“Avropa ölkələrində erməni mafiyası bu dövlətlərin təhlükəsizliyinə təhdiddir" AÇIQLAMA-ÖZƏL

“Almaniyalı jurnalistlərin apardıqları araşdırmalar nəticəsində Ermənistanın Almaniyadakı Aşot Smbatyanın bu ölkədəki cinayətkar qruplaşmalarla sıx əlaqələrinin olması aşkarlanıb. Məlum olub ki, hələ səfirlikdə adi əməkdaş olduğu 2008-ci ildə Aşot Almaniyaya qeyri-qanuni miqrantların gətirilməsində fəal iştirak edib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

A.Smbatyanın İrəvan kriminal dairələri ilə sıx əlaqələri olduğunu deyən politoloq bildirib ki, Ermənistanın cinayət aləmində "qanuni oğru" kimi ad çıxardığı da məlumdur: “Araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundestaqın deputatı və erməni lobbi təşkilatı olan Almaniya Ermənistan Formunun təsisçisi Albert Vaylerdir. Bu həmin vaylerdir ki, Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Ölkəmiz tərəfindən onun səfərinə icazə verilmədi”.

E. Aşırlı söyləyib ki, hazırda həmin şəxsin adı Almaniyada həbs olunan erməni mafiyası ilə əlaqələrdə hallanır: “Düşünürəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniya vətəndaşlarının erməni mafiyası ilə əlaqələri həmin ölkənin təkcə mətbuatı tərəfindən deyil, həmçinin xüsusi xidmət orqanları tərəfindən də köklü surətdə araşdırılacaq. Təsadüfi deyil ki, Ermənistan mafiyası bu gün Avropanın aparcı ölkələrində, o cümlədən Almaniyada ağır cinayət əməlləri ilə məşğul olaraq bu dövlətlərin təhlükəsizliyini təhdid edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə