“Bako Saakyanın ABŞ-a səfəri əlavə suallar yaradır" ÖZƏL-ŞƏRH

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri əlavə sullara yol açır. Bu hansı pasportla, viza ilə bu ölkələrə gedir. Belə məlumatlar yayılıb ki, guya qondarma Dağlıq Qarabağ Respublikası artıq öz diplomatik pasportlarını da əldə edə bilib. Bunlar Ermənistan pasportu ilə uçurlarsa onlara viza verən, pasportlara viza peçatı qoyan dövlət sözdə həmin qondarma dövləti tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünə hörmət ediklərini bildirirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, amma əməldə isə çox biabırçı və beynəlxalq hüququn normalarına sığmayan abırsız bir hərəkət edirlər: “Bu çox qəribədir. Özdə bu o zaman baş verir ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Daha sonra NATO-nun Zirvə toplantısı post-sovet məkanındakı bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsini müzakirə edir və xüsusi bəyanat qəbul edir. Avropa Şurası isə çoxdan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Eləcə də ATƏT-in Lissabon Sammiti də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib. İndi bu qərarlara, BMT-nin dörd qətnaməsinə məhəl qoymadan, özləri separatçılığa qarşı mübarizənin zərurliyindən dəm vuran ölkələr separatçı bir qurumun rəhbərliyini dilənçilik etmək, yardım toplamaq üçün öz ərazilərinə buraxırlar. Fransaya da onlar erməni diasporasından pul yığmaq üçün getmişdilər. İndi isə ABŞ-a yollandılar. Onların çox məkrli niyyətləri var. Əsas məsələ odur ki, dünyada dünya düzəninin qorunmasına daha çox qayğı göstərdiklərini iddia edən dövlətlər gözümüzün qarşısında beynəlxalq hüququn və dünya düzəninin pozulmasına tipik nümunə ola biləcək bir hərəkətə rəvac verirlər. Görünür Azərbaycan tərəfi bu məsələyə son qoymaq üçün başqa cür hərəkət etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə