Bəhruz Quliyev: ““Qərb demokratiyası” heç də ideal amallara cavab vermir” MÜSAHİBƏ

SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert Bəhruz Quliyevin SİA-ya müsahibəsi

- Bəhruz müəllim, son günlər Avropa ölkələrində kütləvi iğtişaşlar və polis qüvvələri ilə qarşıdurmalar yaşanır. Sizcə, bu kimi halların baş verməsinə səbəb nədir?

- Əslində, bu kimi hadisələr xüsusən, Qərbi Avropa ölkələrində və ümumiyyətlə, “Qərb demokratiyası” deyilən məkanlarda birinci dəfə baş vermir. Biz, daha öncələr də bənzər hadisələrin şahidləri olmuşuq. Məsələn, ABŞ-da sosial problemlərdən doğan “Çikaqonu zəbt et” şüarının sonradan bütün Birləşmiş Ştatları bürüdüyünü, bir neçə il öncə Britaniyada sosial şəbəkələrə qoyulmuş qadağaları və bu qadağalara etiraz əlaməti olaraq insanların küçələrə çıxmasını, eləcə də, Avropa İttifaqına daxil olan bir çox ölkələrdə gündəlik tələbatlara qoyulan qiymət artımlara qarşı etiraz yürüşlərinin xatırlaya bilərik. Həmin vaxtlarda da indiki kimi həbs edilənlər oldu, hətta medialara müəyyən baryerlər yaradıldı, polis-vətəndaş qarşıdurmalarında yaralananlar, o cümlədən ölənlər də oldu. Bu, acı reallıqdır, ancaq bu reallığı yaşamamaq üçün qanunların aliliyinə hörmət etmək vacibdir. Yəni, hər nə olursa-olsun, dövlətin qoyduğu qanunlara qarşı qanunsuzluq etmək qanunların pozulması anlamını daşıyır. Əlbəttə ki, əgər hər hansı bir etiraz aksiyası, yaxud küçə yürüşləri keçirilirsə, bütün bunlar məhz sanksiyalaşdırılmış, yəni razılaşdırılmış şəkildə həyata keçirilməlidir, müvafiq qurumların icazəsi ilə. Bəli, demokratiya, söz və ifadə azadlığı vacib məsələdir və bu amil mövcuddur. Ancaq ondan sui-istifadə edərək, qanunları pozmaq, asayişə, sabitliyə xələl vurmaq cəhdləri əlbəttə ki, qanunun tələb etdiyi yollarla alınır.

- Bəs nəyə görə, Azərbaycanda özlərini “ana müxalifət” təşkilatı adlandıran radikal təmayüllü siyasi partiyalar, onların timsalında fəaliyyət göstərən qurum və birliklər icazəsiz aksiyalar, yürüşlər təşkil edərkən dərhal bəlli xarici Qərb təşkilatları hesabatlar yayır, bunu “demokratiyaya zərbə” adlandırırlar?

- Bilirsiniz, belə "siyasi qurumlar" heç də xalqın, ölkənin maraqlarından çıxış etmirlər. Onları maraqlandıran yeganə şey, şəxsi maraqlarını maddi tərəfdən təmin edilməsidir. İllərdir ki, AXCP, Müsavat və bənzər siyasi təşkilatlar bu məqsədlərlə siyasi gündəmdə qalmağa çalışırlar. Ancaq illər ötdükcə, onların sosial bazaları, elektoratları demək olar ki, yox səviyyəsinə enib. Əgər bu faktorlar onlarda yoxdursa, demək ki, tənəzzülə uğrayıblar. Misal üçün, hakimiyyət dəfələrlə AXCP və “Milli Şura”ya “Məhsul” stadionunda icazəli mitinq-aksiya keçirməyə razılıqlar verib. Biz nə görmüşük? Həmin stadion heç yarıdan az olsa belə, doldurula bilinməyib. Demək istədiyim də budur ki, sosial bazası olmayan “ana müxalifət” dırnaq arasında olsa da, xarici havadarları qarşısında özünü göstərməyə çalışır. Əks halda, həmin tərəfdən də bütün qapılar üzlərinə bağlanmalı olacaq. Onda da radikallar maddi maraqlarını təmin edə bilməyəcəklər. Bu baxımdan, istər Əli Kərimli olsun, istərsə də Cəmil Həsənli və sairləri – dağıdıcılıq, anarxist və küçə təfəkkürlü “siyasi baxış” onların son ümid yerlərdir. Ona görə də sabitliyi pozmağa, xarici ağaları qarşısında “kütləvilik” sərgiləməyə cəhdlər göstərilir və bu cəhdlər də iflasa uğrayır. Təkcə, ötən həftənin sonunda Milli Dirçəliş Günündən sui-istifadə edib, bunu öz ucuz təfəkkürləri ilə “meydan hərəkatı” adlandırıb Şəhidlər Xiyabanında siyasi aksiyanın keçirilməsi cəhdini xatırlasaq, onların nə qədər dövlətçilikdən, xalqçılıqdan, ümumiyyətlə, milli-mənəvi dəyərlərdən uzaq olduqlarını görə bilərik. Təsəvvürünüzə gətirin, şəhidlərin adları, ruhları qarşısında siyasi maraqları güdmək – axı bu hansı mənəviyyata sığa biləcək bir addım ola bilər? Əlbəttə, həm də paytaxtın gur yerində, insanların gediş-gəlişlərinin çox olduğu bir məkanda edilən bu cəhdin qarşısı mütləq alınmalıydı və hüquq-mühafizə orqanları, Azərbaycan polisi sabitliyi pozmaq istəyənlərin qarşısını aldı. Azərbaycan hüquqi və demokratik dövlətdir, eyni zamanda söz və ifadə azadlığı da tam təmin olunub. Amma qeyri-qanuni hadisələr baş verərsə, qaragüruhçuların həqiqi demokratik prinsiplərə qarşı kirli kampaniyalarına start verilərsə, burada mütləq və mütləq əlahəzrət qanunundur.

-Yeri gəlmişkən, AXCP və “Milli Şura” tərəfdarları Əli Kərimlinin və Cəmil Həsənlinin saxlanılmalarından sonra sosial şəbəkələrdə və özlərinə yaxın internet-media resurslarında iddialar irəli sürdülər ki, onlara qarşı “şiddət” göstərilib, hətta Cəmil Həsənlinin səhhətində yaranmış problemə görə, təcili tibbi yardım da çağırılıb və s. Maraqlıdır, nəyə görə onlar dədiqləşdirlməyən xəbərləri dərhal tirajlamağa çalışırlar?

- Bayaq da dediyim kimi, məqsəd onların spekulyasiya vasitələri ilə xarici havadarları qarşısında “fəaliyyət planlarını” göstərməkdir, yəni hesabat verməkdir. Ancaq nə qədər maraqlı görünsə də, elə onların öz “liderləri”, “Milli Şura”nın sədri Cəmil Həsənli polis idarəsindən çıxar-çıxmaz bildirdi ki, nə ona, nə də AXCP sədri Əli Kərimliyə qarşı heç bir şiddət olmayıb, əksinə, polis onlara qarşı çox nəzakətli şəkildə davranıb. Bu həm də bir etirafdır ki, onların sosial şəbəkələrə yerləşdirdikləri qruplar yalan, böhtan yaymaqla məşğuldurlar.

- Bəhruz müəllim, Fransada, Brtitaniyada, Yunanıstanda və digər Avropa ölkələrində baş verənləri incələyərkən, ümumilikdə hansı nəticələrə gəlmək olar?

- Biz hər dəfə eyni mənzərəni müşahidə edirik. Qərb ölkələrinin polis gücləri etirazçılara qarşı çox sərt davranırlar. Atlarla, itlərlə, zirehli texnikalarla, o cümlədən, rezin güllələr və gözyaşardıcı qazlarla dağıdılan iğtişaşçılarla yanaşı, media nümayəndələrinə də bir sıra baryerlər qoyulur. Buna misal olaraq, bir neçə il qabaq ABŞ-da irqçilik zəminində baş verən hadisələrdən sonra bu hadisələri işıqlandıran bəzi media qurumlarının əməkdaşlarının təqib olunmalarını xatırlada bilərəm. Bu barədə dünyanın bir çox mətbuatı yazdı. Oradan fərqli olaraq, ölkəmizdə müxalifət mediası istər internet resurslarında, istərsə də sayt və s. vasitələrində öz xəbərlərini rahat, maneəsiz şəkildə ictimailəşdirirlər, eyni zamanda, Azərbaycan qanunvericiliyinin tələblərini pozduqlarına, icazəsiz aksiyalarda iştirak etdiklərinə görə qanun qarşısına çıxarılarkən, çox həfif cəzalara layiq görülürlər. Pul cəriməsi və s. Əbəs deyil ki, AXCP sədri Əli Kərimliyə və onunla həbs olunanlara qarşı da bu cərimələr tətbiq olundu. Bütün bunları müqayisə edərkən, belə bir nəticəyə gələ bilərik ki, bir çox hallarda qeyri-humanist standartlara söykənən “Qərb demokratiyası” heç də ideal amallara cavab vermir. Əks halda, bu gün Avropada baş verən məlum hadisələr belə ağır nəticələrə səbəb olmazdı, yüzlərlə yaralı, ölüm hadisəsi, kütləvi həbslər davam etdirilməzdi. Məncə, özlərini “ana müxalifət” adlandıran “liderlər” də bu barədə düşünməyə vaxt ayırmalı, siyasi korluğu bir kənara qoymalı, şəxsi və maddi maraqları naminə dövlətçilik maraqlarını xarici dairələrə satmaq iddialarından əl çəkməlidirlər, yəni əsl həqiqəti dərk etməlidirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə