YAP Binəqədi rayon təşkilatının kollektivi «Nəsimi İli» çərçivəsində Şamaxı şəhərinə səfər edib


YAP Binəqədi rayon təşkilatı M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi - 5 ünvanlı ərazi ilk partiya təşkilatı ilə birgə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu ilin «Nəsimi İli» çərçivəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərinə səfəri təşkil edilib. Səfərdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və təşkilatın gənc fəalları iştirak ediblər.
Şamaxı şəhərinə səfər zamanı yolüstü Acıdərədə Türk Məzarı Xatirə Abidəsi ziyarət olunub. Bakının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş türk qardaşlarımızın əziz xatirəsi ehtiramla yad edilib və abidə önünə gül dəstələri qoyulub.
YAP Binəqədi rayon təşkilatının fəalları, səfər çərçivəsində, Şamaxı Cümə məscidində olublar. Burada nümayəndə heyətini YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov və digər rəsmi şəxslər qarşılayıb. Məscid haqqında səfər iştirakçılarına ətraflı məlumat verilərək, bildirilib ki, məscid 743-744-ci illərdə inşa edilmişdir. Şamaxı cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son bərpa işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2010-2013-cü illərdə aparılıb.
Sonra böyük Azərbaycan şairi Nəsiminin Şamaxı şəhərində, şairin adını daşıyan parkda ucaldılmış abidəsi ziyarət olunub, şairin əziz xatirəsi ehtiramla yad edilərək, önünə gül dəstələri düzülüb. Gənclər Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər.
Daha sonra iştirakçılar Şamaxı Astrofizika Rəsədxanasında olublar. Bələdçi rəsədxananın tarixi və fəaliyyəti haqqında məlumat verərək, bildirib ki, dünyanın ən böyük rəsədxanalarından biri olan bk rəsədxana 1959-cu ildə yaradılıb. Buradakı teleskoplar vasitəsilə bir neçə planetlə yanaşı, ayı da müşahidə etmək mümkündür. Həmçinin, azərbaycanlı alimlərin çoxsaylı uğurlarından danışılaraq, onlar tərəfindən edilən kəşflərdən bəhs edilib. Bələdçi, həmçinin, iştirakçıların suallarını cavablandırıb.
Səfər çərçivəsində, eyni zamanda, Şamaxının Məlhəm və zəngin turizm potensialı olan tarixi Dəmirçi kəndi ziyarət olunub. XV əsrə aid, Şamaxının ən qədim kəndlərindən biri olan Dəmirçi kəndi öz zəngin tarixi görünüşü və turizm potensialı ilə diqqəti cəlb edir. Kənddə olarkən, turizm məkanlarında səfər iştirakçıları, həmçinin xalq sənətkarlığının və milli mətbəxtimizin nümunələrini əks etdirən müxtəlif mərkəzlərdə - «Azərxalça» ASC-də və s. yerlərdə olublar. Buradakı şəraitlə bağlı mərkəz işçiləri tərəfindən iştirakçılara məlumatlar verilib.
Səfərin sonunda asudə vaxtlarını səmərəli keçirmək məqsədilə gənclər üçün müxtəlif idman yarışları təşkil edilib.
Zəngin tarixi olan Şamaxı şəhəri iştirakçılarda xoş təəssüratlar yaradıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə