"Regional münaqişələrin həlli: sülh yoxsa müharibə" TƏDBİR

Bu gün Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə "Regional münaqişələrin həlli: sülh yoxsa müharibə" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Alyansın sədri, yaxud elmləri namizədi Nüşabə Məmmədova bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət öz müsbət nəticələrini göstərməkdədir: "30 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Bu müddət ərzində bu məsələyə beynəlxalq səviyyədə baxılıb, ölkəmizin uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz beynəlxalq aləmdə tanınıb, münaqişənin sülh yolu ilə həlli istiqamətində qətnamələr, qərarlar qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman bildirir ki, ölkəmiz bir qarış torpağını güzəştə getməyəcək. Bu, hər birimizin mövqeyini əhatə edir və Azərbaycan xalqı aparılan uğurlu siyasətə güvənir və torpaqlarımızın işğaldan azad olunacağına əmindir".

Xarici mətbuatda da hər iki dövlətin sülhə hazırlığı ilə bağlı yazıların dərc olunduğunu deyən Alyans sədri söyləyib ki, Vyana danışıqlarında humanitar sahədə tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığın əldə olunması, bu prosesin davamı olaraq bir neçə gün bundan əvvəl ATƏT PA-da Büro iclasında ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünə dair məsələnin detallı şəkildə əksini tapan qətnamənin qəbul olunması ölkəmizin savaş diplomatiyasının müsbət nəticələrindəndir: "Biz əminik ki, bütün bu məsələlər tezliklə real olaraq həllini tapacaq". Daha sonra çıxış edən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov söyləyib ki, son gedən proseslərə baxdıqda münaqişə ilə bağlı müəyyən mənada nikbin tendensiyaların olduğunu deyə bilərik: "Paşinyanın əvvəlki hakimiyyətdən fərqi onun Dağlıq Qarabağ məsələlərində heç bir iştiraka malik olmamasıdır. Paşinyan bu gün Xocalı və Qarabağ münaqişəsi ilə bağlı olan Koçaryanı həbs etdirib. Biz illərdir ki, Xocalı, Dağlıq Qarabağ münaqişəsində əli olanların həbsini gözləyirdik. Artıq Sarkisyanın da hərbi istiqamətində proseslər gedir. Bütün bunlar o deməkdir ki, Sarkisyan həbs olunduqdan sonra Bako Saakyanın da həbsi çox tez bir zamanda ola bilər. Heç bir resursu olmayan, iqtisadi vəziyyəti ağır olan Ermənistanda Paşinyan iqtisadi inqilab edəcəyini deyir. Bunu o yalnız sərhədlər açıldığı təqdirdə edə bilər. Bunun üçün də əlbəttə ki, torpaqlarımız işğaldan azad edilməlidir. Yəqin ki bunu Paşinyan komandası yaxşı bilir, amma edə bilmir. Bu gün Dağlıq Qarabağ məsələsində Paşinyan güzəştə getsə onu hakimiyyətdən uzaqlaşdıra bilərlər. Bu gün Ermənistanda bu baxımdan da vəziyyət qarışıqdır".

Azərbaycan və Ermənistan dövlət başçılarının Vyana görüşünə toxunan millət vəkili qeyd edib ki, Paşinyan bu görüşdən sonra böyük tənqid olundu: "Çünki Paşinyan bəyan etmişdi ki, üçüncü tərəf olmasa o danışıqlara getməyəcək. Amma Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu diplomatiya Paşinyanı bu iddiasından geri çəkməyə məcbur etdi".

Tədbirin davamında Alyans tərəfindən Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində həyata keçirdiyi uğurlu siyasəti əks etdirən film nümayiş olunub. Filmdən sonra çıxış edən natiqlər regionda gedən müsbət dəyişikliklər və digər məsələlərlə bağlı fikirlərini bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə