"Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib" AÇIQLAMA-ÖZƏL

“Sosial sahə ilə bağlı atılan addımlar dövlətimizin uzun müddətdir yürütdüyü siyasətin davamıdır. Ölkəmizdə həyata keçirilən siyasətinin mərkəzində ölkə vətəndaşları dayanır. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətimizin və hakimiyyətin bir nömrəli vəzifəsi kimi nəzərdən keçirilir”. Bu fikirləri SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

O bildirib ki, 2019-cu ilin əvvəllərindən etibarən ölkəmizdə sosial istiqamət üzrə daha nəzərə çarpacaq addımlar atılmağa başlanıb: “Cənab Prezidentin Real TV-yə müsahibəsində də qeyd etdiyi kimi ölkəmizdə iri maliyyə mənbələri əldə olunub ki, bu maliyyə mənbələri əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəlib. Bunun nəticəsidir ki, qısa müddət ərzində ölkəmizdə cəlbedici sosial yönümlü addımların şahidi olmaqdayıq”.

Baş redaktor söyləyib ki, qısa müddət ərzində Azərbaycan Prezidenti tərəfindən şəhid ailələrinə birdəfəlik yardımların verilməsi, minimum əmək haqları, tələbələrin təqaüdlərinin artırılması istiqamətində imzalanan sərəncamlar və hazırda minimum əmək pensiyasının artırılması ilə əlaqədar aparılan müzakirələr ölkə başçısının vətəndaşlara olan qayğısının nəticəsidir. Milli Məclis tərəfindən qəbul ediləcək təkliflər əsasında 100 minlərlə insanın əmək pensiyası artırılacaq”.

Prezident İlham Əliyevin bütün məqamlarda vətəndaşların yanında olduğunu deyən İ. Quliyev qeyd edib ki, zəlzələ bölgəsinə səfəri zamanı ölkə başçısının sadə vətəndaşlara olan qayğısının bir daha şahidi olduq: “Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Azərbaycan sosial dövlətdir, ölkəmizin gücləndikcə əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahının güclənməsinə yönəlib. Bu da ümumilikdə dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə çıxmasının, bu birliyin daha da sıxlaşmasının göstəricisidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə