ABŞ səfirinin etirafı Ermənistanın ikiüzlü siyasətinin ifşasıdır TƏHLİL

Riçard Millz Ermənistanın təcavüzkar, işğalçı siyasət apardığını bütün dünyaya bəyan etdi və açıb göstərdi

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması həmin ölkədə təəccüblə qarşılanıb və işğal olunmuş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması reallaşdırılmadan münaqişənin həllinə nail olmaq mümkün deyil fikri nəzərəçarpacaq dərəcədə rezonans doğurub. Əslində, ABŞ səfirinin belə bir fikir səsləndirməsi Qarabağın birmənalı şəkildə Azərbaycana məxsus olmasını, eyni zamanda Azərbaycana məxsus həmin ərazilərin ermənilər tərəfindən işğala məruz qalmasını təsdiqləməsi və bunu etiraf etməsidir.

Səfirin belə bir fikir səsləndirməsi işğalçı ölkədə müzakirələrə səbəb olub və işğalçıların bundan narahatlığı da başadüşüləndir. Çünki, bu fikirlərin təkcə Millz deyil, Amerikaya aid olduğunun fərqindədirlər. Doğrudur, ABŞ əvvəldən də çox yaxşı bilirdi ki, bu torpaqlar Azərbaycana məxsusdur və erməni işğalına məruz qalıb. Lakin, səfirin bu şəkildə fikir səsləndirməsi ermənilər üçün gözlənilməz oldu. Ona görə gözlənilməz oldu ki, ermənilər ABŞ tərəfdən az qala arxayın idilər və heç zaman onların əleyhinə mövqe sərgiləyəcəyini ağıllarına belə gətirmirdilər. Ağıllarına belə gətirmirdilər ki, ABŞ Ermənistan hakimiyyətinin təmsilçiləri, hətta qondarma Artsaxın nümayəndələri ilə pərdəarxası oyunlar apardıqdan sonra belə bir şəkildə etiraf edə bilər. Ancaq nəzərə almaq lazım idi ki, münaqişənin mahiyyətini, torpaqların Azərbaycana məxsus olduğunu, işğalın isə Ermənistan tərəfindən edildiyini əvvəlcədən bilə-bilə ABŞ bunu indiyə qədər etiraf etmirdisə, deməli, hiyləgər, ikibaşlı oyun oynayır və istənilən anda öz mövqeyini dəyişə də bilər.

Etiraf olundu ki, torpaqlar geri qaytarılmazsa münqişənin həlli mümkünsüzdür

ABŞ bu vaxta qədər bildiyi, amma etiraf etmədiyi həqiqətlərin indi səfirin dilindən səsləndirilməsi əslində Ermənistanın da apardığı ikiüzlü siyasətin ifşası anlamına gəlir. Çünki, Millz bu fikirlərlə Ermənistanın təcavüzkar, işğalçı siyasət apardığını bütün dünyaya bəyan etdi və açıb göstərdi. Açıb göstərdi ki, həqiqətən də torpaqlar Azərbaycana məxsusdur və ermənilər tərəfindən işğl olunub. Bir də bəyan etdi ki, ermənilər bu torpaqların sahiblərinə qaytarılması barədə heç düşünmürlər də və belə olan halda, yəni torpaqlar geri qaytarılmazsa münqişənin həlli tamamilə mümkünsüzdür.

Dağlıq Qarabağ məsələsinin ortaya atılmasında, münqaişənin qızışdırılmasında ABŞ-dakı erməni diasporunun da rolunu inkar etmək olmaz və bu müddət ərzində də həmin diasporun təsirləri də danılmazdır. Məhz bu təsirlər səbəbindən bu vaxta qədər ABŞ-da Ermənistanın mövqeyi müdafiə edilir, ikili standartlar tətbiq edilir, Azərbaycanın həqiqətləri etiraf edilmir. İndi erməni cəmiyyətini təəccüb içində qoyan da, hətta narahat edən də məhz budur ki, Amerika istənilən anda səfirin dili ilə deyil, daha mötəbər bir müstəvidə, daha sərt şəkildə bunu bəyan edə bilər.

Riçard Millzin təmsil etdiyi həmsədr ölkə münaqişə ilə əlaqədar bu vaxta qədər nə iş görüb?

Maraqlıdır, Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsini rəsmi Vaşinqton bilə-bilə bu vaxta qədər bunu dilə gətirmir və birdən birə bunu ABŞ səfiri səsləndirirsə, hətta erməni cəmiyyəti bu münaqişənin həllini düşünmür belə deyirsə, o zaman Millzin təmsil etdiyi həmsədr ölkə bu vaxta qədər hansı missiya və nə ilə məşğul olub? Əgər həmsədr ölkə nə az, nə çox 25 ildən çox müddətdə münaqişəni həll etmək bir tərəfə, işğalçı dövlətə mənsub cəmiyyəti bu münaqişə ilə bağlı düşünməyə belə sövq edə bilməyibsə hansı fəaliyyətdən danışmağa dəyər? Doğrudur, səfir Riçard Millz Azərbaycan həqiqətlərini söyləyib, işğalçı cəmiyyətin haqsız və günahkar olduğunu ifşa edib. Amma bu səfirdən soruşmaq yerinə düşərdi ki, bu zamana, bu məqama qədər niyə həmin fikirlər söylənilmirdi və Ermənistanda torpaqları qaytarmaqla bağlı düşüncə yoxdursa, bu kimin günahıdır? Bu düşüncəni formalaşdırmağa mükəlləf olan həmsədr ölkələr deyildimi və təmsil etdiyi dövlət bu çağa qədər hansı missiya üzərində işləyib?

Digər bir maraqlı məqam da diqqəti cəlb edir, və görəsən bu vaxta qədər səsləndirmədiyi bəyanatla indi niyə çıxış edir? Belə bir bəyanat hardan qaynaqlandı və bunu labüd edən nə oldu? Təbii ki, bu vaxta qədər erməni lobbisinin, məhz ABŞ-dakı erməni diasporunun təsirinə düşənlərin birdən-birə belə bir mövqe sərgiləməsi bir çox suallar doğurur. Sözsüz ki, Amerika kimi dünyanın fövqəl dövlətinin mövqeyində olan dəyişiklik heç də təsadüfi deyil. Son zamanlar münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində rəsmi Moskvanın fəallığı görünür Vaşinqtonun diqqətini cəlb edib. Onsuz da ölkəmizin haqlı tərəf kimi ədalətli mövqeyi sonsuza qədər inkar edilə bilməz və bu münaqişənin bir sonu, yekunda hüquqi qiyməti də olacaq. Artıq hadisələrin gedişi, ələlxüsus digər fövqəl dövlət olan Rusiyanın da məsələlərə biganə qalmaması, hətta yaxından iştirakı deyəsən ABŞ-ı yuxudan ayıldıb və indi özünü ən demokratik ölkə kimi göstərmək istəyən Amerika da proseslərdən kənarda qalmaq istəmir. Səfir Riçard Millzin bəyanatı ilə bir növ proseslərə qatılmaq kimi bir görüntü yaradır.

ABŞ-ı maraqlandıran status və bölgədə mövqeyini təmin etməkdir

Təbii ki, ABŞ səfiri özü də yaxşı başa düşür ki, anoloji sual ona da ünvanlana bilər və bu qəfil bəyanat cəmiyyətin diqqətini çəkəcək. Niyə onun bu bəyanatı indi verməsinə, daha dəqiq desək mövqeyini tamamilə dəyişməsinə sözsüz ki, cəmiyyətdə sual doğuran məqamlar olduğunu çox gözəl başa düşən və buna aydınlıq gətirməyə çalışan Riçard Millz, əvvəllər ermənilərin əraziləri işğal etməsində məqsədlərinin torpaqları qaytarmaq əvəzinə Dağlıq Qarabağın statusu taktikasını seçəcəklərini düşündüyünü deyir və qeyd edir ki, ermnilər heç bunu da istəmirlər. Bir sözlə, Millz ermənilərin onun bildiyi, təxmin etdiyi senaridən kənara çıması səbəbindən belə bir bəyanat verməli olub. Səfirin sözündən belə çıxır ki, təmsil etdiyi dövlətin mövqeyi əvvəlcədən bəlli olub və ABŞ gözləyirdi ki, Ermnilər torpaqları işğal etsin, sonra da torpaqların qaytarılması müqabilində guya ki, almalı olacağı statusu da Amerika tanısın. R.Millz az qala bu çirkin oyunu rəsmən etiraf edir və ABŞ-ın ikiüzlü siyasəti ortaya çıxır. Bəlli olur ki, ABŞ-ı maraqlandıran yalnız status məsələsidir ki, bununla da xidmətləri müqabilində bölgədə mövqeyini təmin etmək niyyəti güdülür.

Heç bir dövlət, heç bir qurum Azərbaycana şərt qoya bilməz və Dağlıq Qarabağa status verilməsi ağıla sığan deyil

Doğrudur, Ermənistanın torpaqlarımızı qaytarması müqabilində nə ABŞ, nə də heç bir dövlət, heç bir qurum Azərbaycanın qarşısında şərt qoya bilməz. Buna kimsənin nə hüquqi nə də mənəvi ixtiyarı çatmaz. Amma ABŞ yəqin ki, bu vaxta qədər güman edib ki, Azərbaycan torpaqların qaytarılması müqabilində hər bir şərtlə, istənilən statusun verilməsi ilə razılaşacaq. Lakin əsl həqiqət odur ki, bu gün ölkəmizin siyasi, iqtisadi, hərbi sahədə inkişafı, əldə etdiyi uğurlar, ələlxüsus, Rusiya və Türkiyə kimi əməkdaşlıq etdiyi fövqəl dövlətlərlə əlaqələrinin artması, həmin dövlətlərin ölkəmizin mövqelərini dəstəkləməsi ABŞ-ın diqqətindən yayınmayıb. Diqqətindən yayınmayıb ki, artıq Azərbaycan istənilən halda, hətta hərbi yolla da torpaqlarını geri qaytarmaq iqtidarındadır və heç bir şərtlə razılaşmağa ehtiyac duymur.

Təkcə ABŞ yox, bütün dünya dövlətləri çox yaxşı başa düşür ki, ölkəmizin potensial imkanları işğalçı dövlətin imkanlarından müqaisəolunmaz dərəcədə artıqdır və onsuz da qarşı tərəf bununla hesablaşmaq məcburiyyətindədir. İndi heç bir dünya ölkəsi, beynəlxalq təşkilat, heç bir güc, qüvvə üçün, eləcə də ABŞ səfiri Riçard Millz üçün sirr deyil ki, Azərbaycan artıq öz həqiqətlərini, hüquqlarını tələb etmək, öz şərtlərini diktə etmək əzmindədir və ölkəmizin Dağlıq Qarabağa status verilməsi kimi hərhansı şərtlə razılaşacağı ağıla sığan deyil. Məhz bu səbəbdən bir vaxtlar erməni lobbisinin, erməni diasporunun maraqlarını müdafiə edən dövlətlər, qurumlar belə indi bu mövqeyin əksini nümayiş etdirmək məcburiyyətindədirlər. Bütün bunları şərtləndirən isə Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə uğurları, nailiyyətləri, ölkədə aparılan məqsədyönlü siyasətdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə