“Müasir çağırışlar: dini durum və vəzifələr” FOTOLAR

Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb. Azərbaycanda qeyri-müsəlman dini icmalarına, müxtəlif dini konfessiya nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşılır. SİA-nın verdiyi məlumata görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanvarın 22-də “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfransda bildirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə DQİDK və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirərək, İslam dəyərlərinin düzgün təbliğ olunması istiqamətində rayonda həyata keçirilən işlərin nəticələrindən bəhs edib. Bildirib ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdərkində mühüm əhəmiyyət daşıyır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələrdən, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin vacibliyindən danışıb.

Komitə sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli Liderin siyasətinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, təbliğ və təşviqini daim diqqət mərkəzində saxlayır.

Mübariz Qurbanlı dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də danışıb. Qeyd edib ki, dini siyasiləşdirmək, ondan sui-istifadə etmək istəyənlərə, din adı altında ictimai-siyasi sabitliyi pozmağa çalışanlara, gəncləri dini radikal qruplara cəlb etməyə cəhd göstərənlərə aramızda yer olmamalıdır. Bütün cəmiyyət bu cür hallara qarşı həm ideoloji, həm siyasi, həm də hüquqi baxımdan mübarizə aparmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Cavanşir Əfəndiyev çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz barədə doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfrans işini yanvarın 23-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə