“Belə getsə, xalqa Paşinyanı öz illüziyalarından xilas etmək lazım gələcək” ARMENİANREPORT

“Yoxsulluq inqilaba, inqilab isə yoxsulluğa doğru aparır”. SİA-nın məlumatına görə, məhz fransız klassiki Viktor Hüqonun bu fikirləri ilə Armenianreport saytının siyasi analitiki Tevos Arşakyan erməni xalqının ötən 6 ayda Nikol Paşinyandan gözləntiləri barədə yazdığı pessimist məqaləsində qeyd edib və bu gözləntilərin heç də reallaşmadığını bildirib. “Küçədə XXI əsrdir və biz heç də Fransada deyil, əksinə, postinqilabçı Ermənistanında yaşayırıq. Lakin fransız klassikinin bu sözləri bizim reallığa çox uyğundur”, deyə qeyd edən erməni müəllif daha sonra yazır: “Bəs biz Nikol Paşinyanın etirazçı hərəkatı naminə küçələrə çıxarkən nəyə ümid edirdik? İlk növbədə Serj Sarkisyan rejiminin xalqı və ölkəni dirədiyi yoxsulluq dalanından canımızı qurtarmaq üçün. Lakin biz “ədalət və zəfər inqilabının” üzərindən keçən 6 aydan sonra bütün bunların əvəzinə nə qazandıq? Doğrudur – elə həmin yoxsulluğu ki, ondan qurtulacağımıza inanırdıq. Hələ bu da azmış kimi, erməni xalqının ümid etdiyi insan bu gün öz illüziyalarının əsiridir və ümumiyyətlə, ölkədəki vəziyyət barədə informasiyaya malik deyil. Özünüz nəticə çıxarın dəyərli oxucular...”

“Onun sözlərinə görə, Ermənistanda işsizlik və iş yerlərinin olmaması barədə çox danışırlar, demə, gerçəklikdə iş əlindən tərpənmək belə olmurmuş...”

Beləliklə, erməni müəllif Nikol Paşinyanın verdiyi vədlərinin heç birinə əməl etmədiyini qeyd edir və bununla yanaşı, digər məqamlara toxunur. SİTAT: “Kənd təsərrüfatı nazirliyinin aparatına nazir vəzifəsini müvəqqəti icra edən Geqam Gevorkyanı təqdim edərkən, Nikol Paşinyan özünü geniş və əhatəli ifadələrə buraxdı və sən demə, ölkədəki vəziyyət heç də pis deyilmiş, sadəcə xalq işləmək istəmirmiş. Onun sözlərinə görə, Ermənistanda işsizlik və iş yerlərinin olmaması barədə çox danışırlar, demə, gerçəklikdə iş əlindən tərpənmək belə olmurmuş...”

“Paşinyan bu kimi axmaq fikirlər barədə danışarkən”

“Bu gün bizim ölkədə minlərlə vakansiyalar var, işləmək üçün sonsuz mühit mövcuddur, hansı ki, istifadə olunmur. Biz, bu ismarıcı çox dəqiq şəkildə vətəndaşlarımıza çatdırmalıyıq, çünki ölkədə sosial-iqtisadi problemlər kifayət qədərdir və biz bütün problemlərin hökumətin həll etməli olması ətrafındakı düşüncələrdən kənara çıxmalıyıq”, Paşinyanın sitatını gətirən jurnalist buna cavab olaraq yazıb: “Burada, anlaşılmazlıq yaranır. Bu kimi axmaq fikirlər barədə danışarkən, yəni bizləri işləmək istəməməkdə, tənbəllikdə ittiham edən fikirləri səsləndirərkən, ya Paşinyana doğru məlumatlar verilmir, ya da onun özü mövcud vəziyyətə, informasiyalara sahib ola bilmir. Halbuki, məsələ bizdə deyil. O, hansı minlərlə vakansiyadan danışır ki, Beynəlxalq əmək təşkilatının son hesablamalarına görə, Ermənistanda qadın və kişilərin işsizlik səviyyəsi dünyada ən pis həddədir...”

“Əgər ölkədə vakansiyalar varsa, bu yalnız hökumətin hesabatlarında ola bilər”

Beləliklə, faiz həddi ilə işsizlik, mühacirət və s. kimi problemləri önə sürən erməni müəllif onu da qeyd edir ki, ölkədə hər onuncu vətəndaş ac yatır və hətta minimal şəraiti belə özlərinə çox bilir. “Niyə? Ona görə ki, bu insanlar Ermənistanda özlərinə iş tapa bilmirlər. Əgər ölkədə vakansiyalar varsa, bu yalnız hökumətin hesabatlarında ola bilər”, Tevos Arşakyan yazıb.

“Bəs onda kim həmin problemləri həll etməlidir? Yad dayılarmı?”

Erməni müəllif davam edib: “Başqa sözlərlə, Ermənistanda siyasi dəyişikliklər iqtisadi cəhətdən müsbət irəliləyişlər əldə edə bilməyib. Və bu gün biz görürük ki, hökumət yalnız illüziyalarının əsiri deyil, eyni zamanda, problemləri vətəndaşların çiyinlərinə yükləyir. Demə ki, biz hökumətin bu problemləri həll etməli olması düşüncələrindən kənara çıxmalıymışıq. Bəs onda kim həmin problemləri həll etməlidir? Yad dayılarmı?”

“Yoxsulluqdan qaçarkən, yenə ora getdik düşdük”

Erməni siyasi analitiki öz yazısında bir damla da olsa, Respublika partiyasının tərəfdarı olmadığını xüsusilə qeyd edib və belə bir iddia da irəli sürüb ki, Paşinyan yarım il ərzində öz siyasi rəqiblərinə qarşı müqavimət göstərmək üçün hakimiyyətini möhkəmləndirməklə məşğul olub: “İnsanlar ondan iqtisadi artıma səbəb olacaq islahatlar, sərmayə bumu, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması kimi addımları gözləyirdi. Ancaq biz bunların heç birini görmədik. Yoxsulluqdan qaçarkən, yenə ora getdik düşdük. Çox inanmaq istərdik ki, bu müvəqqətidir. Əks halda, xalq Paşinyanı xilas etməli olacaq. Əsirlikdən və illüziyalarından...”

Rövşən RƏSULOV



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...