“Saxtalaşdırılmış seçkilər həm Paşinyana, həm də Ermənistana "yeni sürprizlər" vəd edir” - MÖVQE

"Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıqlar və insidentlərlə müşahidə olundu və bunu həmin seçkiləri müşahidə edən bir sıra xarici müşahidəçilər də öz açıqlamalarında təsdiq edirlər". Bu fikirləri "Olaylar"a SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu saxtakarlıqlar ilk növbədə, "Mənim addımım" seçki blokunun lideri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan üçün ağır zərbə oldu: "İlk növbədə, erkən seçkilərin gedişində seçici passivliyinin kütləviliyini qeyd edə bilərik ki, artıq bu faktın özü Paşinyanın xalq qarşısındakı reytinqinin nə qədər aşağı olduğunun aşkar göstəricisidir. Halbuki, 7 ay öncə, Nikol Paşinyanın "məxməri inqilabı" zamanı onun küçə siyasətinə daha çox insan dəstək göstərmişdi. Bu qısa dövr ərzində həmin insanların çox qismi sadəcə, seçkilərə qatılmayaraq, evlərində oturmağı tərcih etdilər. Çünki xalqda yeni hakimiyyət güclərinə də inam və etibar hissi qalmayıb. Mövcud hakimiyyət qeyd edilən müddət ərzində bu inamı kökündən qırıb".

"Ermənistandakı növbədənkənar parlament seçkilərindən dərhal sonra "Mənim addımım" blokunun yalana söykənən bəyanatları ictimai rəyi daha çox hiddətləndirdi. Xüsusilə, Nikol Paşinyanın "demokratik mühitdə seçici kütləviliyi olmur" kimi iddiaları çox gülünc və qeyri-səmimilik təsiri bağışlamaqdadır", deyən siyasi ekspert bildirib: "Sual oluna bilər ki, əgər sən xalqının dəstəyinə arxalanırsansa, yaxud xalq sənə birmənalı dəstək göstərirsə, nəyə görə seçici kütləviliyi 50 faizlik baryeri aşa bilmədi? Əslində, bu sualın əlavəsi də var. Məgər Vanadzorda, Spitakda, Gümrüdə və s. vilayətlərdə saxtakarlıqların baş verməsindən sizin xəbəriniz olmadımı? Əlavə polis güclərinin bu bölgələrə göndərilməsi faktı həmin ərazilərdə kəskin insidentlərin baş qaldırmasının göstəricisi sayıla bilməzmi? Yaxud, seçki günü "Mənim addımım" seçki blokunun təbliğat plakatlarının seçki məntəqəsindən 10 metr kənarda asılmasısaxtakarlıq deyilsə bəs nədir? Habelə, Paşinyana məxsus seçki bülletenlərinin bir neçəsinin eyni anda seçki urnalarına atılması faktı da saxtakarlıq hesabına alınmırmı? Əlbəttə, bu qeydlər ATƏT PA və Avropa Şurasının müvafiq sənədlərində yer almalıdır. Amma bu qrumların nə dərəcədə reaksiya verəcəyi isə "xristian təəssübkeşliyindən" asılıdır. Bütün hallarda saxtalaşdırılmış seçkilər həm Ermənistana, həm də Paşinyan hakimiyyəti üçün "yeni sürprizlər" vəd edir".

Bəhruz Quliyev əslində Paşinyanın bundan sonra siyasi məşəqqətlər dövrünə qədəm qoyduğunu vurğulayıb: "Əslində, Ermənistanda açıq-aşkar anti-Rusiya siyasi güclərinin hakimiyyətə gəlməsi bu iqtidarın tənəzzülə uğraması prosesini sürətləndirməkdədir. Elə də uzağa getməyərək, bir neçə gün öncə Santk-Peterburqda baş tutmuş MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində Nikol Paşinyanın sözün əsl mənasında kənara atılmasını, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının isə ən yüksək və ali məqamlarda yer almasını göstərə bilərik. Təkcə bu fakt Paşinyanın ağır siyasi zərbəyə məruz qalmasını kifayət qədər isbatlamış oldu. Bu gün onun istər daxili, istərsə də xarici siyasətində buraxdığı köklü səhvləri isə əlbəttə ki, haqqında bəhs etdiyimiz seçkilərdə özünü bütün çılpaqlığı ilə nümayiş etdirmiş oldu. Bu seçkilər həm Paşinyanın, həm də bütövlükdə Ermənistanın sürətli tənəzzülünə təkan verdi, bu təkanın əsasını qoymuş oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə