xətlə inkişaf etməkdədir. Çünki düzgün qurulmuş xarici, iqtisadi və daxili siyasət nəticəsində bu gun Azərbaycan beynəlxalq və regional layihələrə təşəbbüskarlıq və təşkilatçılıq edir, geopolitik-geoiqtisadi layihələrin mərkəzi fiquru rolunu oynayır. Bugünkü Azərbaycan barədə çox danışmaq olar, lakin qısaca tezis formasında qeyd edilənlərlə yanaşı bugünlərdə Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda iştirak edən Avropa İttifaqının komissarı Yohanes Han, "Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır, hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", deyərək qiymətləndirmişdir. Bu rəy bir avropalı rəsminin fikri olaraq bizi maraqlandırır. Çünki, bizim bildiklərimizi avropalı necə görür? - hər halda maraqlıdır.

Yeri gəlmişkən hər hansı inkişaf və çatışmazlıqdan danışanda hökmən bir obyektiv reallığı nəzərə almaq vacibdir ki, Azərbaycanın 20% torpağı işğal altına düşmüş və düşmənin xarici, hərbi, daxili təxribat və diversiyaları ilə bərabər müharibənin və işğalın mənfi nəticələri, mənfi şərtləri altında inkişaf etmək mümkün olmuşdur və hazırda da həmin situasiya davam etməkdədir.

Bəs bugünkü müstəqil inkişaf edən Azərbaycan hansı yollardan keçmişdi - nədən qurtulduq?

Sovet İttifaqının dağılması prosesi sözsüz ki, təbii proseslərlə yanaşı bu prosesə dağılmanı ləngitmək və əksinə tezləşdirmək istəyən müxtəlif qüvvələrin müdaxiləsi və keçmiş quruluşda bir çətir altında birgə yaşamaq zorunda qalan xalqları "birləşdirən" "zəncirbənlərin" "koda düşməsi" (Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Acarıstan, Krım və s.) prosesi siyasi-iqtisadi kataklizmlərlə müşayiət olunurdu.

Azərbaycan da Sovet İttifaqı məkanında baş verən ümumi proseslərin nəticəsində müstəqillik əldə etmək imkanı qazandı. Lakin əlbəttə təbii və süni müdaxilələrin təsirlərində siyasi inqilabların ən xarakterik xüsusiyyətlərindən olan cəmiyyətin ziyalı, intellektual və ciddi biznes təbəqələrini əhatə edən hissəsinin sakitliyə çəkilməsindən istifadə edən dağıdıcı qüvvələrin fəallığı kütlə enerjisinin formalaşmasında və istiqamətlənməsində əsas rol oynamaqla başaladı. Beləliklə, Sovet İttifaqı dağılarkən və dağıdılarkən Azərbaycanda o zaman mövcud olan sənaye, kənd təsərrüfatı və digər bütün iqtisadi infrastruktur dağıldı.

Sual: Bəs Sovet İttifaqının təyin etdiyi Abdurrəhman Vəzirov, Ayaz Mütəllibov və xalq hərəkatı dalğasında hakimiyyətə gələn Əbülfəz Elçibəy niyə hakimiyyətdə qala bilmədilər?

Sovet sisteminin sərtliyi boşalmışdı və illərlə yığılmış enerji təzyiqinin qarşısında boşalma prosesi sürətlənirdi, enerji mənbəyi isə xalq kütləsi idi. Bu xalq enerjisi isə ona yad elementi, onu idarə edə bilməyini və bu enerji kütləsi ilə birləşə bilməyini vurub atırdı kənara - ümumi fəlsəfə bundan ibarət idi. Birininin xəyanəti, digərinin səhvləri, yaxud başqasının səriştəsizliyi bu təzyiqin altında işləməyə davam gətirməyərək dözə bilmir və kütlələrin tapdağı altında qalmaq talehinə məhkum olurdu. Onlar xalqla-kütlənin onillərlə toplanmış enerjisi ilə birləşə bilmədilər, çünki bu xalqı yaxşı tanımırdılar, xalqın dilini bilmirdilər.

Tarix göstərir ki, xalqın kükrəyən enerjisini idarə etmək üçün həmişə və bütün xalqların tarixi məqamlarda xarizmatik liderə ehtiyacı olub. Belə liderlər öz xarizması, lider keyfiyyətləri, cəsarəti, intusiya və məntiqi, güclü iradəsi və enerjisi hesabına böyük enerji mənbəyinə - xalq toplumlarına rəhbərlik edib.

Xalqın çiyni üstündə hakimiyyətə gələn AXC-Müsavat İqtidarı öz səriştəsizliyinin tərs mütənasibi olan ambisiyası hesabına təkcə siyasi hakimiyyətin deyil, ölkənin təsərrüfat sisteminin də bircə il ərzində axıra kimi tamam dağılmasına səbəb oldular. Yeri gəlmişkən, AXC-Müsavat İqtidarı bir deyim kimi illərdi ki, işlədilir, ancaq heç kim sual vermir ki, nə vaxt bu partiyalar müştərək iqtidar qurmaq barədə müqavilə imzaladılar? Əksinə hakimiyyətə birlikdə gəlib, iqtidarı parçaladılar və hakimiyyəti bölərək iqtidardaxili piramida uğrunda mübarizəyə girişərək bölündükləri kimi də ölkənin parçalanmasına, bölünməsinə rəvac verdilər. Həmin iqtidarın bircə illik hakimiyyətinin siyasi, inzibati və hərbi mənzərəsi belə idi: İqtidar dövləti və xalqı idarə olunmaz vəziyyətə gətirmişdi.

Şimalda və cənubda separatizm hərəkatı başlamışdı, sadval və “talış-muğan respublikası” - hərəsi öz xəritəsini elan etmişdi, Qarabağda torpaqlar itirilməkdə idi, ölkə hakimiyyəti- mərkəzi hakimiyyətin çoğrafiyası paytaxt Bakı ilə məhdudlaşırdısa, artıq paytaxtı da əldə saxlamaq üçün döyüş bölgəsindəki hərbi qüvvələr bir tərəfdən siyasi hakimiyyəti qorumaq, əks tərəfdən isə hakimiyyəti ələ keçirmək üçün cəbhəni tərk edib paytaxta istiqamətlənirdi.

Hərbi qüvvələr əsas üç qrupa bölünürdü: - iqtidara, yəni AXC-Müsavata məxsus, yaxud da sədaqətli hərbi birləşmələr, Rəhim Qazıyev və Surət Hüseynova tabe olan iqtidarı devirmək üçün hazır olan hərbi qüvvə və səngərdə döyüşən yerli özünümüdafiə dəstələri, iqtidarı qorumaq və ələ keçirmək üçün siyasi yollar tükənmişdi, yaxud da o dövrün rəsmiləri bu yolu tapa bilmirdilər, yalnız siyasi hakimiyyət uğrunda mübarizədə hərbi vasitə istifadə olunurdu ki, bu da düşmənin torpaqlarımızı işğal etməsinə şərait yaradırdı. O dövrün iqtidarı belə bir tezis də ortaya atmışdı ki, "eybi yox torpaqları müvəqqəti olaraq düşmən işğal etsə də siyasi hakimiyyəti möhkəmlədib sonra rayonlarımızı azad edəcəyik".

Lakin Gəncə hadisələri hərbi qarşıdurmanın kuliminasiyası oldu. Dövlətin hərbi qüvvələri öz hərbi hissəsini tərkisilah etmək üçün əməliyyat keçirdi, ölənlər, yaralananlar və əsir düşənlər oldu.

Təsəvvür edin, dövlətə məxsus hərbi birləşmə məxfi əməliyyat keçirir və həmin dövlətin hərbi hissəsi döyüş əməliyyatçılarını və ölkənin siyasi rəhbərliyinə aid olan şəxsləri, o cümlədən baş prokuroru girov götürür. Və ən faciəvi durum da odur ki, baş prokuror o zamankı prezident olan Əbülfəz Elçibəyin həbsinə sanksiya verir. Elə bu faktın özü o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının kadr siyasəti, dövlətə və vətənə sədaqəti, prinsip və mahiyyətinin bariz göstəricisidir. Qarşıduran, ölən və yaralanan, əsir düşən hərbiçilər kim idi? Hamısı Azərbaycan vətəndaşları! Yəni hərbi qarşıdurma artıq vətəndaş müharibəsi fazasına keçmişdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə çoxlu özünümüdafiə dəstələrində cəmləşmiş vahid idarəçilik mərkəzi olmayan silahlı vətəndaşlar var idi.

Ölkə hakimiyyət böhranı vəziyyətində, xalq isə bütün sənaye və təsərrüfat infrastrukturunun axıra kimi dağılması səbəbindən işsizlik, aclıq, ölüm təhlükəsində sabaha ümidsizliklə yavan çörək növbələrində. 1988-90-cı illərdə sovet imperiyasına meydan oxuyan Azərbaycan xalqı müharibə, aclıq, işsizlik içində torpaqları itirə-itirə vətəndaş müharibəsinə sürüklənirdi. Və xalq tanıdığı liderin üz tutdu. Əlində hakimiyyət və inzibati resurslar olan AXC-Müsavat höküməti də iqtidarı devirmək gücündə olan hərbi birləşmə də, silahlı özünümüdafiə dəstələri də , ziaylı və xalqın digər təbəqələri də siyasi müdrikliyindən, güclü iradəsindən, böyük vətən və xalq sevgisindən, liderlik xarizması, cəsarəti, məntiqi və fitri intuisiyasından başqa heç bir odlu silahı, hərbi dəstəsi olmayan Heydər Əliyevə üz tutmaq məcburiyyətində qaldı. Əslində imkanlarında maddi, hərbi və digər resurslar cəmləşmiş bu qüvvələr Heydər Əliyev xarizmasını qəbul etmək zorunda idilər. Liderin gücü idi ki, bu qüvvələr onunla hesablaşmaq və silahsız, təkbaşına cəsarətlə döyüş meydanına girən Heydər Əliyevin qarşısında öz zəifliklkərini etiraf etmək məcburiyyətində qalmışdılar. Əks halda, onunla hansı statusda danışıq aparırdılar. Heydər Əliyevin Azərbaycan Ali Sovetində 1993-cü il 15 iyundakı çıxışı həmin dövrdə yaranmış vəziyyət barədə aydın təəssürat yaradır: "Əgər mən bu işə, bir də qeyd edirəm, öz vicdanımın tələbi ilə və ən çox Azərbaycan Respublikasının əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin müzakirəsində cürbəcür sözlər deyib. By məsələnin ayrı-ayrı istiqamətlərə yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar". Öz çıxışında vəziyyətdən çıxmaq üçün müdrik xalqın birləşərək yaranmış vəziyyətdən çıxa biləcəyini deyən Ulu Öndər xalqın gücü ilə Azərbaycanı toparlaya bildi.

Müstəqilliyi möhkəmləndirərək bugünkü güclü dövləti qurub yaratmağı bacardı. Xalq kütlələrinin çiyinləri üzərində hakimiyyətə gələn AXC-Müsavat iqtidarı səriştəsiz xarici siyasəti ilə qonşu dövlətlərlə düşmənçilik münasibətləri yaradaraq Rusiya və İranla əlaqələri demək olar ki, kəsmiş bir tərəfdən müharibə aparan dövləti şimaldan və cənubdan blokada vəziyyətinə salmışdılar. Hələ bu münasibətlərdən doğan açıq destruktiv fəaliyyətdən də xalq əziyyət çəkirdi. Kadr siyasətindəki əsas götürülən kriteriya isə ziyalıların, peşəkar və təcrübəli kadrların, cəmiyyətin müxtəlif sosial təbəqələrinin dövlət işləri və digər proseslərdən kənarlaşdırılması "özlərindən" digərlərinə inamsızlıq münasibətinin aşkar şəkildə ifadə edilməsi tezliklə sosial bazanın itirilməsinə və cəmiyyətdə parçalanmaya səbəb olmuşdu. Belə vəziyyətdə hamını- xalqı yalnız ümumilli lider Heydər Əliyev birləşdirə bilərdi. Lider ətrafında birləşən xalqda ruh yüksəkliyi və sabaha inam yarandı və "Əliyev uğrunda" şüarı ilə cəbhədə Azərbaycan xalqı ilk döyüşə atılaraq qeyri-bərabər döyüşdə düşmənə ciddi müqavimət göstərdi. Və düşmən atəşkəs elan etməyə məcbur oldu.

Azərbaycanın xarici siyasət konsepsiyası hazırlandı və Heydər Əliyev ilk səfərləri ilə Türkiyə, Fransa, Rusiya, İran kimi dövlətlərlə vacib münasibətləri inkişaf etdirməyə başladı.

Atəşkəs rejiminin əldə olunmasından məharətlə istifadə edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı "Əsrin müqaviləsi" nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının əsas sahəsi olan neft-qaz sənayesinin inkişaf strategiyasının konsepsiyasını yaratdı. Hələ Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyahı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.

1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.
XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.

1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.

Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur.

Azərbaycan neftinin tarixini və dəyərini gözəl bilən Heydər Əliyev “Əsrin müqaviləsi” ilə yeni eranın əsasını qoydu. Sözsüz ki, bunun mahiyyətini yaxşı bilən xarici böyük güc mərkəzləri Azərbaycanda dövlətin güclənməsinin, müxtəlif sahələr üzrə dövlət siyasətinin konseptuallaşmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar. Rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun Ulu Öndər haqqında söylədikləri də maraq doğurur. O bildirib ki, "Azərbaycana ikinci qayıdışı dövründə Heydər Əliyev, ilk növbədə, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirərək müasir Azərbaycan dövlətini yaratdı. Azərbaycan inkişaf etmək imkanı qazandı. Heydər Əliyev xalqla hakimiyyətin vəhdətinə nail oldu. Heydər Əliyev ölkənin neft-qaz sektoruna böyük investisiyalar cəlb etməklə yanaşı iqtisadiyyatın bu sektoruna ümumilli və dövlət nəzarətini də təmin etmişdir. Bu, əlbəttə, Heydər Əliyevin dahiyanə qərarlarının nəticəsi idi. "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının tezliklə bərpa edilməsinə şərait yaratdı".

Dövrün tələbinə görə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu xüsusi əhəmiyyət kəsb edirdi. Bu sahədə həyata keçirilən tədbirlər böyük müqavimətlə qarşılaşırdı. Bu müqavimət güclənərək dövlət çevrilişi cəhdinə çevrilmişdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qüvvələr fəallaşdılar. Sentyabrın 29-da Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildilər. Heydər Əliyevin fiziki cəhətdən məhv edilməsi planı hazırlanmışdı. Oktyabrın 3-4-də Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinin həyata keçirilməsinə başlanmışdı. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə xalqa müraciət etdi. Oktyabrın 4-dən 5-nə keçən gecə onun çağırışı ilə Prezident Aparatı qarşısına minlərlə adam toplaşdı. Beləliklə, dövlət çevrilişi cəhdinin qarşısı alındı. Oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi keçirildi. Heydər Əliyev mitinqdə çıxış edərək baş verən hadisələrin səbəblərini, gedişini, qarşısının alınması yolunda görülmüş bütün işləri ətraflı təhlil etdi. Heydər Əliyev mitinqdəki çıxışında dedi: "Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır".

1995-ci il martın 13-17-də yeni, ikinci dövlət çevrilişi cəhdi baş verdi. Çevrilişdə əsas rolu, Cavadov qardaşları başda olmaqla, Xüsusi Təyinatlı Polis Dəstəsi oynayırdı və martın 17-də dövlət çevrilişi cəhdi aradan qaldırıldı. Artıq Azərbaycanı müstəqillik və inkişaf yolundan döndərmək mümkün deyildi. Azərbaycanı parçalanmaqdan, xalqı ümidsizlikdən və vətəndaş müharibəsindən qurtaran Heydər Əliyev qurduğu müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, güclənməsinin və proqressiv konsepsiyasını yaratmaqla bu dövlətin sabit və uğurla inkişafı üçün siyasi varisliyi də təmin etdi və İlham Əliyevi özünün siyasi davamçısı kimi təqdim edərək "Mən ona özüm kimi inanıram" deyərək bu siyasətin etibarlı davamını təmin etdi.

Region Analitik İnformasiya Mərkəzi
“Səs” qəzetinin sifarişi əsasında

Bütün xəbərlər Facebook səhifəmizdə